Главная > Islam > İmam Hüseynin (ə) öz dilindən qiyamının hədəfləri

İmam Hüseynin (ə) öz dilindən qiyamının hədəfləri


12-10-2017, 18:05.

                         İmam Hüseynin (ə) öz dilindən qiyamının hədəfləri

Bismillahir-Rəhmanir-Rəhim. İmam Hüseynin müqəddəs qiyamı cəmiyyətdə (islam ümmətində) baş verən köklü inhiraflara görə idi. Cəmiyyətdəki inhiraflar İslam hökümətindəki inhiraflardan doğdu. Həzrət Peyğəmbərin (s) qurduğu islam hökuməti öz əsil yolundan çıxıb, Əməvilərin islam əleyhinə qurduğu partiyanın əlinə keçmişdi. Tarixi sənədlər də isbat edir ki, bu partiyanın başçıları İslam dininə və onun üsuluna (üsulid-dinə inanmırdılar) heç bir etiqadları yox idi [Əl-Dərəcatur-rəfiə, səh 243; Şərhi nəhcül-bəlağə, 8-ci cild, səh 257].

Böyük Qureyş tayfasının içərisindəki qəbilələrdən Bəni Haşim və Bəni Üməyyə arasında hələ keçmişdən ixtilaflar var idi [Şərhi Nəhcül-bəlağə, 9-cu cild, səh 53]. İslam dininin meydana çıxması və həzrət Peyğəmbərin (s) qüdrətə çatması ilə Bəni Haşim qəbiləsi Bəni Üməyyə qəbiləsinə qalib gəldi. İkinci xəlifənin dövründə Müaviyə ikinci xəlifə tərəfindən Şamda hökumət etmək üçün təyin edildi. Beş il belə davam etdi. Osmanın xilafət dövründə də (12 il) Müaviyə Şamda hakim idi. O Şamın hakimi olduğu müddətdə gələcəkdə xəlifə olmaq üçün bütün imkanlardan istifadə edirdi (öz gələcək hakimiyyətinə zəmin yaradırdı). Osman xilafətindən sonra Müaviyə Şamın güclü hakimiydi və Mədinədə əsas qərarları o verirdi, həqiqətdə Mədinənin rəsmi xəlifəsinə çevrilmişdi. Hicri təqvimi ilə 40-cı ildən başlayaraq islam hökuməti və islam ümmətinin müqəddəratı bu partiyanın əlində keçdi. Müaviyə 20 il hökumət etdi. Onun ölümündən bilafasilə sonra oğlu Yəzid hakimiyyətə gəldi. İslam bayrağı altında "yeni cahiliyyət" dövrü başladı.

İmam Hüseyn (ə) belə faciənin müqabilində sükut edə bilməzdi. Məsuliyyət hissi imamı vadar etdi ki, mövcud vəziyyətə etiraz və müxalifət etsin. İmam Hüseyndən bizə çatan məktublar, sözlər və digər sənədlərə açıq-aşkar göstərir ki, imam Hüseynin (ə) fikirincə müsəlmanların rəhbərində xüsusi sifətlər və xislətlər olmalıdır ki, onların heç biri Əməvilərdə yox idi. Ən böyük fəsad bundan ibarət idi ki, islam xilafəti, həzrət Peyğəmbərin (s) kürsüsünü fasid və nalayiq şəxslər zəbt etmişdi. Onların hakimiyyətinin acı və pis nəticələri hər şeyi viran etmişdi. Bu barədə imam Hüseynin öz dilindən neçə nümunəni qeyd edirik:

Müsəlmanların rəhbərinin xüsusiyyətləri

1-İmam Hüseynə (ə) Yəzidə beyət etmək üçün təzyiqlər Mədinə şəhərindən başladı. Vəlid imama Yəzidin beyətini təklif etdi. İmam onun cavabında buyurdu: "Müsəlmanlar Yəzid kimi şəxsin hökumətinə giriftar olublarsa islamın fatihəsini oxumaq lazımdır" [Əl-Lühuf, səh 11].

2-İmam Hüseyn (ə) Kufəlilərin məktubunun cavabında buyurub: "Müsəlmanların rəhbəri o şəxsdir ki, Allahın kitabına əməl etsin, ədalətli davransın, haqqa itaət

etsin və bütün varlığı ilə Allahın əmrlərinə tabe olsun. [Tarixul-üməmi vəl-muluk, 6-cı cild, səh 196].

