Главная > Araşdırma > Alışanovun 4 milyon 641 min manatı və…- Ortaya çıxan 3 əsas sual

Alışanovun 4 milyon 641 min manatı və…- Ortaya çıxan 3 əsas sual


23-02-2018, 15:51.

              Alışanovun 4 milyon 641 min manatı və…-Ortaya çıxan 3 əsas sual    

 

Xəbər verildiyi kimi, «Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri» QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə günahlandırılan dörd nəfər bu gün məhkəmə qarşısına çıxarılır. Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək məqsədilə onu öldürməyi planlaşdırmaqda ittiham edilirlər.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Bu gün məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə martın 1-nə qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər. Təqsirləndirilən şəxs Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva atası barədə irəli sürülən ittihamların saxta olduğunu, sübutların isə istintaq tərəfindən hazırlandığını deyib. Onun sözlərinə görə, Arif Alışanova qarşı "sui-qəsd planı” başdan-ayağa cəfəngiyyatdır, atası AzTV sədrinə qarşı hər hansı bir dələduzluq da etməyib. O, bildirib ki, AzTV sədrinin məqsədi atasına olan borclarını qaytarmamaq olub: "Məqsədi atama olan 860 min manat borcunu qaytarmamaq, 1,3 milyon manat dəyərində aldığı torpaq sahəsinin verilməmiş qalan 1,2 milyon manatını ödəməmək, həmçinin ona və yaxınlarına məxsus 2 milyon manatlıq əmlaklarını əvəzi ödənilmədən ələ keçirməkdi ki, buna da nail olub. Həqiqətən də, atamın həbsindən on gün sonra Arif müəllim bizə məxsus 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla əlimizdən alaraq, əvəzi ödənilmədən ailə üzvləri və yaxınlarının mülkiyyətinə keçirib”.

Ümid edrik ki, kimin haqlı, kimin haqsız olduğu məhkəmənin sonunda məlum olacaq… Ancaq bu hadisə barədə məlumatlar yayılandan sonra ictimaiyyəti maraqlandıran bir çox suallar meydana çıxıb.

Birncisi, aylıq məvacibi 1 800 manat olan Arif Alışanov 4 milyon 641 min 696 manatlıq əmlakı necə əldə edib? Vaxtilə Tağı Əhmədov bunu soruşanda ictimaiyyətlə məzələnirmiş kimi, 3 milyonu maaşını yığaraq topladığını iddia ertmişdi. Arif Alışanovdan bunu ümumiyyətlə soruşan olubmu? İstintaqı aparan orqanlar bununla maraqlanıblarmı?

İkincisi, əgər Arif Alışanov bu 4 milyon 641 min 696 manatlıq əmlakı qanunsuz yollarla, yəni dövlət büdcəsini talamaq, korrupsiya və rüşvət yolu ilə topladığı vəsait hesabına əldə edibsə, niyə onunla bağlı cinayət işi açılmır? Axı biz biləni ölkədə büdcə talançılığına, korrupsiya və rüşvətə amnistiya verilməyib. Hər halda kiminsə bir cinayət işində zərərçəkmiş olması, onun özünün cinayətlərinin bağışlanılmasına əsas yarada bilməz.

Üçüncüsü, əgər Arif Alışanov bu 4 milyon 641 min 696 manatlıq əmlakı qanuni yollarla əldə edibsə, bu vəsaitin mənbəyi və nə qədər vergi ödədiyi niyə ictimaiyyətə açıqlanmır? Vergilər Nazirliyi Arif Alışanovun ötən illər ərzində ödədiyi verginin məbləğini açıqlamaqla bu məsələyə aydınlıq gətirə bilər.

Göründüyü kimi, ortada Arif Alışanovla bağlı çox ciddi və haqlı suallar var. Arif Alışanov sıradan bir şəxs deyil, ictimai fiqurdur, büdcədən ayrılan külli miqdarda vəsaitin xərclənməsinə nəzarət edir. Buna görə bu sualların cavabını açıqlamağa borcludur. Həm də, anadolu türkləri demiş, bəlgəsi ilə birlikdə. Açıqlamırsa və müvafiq orqanlar da buna əhəmiyyət vermirsə, bu da təəccüblü deyil. Adi Azərbaycan reallığıdır.(azpolitika.info)


Вернуться назад