Qazidən Siyavuş Novruzovun dediklərinə reaksiya -90
min yox, 49 min veteran var
Rey Kərimoğlu: "Eləsi var ki, telefon və ya işıq dirəyi
basdırıb, cibində veteran vəsiqəsi gəzdirir”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun "Yeni Müsavat”a verdiyi
müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurub.
Deputatların maaşlarının artırılması ilə bağlı gündəmə gələn YAP funksioneri
fikirlərinə aydınlıq gətirmək üçün qəzetimizə açıqlamasında Azərbaycanda 90 min
nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirdiyini bildirib.
Onun fikirləri birmənalı qarşılanmamaqla yanaşı, saxta müharibə veteranı
statusu qazananların məsələsini bir daha gündəmə gətirib.
Deputatın müzakirələrə səbəb olan açıqlamasını təqdim edirik: "Azərbaycanda
müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda
Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma
bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt
batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını
yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.
Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min
müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.
"Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu dedi
ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə,
Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin (DTX) tərkibində olan döyüşçülər
daxildir: "Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun
günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində
olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya
hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə
veteranlarının sayında şişirdilmə var. Dəfələrlə bununla bağlı müraciətlər
etmişik. Hətta cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə
başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada
da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda
qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı
statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır.
Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu
təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi.
Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə
yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının
boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar.
Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ
qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq
yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər
yaranır. Siyavuş müəllimin Əfqanıstan müharibəsinin iştirakçıları barədə dediklərinə
nəsə deyə bilmərəm. Bilmirəm ki, sovet qoşunlarından orada nə qədər iştirak
edib. 49 min müharibə veteranının içərisində bir neçə mini şişirdilmə ola bilər.
Onun hamısı haqqında da eyni sözü demək olmaz. Lap beş mini şişirdilmə ola bilər,
amma yerdə qalanları döyüşüblər axı. 12 min civarında Qarabağ əlilli var, ondan
da bir az çox şəhid ailəsi var. Bütövlükdə hesablayanda döyüşçülərin sayını təxmini
60 min rəqəmində qeyd etmək olar. Veteran statusunu və digər arayışları verən
Siyavuş müəllimin təmsilçisi olduğu iqtidarın qurumlarıdır. Həqiqi döyüşən
insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər. Siyavuş Novruzov
məsələyə toxunmaq istəyib, lakin rəqəmləri qarışdırıb. Biz ”Qarabağ Qazilər"
Birliyi və eləcə də, digər təşkilatlar səviyyəsində bir neçə dəfə onunla
görüşmüşük. Siyavuş müəllim ictimai birliklər, veteran təşkilatları üzrə Milli
Məclisdə fəaliyyət göstərən komissiyadadır. Biz görüşlərdə hər kəsə aid olan məsələni
daim qaldırmışıq. O vaxt veteranlar üçün qaz, işıq, suda nəzərdə tutulan güzəştlər
ləğv ediləndə müavinət təyin edildi. Görüşdə bunun artırılmasının vacibliyi də
önə çəkildi. Siyavuş müəllim çox güman ki, bu insanlara dəstək naminə bu fikirləri
deyib, lakin rəsmi rəqəm 90 min deyil. Görünür ona kimsə rəqəmləri bu şəkildə
verib. Bunu aidiyyəti qurumlardan da öyrənə bilərsiniz".
R.Kərimoğlu döyüşlərdə az insanın iştirakından da söz açdı: "Ümumiyyətlə,
Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma
cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da
veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən
30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər
rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar
da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub.
Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə
xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq
qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində
telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir.
Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı
olmalıdır. Döyüşən və arxa cəbhədə xidmət edənlər bilinsin”.
Cavanşir ABBASLI, musavat.com
Вернуться назад
|