Главная > GÜNDƏM > Ərdoğan NATO-nu tənqid edib

Ərdoğan NATO-nu tənqid edib


11-03-2018, 20:03.

                      Ərdoğan NATO-nu tənqid edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstək verməyən NATO-nu sərt tənqid edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Bolu rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, Türkiyə NATO-nun çağırışına əsasən Əfqanıstan, Balkanlar, Kosova və digər yerlərdə sülhyaratma missiyalarında iştirak edib.

Bu gün NATO üzvü olan Türkiyənin Suriya sərhədi boyu terror təhdidi ilə üzləşdiyini söyləyən R. T. Ərdoğan NATO-nun Türkiyəyə dəstək verməməsini yolverilməz sayıb: "Türkiyə NATO üzvü kimi hər zaman üzərinə düşən vəzifəni yerinə yetirib. NATO nə vaxta qədər Suriyada baş verənlərə biganə qalacaq? NATO sərhədləri Suriya ərazisindən terrorçuların hücumlarına məruz qalan Türkiyəyə nə zaman dəstək verməyi planlaşdırır? Nə vaxta qədər mən belə çağırışlarla çıxış etməliyəm?".

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

 


Вернуться назад