Главная > Islam > Hz. Muhəmmədin (s) siması Nəhcül-bəlağədə

Hz. Muhəmmədin (s) siması Nəhcül-bəlağədə


28-11-2017, 17:43.

Hz. Muhəmmədin (s) siması Nəhcül-bəlağədə

(1-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Allahın bəndəsi və elçisi olan peyğəmbər Onun yaratdıqları arasında seçilib, insanlara şəriət qanunlarını bəyan edilməsi üçün bəyənilib. Peyğəmbər Allahın qiymətli lütflərinə məxsus edilib və Onun gözəl xəbər və tapşırıqlarının çatdırılması üçün ən kamil insandır. Onun vasitəsi ilə hidayət və nicat nişanələri aşkar olub, korluq və azğınlıq zülmətləri işıqlanıb. Bu məsum insan Allah tərəfindən bəşəriyyətə mənəvi kamilliyin yolunu göstərmək kimi müqəddəs bir missiyanı yerinə yetirmək üçün seçilir.

Hər hansı bir insan məsum rəhbərləri vəsf edərkən bəzən mübaliğə edir. Yəni məsumları ifrat həddində mədh edir, yaxud öz həddindən az miqdarda vəsf edir. Nümunə olaraq həzrət İsanı (ə) misal çəkmək olar. Hazırda da bəzi insanlar o həzrətə Allaha olan etiqadları kimi baxırlar. Bəzi Əhli-sünnə alimləri xəlifələrin məqamı tənəzzülə uğramasın deyə Peyğəmbəri də onlar kimi müctəhid hesab edirlər. Məsum insanı məhz məsum insan layiqincə vəsf edə bilər. Buna görə də O həzrətin vəsisi və canişini olan həzrət Əlinin (ə) Peyğəmbəri (s) mədh etdiyi kəlamlarına işarə edirik: 1. Allah Rəsulunu (s) peyğəmbərliyə seçdi (çünki o böyük insanı sonuncu Peyğəmbər seçdiyini əvvəlki Peyğəmbərlərə vəd etmişdi). Peyğəmbərlərdən əhd-peyman almışdı, onun əlamət və nişanələri məşhurlaşdı. Doğulduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bidətlər, müxtəlif təriqətlər yayılmışdı... Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Allah o böyük şəxsiyyətə öz yaxşılıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. (1)

2. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (möcüzələrlə), gətirdiyi kitabla, parlaq nur və işıq saçan aydınlıqla, haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Quran ayələrilə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxudmaq üçün göndərdi. (2)

3. Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (s) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı və günahlardan çəkinib uzaqlaşmırdınız. (3)

4. Allah Həzrət Məhəmmədi (s) aralarında bir nəfər kitab oxumağı və … bacarmayan ərəblərin içinə göndərdi. (Onların arasında nə peyğəmbər, nə də kitab var idi.) Sonra o həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz və əməlləri qadağan etdi) və (onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə və həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab və narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər. (4)

5. Şəhadət veririk ki, Məhəmməd (s) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi. Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Quranı və müqəddəs imamları) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). (5)

6. Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmmədə (s) yetişdi. O həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahimdən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O həzrət bütün peyğəmbərlərdən üstündür) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə boy atmışdır. (Məkkədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki imam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (6)

7. Onun olduğu məkan (peyğəmbərlik verildiyi yer - Məkkə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədinə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq mədənlərində (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eybl və nöqsanlardan təmiz, uca) sağlam mühitlərdə (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o həzrətin vasitəsilə çoxdankı kinləri aradan qaldırdı və düşmənçilik atəşini söndürdü. (Əli (ə) ilə Salman kimi) İman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi. (7)

Allah Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri viran olmuşdur. Belə olan halda, O, haqqı aşkar edib, mötədil yolu tutmağı əmr edib, hökmləri təbliğ edib, ümməti və ardıcıllarını İlahi əzabla qorxudub öyüd-nəsihət verdi və onları müjdələyərək Behiştə dəvət etdi. Həzrət Əli (ə) buyurub: "Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yol göstərən sünnə və yoldur. (8) Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur. Yoxluğunu heç nə əvəz etməz… (9) Belə bir insan tabe olan üçün itaətə ən layiqli şəxsdir. Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir. Quran bu barədə buyurur: (Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”(10)

Sonda həzrət Əlinin (ə) Peyğəmbər (s) üçün etdiyi duaların bəzi hissələrini qeyd edirik: "Allahım! Öz rəhmət və ehsan kölgəndə onun üçün geniş bir yer aç. Ona (haqq olan elmi və maarifi yaymaq yolunda çəkdiyi əziyyətlərin müqabilində) fəzl və kərəmindən yaxşı mükafat ver. Allahım, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfi olduğu peyğəmbərlərin dinindən) uca (zəfərli) et. Onun məqamını yanında əziz et, nurunu (haqq yolda yandırdığı çırağını bütün dünya əhalisinin ondan bəhrələnməsi üçün) tamamla. Onun risalətinin mükafatı olaraq şahidliyini qəbul edilən, sözlərini bəyənilən et ki, o, düz danışan və haqla batili bir-birindən ayıran idi. Allahım! Bizlərlə onu yaşayışı gözəl, nemətləri əbədi, istəkləri bəyənilən və yerinə yetirilən, çox asayişli, gözəl ərməğan və töhfələrlə istirahət məkanı olan yerdə qovuşdur!” (11)

Əlavələr:

1- Nəhcül-bəlağə, 1-ci xütbə.

