Главная > Problem > Vətəndaşdan sabiq icra başçısına ittiham: “100 min dollar pulumu mənimsədi”
Vətəndaşdan sabiq icra başçısına ittiham: “100 min dollar pulumu mənimsədi”27-02-2018, 13:47. |
Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova sabiq icra başçısı və hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olan Məharət Mustafayev tərəfindən aldadılaraq 100 min dollar pulunun mənimsənilməsi ilə bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Qeyd edək ki, daha öncə də "Yeni Müsavat” qəzetində Tutu Əhmədovanın şikayəti ilə bağlı məqalələr dərc olunub. 1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı
olan Tutu Əhmədova 2012-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə
torpaq almaq fikrinə düşüb. 2013-cü ildə Gəncə şəhəri, Nizami rayonunun icra
hakimiyyətinin başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq
aparıb. İH başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində
olan 100 min dolları alıb: T. Məmmədova məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirdi: "Cinayət işinin qaldırılması üçün prokurorluq orqanlarına müraciət edilib. Hadisə Gəncə şəhərində olduğu üçün materialların araşdırılması Gəncə şəhər prokurorluğuna göndərildi. İşin aparılması üçün prokurorluğun müstəntiqi Tural Məmmədova tapşırıldı. Müstəntiq 2017-ci ilin may ayının 25-i Məharət Mustafayevi və məni çağıraraq, izahat aldı. Bir gün sonra, yəni mayın 26-sı isə cinayət işinin rədd edilməsi haqqında qərar verdi. Bir günə izahat, bir günə rədd etmə... Təbii ki, bu gün əlimizdə olan dəlillər təqdim edilmədiyi üçün bu faktlar hələ araşdırılmayıb”. Şikayətçi müstəntiqin qərarı ilə bağlı Nizami Rayon Məhkəməsinə şikayət versə də, bunun bir nəticə vermədiyini deyir: "Şikayətimizdən sonra məhkəmə müstəntiqin qərarını təsdiqlədi. Burada müstəntiqin qərarından söhbət gedir, faktın tam əhatə olunub-olunmamasından getmir. Müstəntiq sadəcə izahata uyğun qərar verib. Yəni, Məharət Mustafayev məmur olduğu üçün onun sözlərinə haqq qazandırıldı”. Zərərçəkmiş onu da bildirdi ki, Məharət Mustafayev bu işdə vasitəçi olan Asif Kazımovun susması müqabilində ona torpaq sahəsi verib: "Yoldaşımın dostu, Məharət Mustafayevdən torpaq almamda köməklik edən Asif Kazımov da aldadılmış şəxsdir və zərərçəkmiş qismində kimi tanınmalı idi. Çünki onun 54 min dollar pulunu başqa bir torpaq məsələsi ilə bağlı Məharət Mustafayev mənimsəmişdi. Məharət Mustafayev Asimə torpaq verərək, onu susdurdu. Torpaq almazdan öncə Asim Kazımovun evinə gedib, Məharət Mustafayevin ona susmağı qarşılığında torpaq verəcəyi ilə bağlı danışdırıb, özünün razılığı ilə videolentə almışam. Həmin videonun diski də məndədir”. T. Məmmədova məsələ ilə bağlı Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: "Sonuncu dəfə baş prokurorun birinci müavini Rüstəm Usubov cənablarının qəbulunda olduq. Bizi qəbul elədi, faktları ona təqdim etdik. Rüstəm müəllim bizi dinlədikdən sonra təqdim etdiyimiz materialları yenidən araşdırılması üçün Gəncə prokurorluğuna göndərdi. Gəncənin prokuroru isə həmin materialları başqa bir müstəntiqə göndərməli olduğu təqdirdə, təkrarən müstəntiq Tural Məmmədova göndərdi. Hansı ki, həmin müstəntiq cinayət işinin rədd edilməsi haqqında qərar vermişdi. Belə olan halda, Gəncə prokurorunun hərəkəti məntiqi və hüquqi baxımdan doğru deyil. Bizdə məlumat var ki, Məharət Mustafayev müstəntiq Tural Məmmədovun yaxın dostunun adına torpaq sahəsi verib. Bir sözlə, Məharət Mustafayev istədiyi kimi hərəkət edir, dar məqamda qalanda isə kimə istəsə torpaq verib susdurur. Özünü Gəncənin sahibi hesab edir. Mən bir daha aidiyyatı orqanlardan xahiş edirəm ki, təqdim etdiyim materiallara baxılsın, ədalətli qərar çıxarılsın”. Məğrur MƏRD
Вернуться назад |