Главная > Baş Xəbər / Dünya > Ofşorlar əleyhinə qlobal petisiya başladıldı

Ofşorlar əleyhinə qlobal petisiya başladıldı


11-11-2017, 09:45.

                                Ofşorlar əleyhinə qlobal petisiya başladıldı

 

Böyük Britaniyanın sabiq baş naziri "cənnət vadiləri”nə qarşı kampaniyaya start verdi

Ofşor ərazilərdəki vergi rejimlərinin dünya iqtisadiyyatındakı nəhəng payını göstərən "Cənnət sənədləri” beynəlxalq səviyyədə bu "vergi oazisləri”nə qarşı mübarizə çağırışlarını aktivləşdirib. Belə ki, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braunun çağırışı ilə bütün dünyada ofşorların qanundankənar elan edilməsi üçün petisiya başladılıb.

Q.Braunun petisiya ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışında bildirilir ki, hələ 2009-cu ildə - qlobal maliyyə böhranı baş verən zaman "Böyük iyirmilik” Londonda və Pittsburqda toplaşanda ofşorların dünya iqtisadiyyatına yaratdığı təhlükə geniş müzakirə olunub: "O zaman Böyük Britaniyanın baş naziri olaraq mən dünya ofşor sisteminin aradan qaldırılmasına çalışdım. Lakin mətbuata sızan ”Cənnət sənədləri" göstərir ki, trilyonlarla vəsaitlər dünya iqtisadiyyatının "kölgəli” yerlərində vergidən yayındırılır. İnsanların səhiyyə, təhsil, cəmiyyətin ən həssas təbəqələrinin saxlanması üçün ödəniş etdiyi bir vaxtda varlıların kənarda qalması müasir dünyanın ən böyük ədalətsizliklərindən biridir."

Britaniyanın sabiq baş naziri daha sonra hazırda ofşorların fəaliyyətini qanundankənar elan edərək, vergidən yayınanlarla bağlı sərt cəzaların tətbiq olunması üçün şans yarandığını qeyd edir. Onun fikrincə, bu işi dünyanın ən böyük iqtisadiyyatlarına malik dövlətlərin- "Böyük iyirmilik” üzvlərinin rəhbərləri reallaşdıra bilərlər. Q.Braun bəyan edir ki, "Böyük iyirmiliy”ə rəhbərlik edən Argentina prezidenti Maurisiya Makruya ünvanlanan petisiya lazım olan 1 milyon səsi toplayarsa, onu şəxsən ünvanına çatdıracaq: "Böyük iyirmilik” üzvləri bu problemin həllinə görə məsuliyyət daşıyırlar və onlarda ofşor zonalarını öz qaydalarını dəyişməyə məcbur etmək istiqamətində açıq irəliləyiş hiss olunur. "Cənnət sənədləri” bizə qəti uğur qazanmağımız üçün şans verib. Bu skandal qarşımızda dayanan ən böyük problemlərdən birini həll etmək imkanı yaradır. Gəlin onu əldən verməyək".

M.Makru və "Böyük iyirmiliy”in bütün liderlərinə ünvanlanan petisiyada qeyd olunur ki, cəmi 8 nəfərin dünyadakı var-dövlətin yarısına sahib olması qlobal qeyri-bərabərliyin ən dəhşətli göstəricisidir:"Trilyon dollarla vəsaitin ofşorlarda gizlədilməsinə şərait yaradan vergi sığınacaqları bu qeyri-bərabərliyin daha da dərinləşməsinə gətirib çıxarır. Nəticədə varlılar daha da varlanır, qalan insanlar isə ödəniş etməyə məcbur olur.

Səkkiz il əvvəl "Böyük iyirmilik” sammitində belə ərazilərin ləğvi ilə bağlı razılaşma əldə olunmuşdu. Bu razılaşmanın həyata keçirilməsi vaxtı gəlib çatıb. Biz sizləri ofşorların bağlanması və onlardan bəhrələlənlərin məsuliyyətə cəlb olunması üçün təcili addımlar atmağa çağırırıq.

Heç kimə cəmiyyətin inkişafı üçün vergilərin ödənməsi məsuliyyətindən yayınmaq imkanı verilməməlidir. Buna nail olmağa Siz cavabdehsiniz. Dünya vətəndaşları olaraq, biz hərəkətə keçilməsini tələb edirik".

Qeyd edək ki, petisiya 44 milyon üzvü olan avaaz.org vasitəsilə yayılıb. İki gün ərzində ona qoşulanların sayı 500 min nəfəri keçib.

DÜNYA, musavat.com

 


Вернуться назад