2- Nəhcül-bəlağə, 2-ci xütbə.

3- Nəhcül-bəlağə, 26-cı xütbə.

4- Nəhcül-bəlağə, 33-cü xütbə.

5- Nəhcül-bəlağə, 101-ci xütbə.

6- Nəhcül-bəlağə, 94-cü xütbə.

7- Nəhcül-bəlağə, 96-cı xütbə.

8- Nəhcül-bəlağə, 197-ci xütbə.

9- Nəhcül-bəlağə, 151-ci xütbə.

10- Ali-İmran, 30-ci ayə.

11- Nəhcül-bəlağə, 72-ci xütbə.

 

Hz. Muhəmmədin (s) siması Nəhcül-bəlağədə (2-ci hissə)


Mərhəmətli, rəhmlin Allahın adı ilə!

Allahın rəhmət və mehribanlıq elçisi, vəhyinin əmanətçisi, peyğəmbərlərin sonuncusu, cənnət müjdəçisi, əzabdan qorxudan, doğru yol bələdçisi, bəndələrin başçısı həzrət Muhəmməd (s) Quranla bütün peyğəmbərlərdən sonra göndərilərək vəhyə xitam verdi. Allah onu elm və peyğəmbərlik nuru ilə göndərərək bütün yaranmışlardan üstün etdi. O həzrət məmur olduğu əmri bəyan edib Rəbbinin göstərişlərini bəşəriyyətə çatdırdı. Hz. Muhəmməd (s) nəsihət, doğru yol, hikmət, bilik və gözəl öyüdlərlə camaatı Allaha itaət etməyə, Ona tabe olmağa dəvət etdi. Xalq arasında əmanətdarlıq və səxavətlə tanındı. Bəşəriyyt ondan məhz yaxşılıq gördü. Allahın dini uğrunda cihad edib onun düşmənlərinə qalib gəldi. Həzrətin (s) camaat arasıında olması ən böyük nemət idi. Əmirəlmöminin (ə) buyurub:

"Yer üzündə Allah əzabından pənah aparılacaq iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin aranızdadır. Ona görə də ondan yapışın (onu qoruyub əməl edin). Əldən çıxmış sığınacaq Allahın peyğəmbəri idi. Qalan sığınacaq isə istiğfardır (günahlar üçün əfv diləməkdir).(1)

Allah-taala Ənfal surəsinin 33-cü ayəsində buyurur: "Nə qədər ki, sən onların arasındasan Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!” Yuxarıda o həzrətin (s) haqqında yazılan gözəl xüsusiyyətlər hikmətlə dolu "Nəhcül-bəlağə”-də görmək olar. Bu kiçik yazıda həmin xüsusiyyətlərin bir qisminə işarə edirik:

1. "Allah-taala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Muhəmmədi (s) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəmdən (ə) Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi.” (2)

2. "Böyük Allah həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.” (3)

3. "Böyük Yaradan həzrət Mustafanı məxluqları Allahın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.” (4)

4. "Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qurani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə həzrətə kömək etmişdir). Allah-taala onu kifayət edən dəlil (o həzrətin digər möcüzələrindən əlavə Qurani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bidətlərini məhv etdi və (Quran və sünnədə) bəyan etdiyi hökmləri üzə çıxardı...” (5)

5. Həzrət Əli (ə) buyurur: "Şəhadət verirəm ki, Muhəmməd (s) onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir…Allah onu (insanların qəbul etmələri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o həzrət…insanları, nümayəndəsi olduğu doğru yola apardı, həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi” (6)

6. O həzrət başqa bir xütbədə buyurub: "Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu, o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər.” (7)

7. İmam Əli (ə) Allahın Peyğəmbərini (s) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır: "Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey (peyğəmbərlik), ilahi hökmlər və səma xəbərləri kəsildi. (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma və Allah-taaladan günahlarımızın bağışlanmasını istə).”(8)

İmam Əli (ə) Allahın Peyğəmbərini (s) dəfn edən zaman o həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur: "Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı

kədər (sən həzrətin qəminə nisbətdə) asan və kiçikdir. Allah Onun və həzrət Əlinin şəfatini biz müsəlmanlardan əsirgəməsin! Amin! Əlavələr:

1- Nəhcül-bəlağə, 88-ci hkmət.

2- Nəhcül-bəlağə, 105-ci xütbə.

3- Nəhcül-bəlağə, 108-ci xütbə.

4- Nəhcül-bəlağə, 116-cı xütbə.

5- Nəhcül-bəlağə, 161-ci xütbə.

6- Nəhcül-bəlağə, 185ci xütbə.

7- Nəhcül-bəlağə, 197-ci xütbə.

8- Nəhcül-bəlağə, 235-ci xütbə.

Hazırladı:İlahiyyatçı-yazar Şəhriyar Əliyev

Uluyol.az

 


 


Вернуться назад