Erməniləri Qarabağa kimlər köçürüb?-GERÇƏK TARİX
Prezident İlham Əliyev ötən gün Tərtər rayon ictimaiyyətinin
nümayəndələri və məcburi köçkünlərlə görüşündə ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsindən danışıb.
Ölkə başçısı vurğulayıb ki, ermənilər bu ərazidə gəlmə
millətdir, onlar köçürülüblər.
"Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və
tarix bunu təsdiqləyir. Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli,
tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim” - Prezident
çıxışında deyib.
Ölkə başçısı vurğulayıb ki, 1978-ci ildə tikilən "Marağa-150” abidəsi bütün
dünyaya göstərir ki, ermənilər gəlmə millətdir: "Tarixi ədalət bizim tərəfimizdədir.
Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən
bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən
eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş
etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb".
Erməniləri Azərbaycan torpaqlarına kimlər köçürüb?
Tarixdən bildiyimiz kimi, 1747-ci ildə Nadir şahın öldürülməsi ilə yaratdığı
imperiya süquta uğradı. Nəticədə Azərbaycan ərazisində iyirmiyədək müstəqil və
yarım müstəqil xanlıqlar yarandı. Bu dövrdə Rusiya imperiyası beynəlxalq
münasibətlərdə yaranan imkanlardan istifadə edərək Cənubi Qafqazda fəallığını
artırdı. Bu fəllıq onu Qacarlar imperiyası ilə qarşı-qarşıya gətirdi. Bu
qarşıdurmadan qalib çıxan Rusiya imzalanan Gülüstan və Türkmənçay müqavilələri
ilə regionda möhkəmləndi. Ancaq, bu möhkəmləni daha da dərinləşdirmək üçün
Rusiya imperiyası ənənəvi siyasətdən, regionun etnik tərkibini dəyişdirmə
yoluna getdi.
Hələ işğaldan öncə Rusiya imperiyası burada möhkəmlənməsi üçün ermənilərə böyük
rol ayırmışdı. Ermənilər də Rusiyadan istifadə etməklə müəyyən siyasi məqsədlərə
nail olmaq istəyirdilər. Bu dövrdə xüsusilə intensiv inkişaf edən erməni
rusiyaşünaslığı və Rusiya ermənişünaslığı həmin ideya siyasi məqsədlərə nail
olmaq üçün bir-birini tamamlayır, türk – müsəlman varlığının məhvini hədəfə
alırdı. Beləliklə də ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsinə
başlanıldı.
Bunun üçün ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza
yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə
nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min,
1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan
çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi
Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində
olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər,
Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə
gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O, daha sonra qeyd edirdi ki, Cənubi
Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun
diyarın köklü sakinlərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək
yerləşdirilmişlər.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin
ikinci yarısında oldu. Osmanlı ərazisində hökumət əleyhinə baş verən qiyamlar
yatırıldıqdan sonra Daşnaksütyun və digər erməni təşkilatları tərəfindən
terrorizə edilən 35-60 min erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşdırma
nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 99 min 918 nəfər erməni
yaşayırdısa, 1886-cı ildə onların sayı 258 min 324 nəfərə çatdırıldı.
Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də
davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi
Qafqaza gətirilərək məskunlaşdırıldı.
1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 120 min nəfər
idi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və
Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ilin avqust ayında artıq 260 min nəfəri
ötüb keçmişdi. Onların 110 min nəfəri İrəvan quberniyasına, 20 min nəfəri
Yelizavetpol quberniyasına, 30 min nəfəri Tiflis quberniyasına, 20 min nəfəri
Kars quberniyasına yerləşdirilmişdi.
Bu köçürülmələri ermənilərin özləri də etiraf edirlər. 1978-ci ildə tikilən və
ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən "Marağa-150” abidəsi
bunu bir daha sübut edir.
Вернуться назад
|