Главная > Islam > Tövbənin müsbət nəticələri

Tövbənin müsbət nəticələri


15-03-2018, 16:59.

                Tövbənin müsbət nəticələri

Allahın adı ilə! Tövbənin islam maarifində özünəməxsus yeri var. Ona görə də alimlər bu barədə çoxsaylı kitablar yazıblar. Tövbədən bəhs edən əqidə kitabları onun vacib olduğunu vurğulayıblar. Əql, Quran və hədislərə əsaslanaraq tövbənin vacib əməl olmasını demək olar. Hədis kitablarında tövbənin vacibliyi və zəruriliyinə dəlalət edən; günahdan peşman olmağın vacibliyi, günahdan istiğfar etməyin vacibliyi, bütün günahlardan tövbə etməyin vacibliyi, ixlasla tövbə etməyin vacibliyi və sair kimi mövzulara işarə etmək olar. Əql də tövbəni vacib sayır. Çünki, əbədi səadətə və həqiqi təkamülə çatmaq zəruridir. Bu məqama nail olmaq üçün Allahın razılığına səbəb olan hər bir əməldən yetərincə istifadə etmək lazımdır. Tövbə isə qeyd etdiyimiz əməllərin tacıdır.

Tövbə barəsində müxtəlif bəhslər etmək mümkündür. Çünki, tövbə islam dinində xüsusi əhəmiyyətə kəsb edir. Lakin bu kiçik yazıda tövbənin insan formalaşmasında olan müsbət və dəyərli təsirlərindən bəhs olunacaq:

1. Qəlbin təvazökarlığı

Dua və təvəssüldə olduğu kimi tövbə etdikdən sonra da təvazökarlıq ruhiyyəsi insanın ürəyində Allahın əzəmət və qüdrəti müqabilində yaranır. Yəni insan günah etdikdən sonra peşmançılıq hissi keçirərək günahının bağışlanması üçün əllərini Allah dərgahına uzadaraq özünü Onun müqabilində heç bilir. Bu da təvazökarlıq ruhiyyəsinin güclənməsinə səbəb olur.

2. Batini sədaqət

İnsanın ruhi və daxili xəstəliklərdən biri də günahı məxfi saxlamaq, izah və etiraf etməməkdir. Bu xəstəliyə mübtəla olanlar heç bir günahdan çəkinməz və onun qəbahətini dərk etməzlər. Tövbənin təsirlərindən biri də bu xəstəliyin sağalmasıdır. İnsan tövbə etdikdə öz günahını və onun qəbahətini Allah dərgahında etiraf edir. Bu isə ailə və ictimaiyyətdə insanı öz səhvlərini qəbul etməyinə səbəb olur.

3. Ruh paklığı və səfası

İnsan günah etdikdə qəlbi ləkələnir. İmam Baqir (ə) bu barədə buyurur: Hər bir möminin qəlbi ağ yerdir ki, günah etdikdə orada qara nöqtələr yaranır. Əgər tövbə etsə qaraltı təmizlənir. Əgər günah təkrar edərsə qara nöqtələr genişlənərək bütün ağ yeri qaraldır. Belə şəxs heç vaxt xeyir və saədətin üzünü görməz.

4. Şəxsiyyətin tapılması

Günahın ayrılmaz təsirlərinin biri də budur ki, insanı başqaların yanında alçaldır və xar edir. Yəni insan günah iş törətməklə öz ehtiram və şəxsiyyətini əldən verir. Əgər həqiqətən tövbə edərsə deməli keçmiş əməllərindən uzaqlaşır və ibadətlə Allaha bəndəlik edir. Nəticədə itmiş şəxsiyyətini tapır və cəmiyyət arasında sevimli və möhtərəm şəxsə çevrilir.

