Avropa Şurasının baş katibi Əli İnsanova məktub ünvanlayıb
Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan
keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib.
Bu barədə keçmiş nazirin vəkili Toğrul Babayev Amerikanın
Səsinə məlumat verib.
Vəkilin bildirdiyinə görə, Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin
daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa
İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti Məhkəmənin Əli
İnsanovla bağlı qərarın icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa
Şurası baş katibini məlumatlandırır.
"Baş katib Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də
nəzarətə götürdüyünü bildirib", vəkil Yaqlandın məktubuna istinadən deyib.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs
olunub. Sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə
göndərilib və ona 11 il həbs verilib.
2016-cı ilin oktyabrında həbs müddətinin bitməsinə 56 gün qalmış keçmiş nazirə
narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə
zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində
Bakının Qaradağ rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. Bakı
Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanovun birinci iş üzrə ədalətsiz şəkildə
cəzalandırılması barədə qərar qəbul edib. Amma təkrar istintaq zamanı ittiham
qüvvədə saxlanılıb.
Вернуться назад
|