3-İmam Hüseyn (ə) İraqa gedərkən "Biyzə" adlı şəxsin evində Hürrə xitab etdi, bir xütbə oxuyub qiyamının hədəflərini açıqladı:"Ey camaat! Həzrət Peyğəmbər (s) buyurub: Allahın halalını haram, haramını halal sayan, Allahın əhdini sındıran, Peyğəmbərin sünnəsilə müxalif olan, Allahın bəndələri arasında günah, məsiyət və düşmənçilik yolunu seçən zalım hakimi görən hər bir müsəlman onun etdikləri müqabilində dili və əməli ilə müxalifət etməzsə Allah həmin zalım hakimin günahını (əzabını) o sükut edən şəxsə də yazar. Onun günahına şərik edər. Ey camaat! Agah olun ki, (Bəni üməyyə) Allahın itaətini tərk edib, şeytana tabe olmuşlar. Fəsadı yaymaqdadırlar. Allahın hökümlərini icra etmirlər... Mən camaatın hidayəti, müsəlmanların rəhbərliyi, bu fəsadların əleyhinə qiyam etməyə və babam Peyğəmbərin dinini ehya etməyə başqalarından daha çox layiqəm (uyğunam)" [Əl-Kamil fit-tarix, 4-cü cild, səh 48].

İmam Hüseyn (ə) Bəni üməyyə hakimiyyətinin bəzi fəsadlarından danışdı. İslam ümmətini əhatə edən fəsadlar və o fəsadların camaata etdiyi mənfi təsirlərdən danışdı. O fəsadların bəzilərinə işarə olunur:

Sünnətlərin məhvi və bidətlərin rəvacı:

İmam Hüseyn (ə) Məkkəyə daxil olduqdan sonra Bəsrədəki qəbilə başçılarına yazdığı məktubda buyurur: "Bu məktub vasitəsilə sizə sözlərimi deyirəm. Sizi Allahın kitabına və Peyğəmbərin sünnəsinə dəvət edirəm. Çünki, elə bir şəraitdəyik ki, peyğəmbərin sünnəsi aradam gedib, onun yerinə bidətlər yaranıb. Əgər məni sözlərimi eşitsəniz sizi düz yola hidayət edəcəm..." [həmin mənbə, səh 200]. Artıq haqqa əməl olunmur:

İmam Hüseyn (ə) İraqa gedəndə Zi Həsm adlı şəxsin evində öz dostları və tərəfdarları arasında ayağa qalxdı və xütbə oxudu: "Baş verənləri görürsünüz. Zaman dəyişib. Pisliklər üzə çıxıb, yaxşılıqlar və fəzilətlər yoxa çıxıb. Fəzilətlərdən məhz qabın dibində qalan su qətrələri qədər qalıb. Camaatın yaşam tərzi çox aşağı səviyyədədir. Camaat zilləti (xar olmağı) qəbul etmək məcburiyyətindədir... Haqqa əməl olunmadığını görmürsünüzmü?! Batildən çəkinmirlər! Belə bir vəziyyətdə yeri var ki, bir imanlı şəxs (canından keçib) Allahı mülaqat etmək arzusunda olsun. Belə bir fəsada bulaşan zillətli mühitdə ölümü səadət, zalımlarla

yaşamağı isə əzab və bədbəxtlikdən başqa bir şey saymıram..." [həmin mənbə, səh 239].

Dinin mahiyyəti dəyişib (məsx olub):

Əməvi hakimlərinin hakimiyyəti və islam əleyhinə icra etdikləri siyasət camaatın dini huviyyətini məsx etdi, mənəvi dəyərləri aradan qaldırdı. İmam Hüseyn (ə) söhbətinin davamında buyurur: "Camaat dünyanın bəndəsidir. Dinə bağlılıqları zahirdədir və dildə dindən danışırlar. Maddi həyatları yaxşı olduğu müddətdə dinin ətrafındadırlar. Elə ki, başlarına bir uş gəldi, onlara müsibət və bəla üz verdi və sınağa çəkildilər, dindarlar azlıq təşkil edir.

İmam Hüseynin qiyamının əbədi mesajı:

İmam Hüseynin (ə) qiyamı məhz o zamana məxsus deyil. İmamın mesajı əbədidir. Dünya durduqca var və zaman və məkanın fövqündədir. Hər cəmiyyətdə haqqa əməl olunmazsa, batildən çəkinməzsələr, sünnətlər məhv olub, yerini bidətlər doldurarsa, Allahın hökümləri dəyişilərsə (təhrif olarsa), hakimlər zorla və zülmlə camaatla rəftar edərlərsə, "cahiliyyət" xüsusiyyətləri hansı cəmiyyətdə olarsa o cəmiyyət Yəzid cəmiyyətidir. Fəsadlarına qarşı çıxmaq, mübarizə və müxalifət etmək Hüseynə aid iş olacaqdır.

Mənbə: Rəhtuşeyi rahiyane nur, 79, səh 287.

Müəllif: Rizayı Bircəndi.

Hazırladı və tərcümə etdi: Ə. Pərvanə.

 

"ULUYOL"

 


Вернуться назад