5. İlahi razılığı əldə etmək

Günah Allahın qəzəbinə səbəb olan ən təsirli amillərdəndir. İnsan törətdiyi hər bir günahla Allahı qəzəbləndirir. Əgər həqiqətən günahlardan peşman olub tövbə etsə, Allahın qəzəbini söndürməkdən əlavə onun razılığı və sevgisini əldə etmiş olur. Qurani-kərim bu barədə buyurur: Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

6. Səadətə nail olmaq və nicat tapmaq

Şübhəsiz əsl səadət Allaha yaxın olmaqdır. Əksinə Allahın rəhmət və lütfündən uzaq olmaq bədbəxlikdir. Məhz günah insanı Allahın rəhmətindən uzaqlaşdırır. Əgər insan günahdan üz çevirib Allaha tapınarsa Allahın sevimlisinə çevrilib nicat tapmış olar. Nəticədə Allah dərgahına yaxınlaşaraq həqiqi səadətə nail olar. Qurani-kərim bu barədə buyurur: Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!

7. Paklanma və pis əməllərin saleh əməllərə çevrilməsi

Məlumdur ki, tövbənin təbii əsəri insan ruhunun günah çirkinliklərindən paklamasıdır. Quranın bir çox ayələrini buna misal çəkmək olar. Furqan surəsinin 70-ci ayəsi tövbənin qeyd etdiyimiz təsirinə açıq-aşkar nümunədir: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" Bu ayəyə əsasən tövbə etməklə günahların məhv olması və onun bağışlanması ilə yanaşı, tövbə iman və salih əməllərlə həmrah olduğundan, günahın mənfi təsirləri tövbənin müsbət nəticələrinə çevrilir.

8. Duanın qəbul olması üçün zəmin hazırlama

Məbudla mənəvi rabitə yaratmaq üçün pak və səfalı qəlb lazımdır. Bu rabitənin qırılmasına səbəb olan ən böyük maneə günahdır. Günahkar insanın duası günahın təsirinə görə qəbul olmaz. Amma günaha mürtəkib olduqdan sonra tövbə etsə Allah onun günahlarından keçir. Nəticədə belə bir şəxsin dualarında qəbul olma ehtimalı çoxalır.

9. İman qardaşlığı

İslam dinində ictimai əlaqələr məhz qohumluqla xülasələşmir. İslamda iman və əqidədən doğan əlaqələr də var. Qurani-kərim buyurur: Həqiqətən, möminlər (dində) qardaşdırlar... Günahgar insan öz imanını ayaq altına qoyaraq qardaşlıq dairəsindən xaric olur. Çünki bu əlaqədə uyğunluq olmalıdır. Belə olduqda tövbə bu əlaqənin bərpasında misilsiz rol oynayır və yenidən bu əlaqəni yaradır. Qurani-kərim (kafirlər, müşriklər və fasiqlər) barəsində buyurur: Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır…

10. Mələklərin bağışlanma diləməsi

Günah insanı Allah dərgahında alçaldır. Eləcədə mələklərin düşmənçiliyi və nifrətinə səbəb olur. Çünki, onlar da hər bir eyb və nöqsandan uzaqdır. Burada da tövbə insanı paklaşdıraraq mələklərin sevincinə səbəb olur. Nəticədə onlar dua edərək Allahdan tövbə edən şəxsin bağışlanmasını diləyirlər. Qurani-kərim bu barədə buyurur: Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva

etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!

11. Axirət asayişi

Günah axirət əzabı və çətinliklərinin yeganə amilidir. Tövbə etdikdə isə əzab və çətinliklər savab və asayişə çevrilir və insan qəbr və qiyamət gününün çətinliklərindən amanda olur. Eləcədə özünü həmişəlik olaraq cənnətdə məskunlaşdrır. Qurani-kərim bu barədə buyurur: "müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!"

Qeydlər: 1. Bəqərə, 222-ci ayə. 2. Qəsəs, 67-ci ayə. 3. Nur, 31-ci ayə. 4. Hucurat, 10-cu ayə. 5. Tövbə, 11-ci ayə. 6. Mumin, 7-ci ayə. 7. Ali İmran, 135 və 136-cı ayələr. 

İlahiyyatçı yazar- Şəhriyar ƏLİYEV

 

Uluyol.az


Вернуться назад