Главная > Araşdırma > 13 rəqəmi – qorxunun, yoxsa uğurun müjdəçisi

13 rəqəmi – qorxunun, yoxsa uğurun müjdəçisi


18-11-2017, 12:35.

                          13 rəqəmi – qorxunun, yoxsa uğurun müjdəçisi

Dini ekspert: "İslamda hansısa rəqəmin və ya günün nəhs və ya düşərsiz olması anlayışı yoxdur, çünki...”

Azərbaycanda hələ də 13 rəqəmi ilə bağlı bir qorxu, müxtəlif fikirlər var. Bəzi insanlar ayın 13-də toy etməkdən, səfərə çıxmaqdan, ciddi işlər görməkdən çəkinir, planlarını təxirə salır. Maraqlıdır ki, ölkədə 13 rəqəmli maşın seriyası da yoxdur.

Mövzu ilə bağlı DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamalarının birində demişdi: "Elə insanlar var ki, toya gedəndə 13-cü masada əyləşmək istəmir. Elə insanlar da var ki, belə məqamlara əhəmiyyət vermir. Əlbəttə, sıra ilə gələndə 13 rəqəmli seriya hansısa bir rayona düşə və o rayonun sakinləri arasında narazılıqlar da ola bilərdi. Qeyd etdiyim kimi, 13 rəqəmi ilə bağlı əhali arasında müxtəlif fikirlər var. Dövlət Yol Polisi İdarəsi tərəfindən əhalinin bu fikirlərini nəzərə alaraq 13 rəqəmi ilə başlayan nömrə nişanlar verilmir”.

Maraqlıdır, bəs 13 rəqəm xofu haradan yaranıb? Bununla bağlı internet resuslarında kiçik araşdırma apardıq.

Öncə onu qeyd edək ki, orta əsrlərdə bu rəqəmi dilə gətirmək qadağan olunub. Deyilənə görə, hər ayın 13-də cadugərlər bir yerə yığışırmış. Toplantıda isə 12 cadugər olurmuş, 13-cü isə guya İblisdir. Buna görə də nəhs hesab edilən bu rəqəmə "İblisin rəqəmi” də deyilir. Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxarıb və onlar Cənnətdən qovulublar. Buna görə də 13 rəqəminin nəhs adlandırılmasını xristianlıq dini ilə bağlayanlar da var. İddialara görə, İsa Peyğəmbər ayın 13-ü, cümə günü çarmıxa çəkilib. Bundan başqa xristianlıqda 13 rəqəmi satqınçılıq kimi qəbul edilib.

Xüsusən də Qərb ölkələrində də 13 rəqəmi ilə bağlı qorxu var. ABŞ-da 13 rəqəmli avtobus, vaqon, trolleybus, tramvay yoxdur. Təyyarələrdə, otellərdə 12-ci otaqdan sonra 14-cü nömrə gəlir. İngiltərədə isə 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kurs də qoyulur, ona maneken əyləşdirilir, hətta qarşısına yemək, içki də qoyulur. "Formula-1" yarışlarında isə heç vaxt 13 rəqəmli avtomobil olmur.

Britaniya həkimlərinin iddialarına görə isə cümə günü ayın 13-nə təsadüf edəndə həmin gün xəstələrin sayı dəfələrlə çox olur, aparılan əməliyyatlar əksərən uğursuz keçir. Xəstələrdə qəribə hallar olur, onlar narkozdan gec ayılırlar və sairə. Bu səbəbdən cərrahlar maksimum çalışırlar ki, "qorxulu gün”ə əməliyyat salınmasın. Almaniyada yol qəzalarının statistikasını aparan şirkətin gəldiyi qənaətə görə, "qara cümə”də yol qəzalarının sayı 60 faiz artır və bu gün baş verən qəzalarda insan ölümləri də çox olur. Ona görə xristianlarda cümə günü uzaq səfərə çıxmaq münasib sayılmır. Polislər də digər günlərə nisbətən cümə günündə kriminal hadisələrin artdığını deyirlər.

Yəhudilərin əlifba sırasındakı 13-cü hərf "m”-dir. Bu hərf isə "mavet” (ölüm) sözünün baş hərfidir. Bütün bunlarla yanaşı, 13 rəqəminin uğur rəmzi olduğuna inananlar da var. Məsələn, Kanadada bir maliyyə şirkətinin 13-cü mərtəbəsində işləyən 13 rəfiqə şərik olaraq lotereya oynayıb və 49.8 milyon Kanada dolları qazanıblar. Çin Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Koreya, Meksika və Səudiyyə Ərəbistanında insanlar 13 rəqəmindən qorxmur. Çin dilində 13 hətta müvəffəqiyyət qazanmaq mənasını verir. Hind panteonunda isə 13 Budda var. Meksikada da 13 rəqəminin uğur gətirdiyinə inanırlar.

Eyni zamanda ayın 13-də anadan olan bir çox məşhurlar var. Onların arasında 1979-90-cı illərdə Britaniyaya rəhbərlik etmiş, Avropanın ilk qadın baş naziri Marqaret Tetçer ("Dəmir ledi”), imperatriça Elizaveta Alekyevna, "Nobel” mükafatçısı olan alman fiziki Vilhelm Vini qeyd etmək olar.

Qeyd etdiyimiz kimi, 13 rəqəmin nəhs olmasına inanan daha çox xristian aləmidir. İslam dinində isə belə bir anlayış yoxdur və heç bir rəqəm, heç bir gün nəhs sayılmır. Dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı dedi ki, İslam dinində hansısa rəqəmin və ya günün nəhs olması və yaxud düşərsiz olması anlayışı yoxdur: "Dində öncəgörmələr qadağandır. İslam özü təslim olma, üst iradənin Allaha məxsus olması deməkdir. Və gələcəklə bağlı qərarlar, olaylar Allahın iradəsində olan bir məsələdir. 13 rəqəmi daha çox Avropa mənşəlidir və orta əsrlərdə yayılmış bir inancdır. Bu da mistik məfhumlarla bağlıdır. 13 rəqəmi İslam dinində əksinə, çox yaxşı qəbul edilir. Çünki Həzrət Əlinin doğum günü Rəcəb ayının 13-dür. Həmin gün mübarək bir gün sayılır”.

Xalidə GƏRAY, musavat.com

 


Вернуться назад