Главная > Ölkə > Müsavat başqanı Novruz bayramı münasibətilə xalqı təbrik edib

Müsavat başqanı Novruz bayramı münasibətilə xalqı təbrik edib


19-03-2018, 15:04.

          Müsavat başqanı Novruz bayramı münasibətilə xalqı təbrik edib

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Əziz bacı və qardaşlarım! Sizi Novruz Bayramı münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, uğurlar arzulayıram.

Novruz – Bahar Bayramı xalqımızın əsrlər boyu qoruyub saxladığı ən sevimli bayramlardan biridir. Təbiətin oyanması, yeni başlanğıcların rəmzi olan Bahar bayramı insanlarııza sevinc bəxş edir. Bu bayram, həm də bir çox qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın öz adını, mənşəyiyini, kimliyini unutdurmaq istəyənlər zaman-zaman dilimiz, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da ləğv etməyə, mahiyyətini dəyişdirməyə çalışsalar da buna nail ola bilmədilər. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə, qeyd edilirdi. Bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayırdılar.

İndi Novruz Bayramı ölkəmizdə təntənə ilə rəsmi qeyd edilən, xalqın ən sevimli bayramlardan biridir. Təssüf ki, xalqımızın əksəriyyəti bu bayramı sosial çətinliklər, ümumi böhran səbəbi ilə lazımınca qeyd edə bilmir. Ərazilərimizin düşmən tapdağı altında olması, ölkədəki kəskin təbəqələşmə və digər problemlər hamılıqla sevinərək bayramlarımızı tam ruh yüksəkliyi ilə qeyd etməyimizə imkan vermir. Baş verən haqsızlıqlar, vətəndaşlarımızın hüquqlarının daim tapdalanması, siyasi məhbusların mövcudluğu bayram sevincimizin tam olmasının qarşısını alır. Amma ruhdan düşmək, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda mübarizəni durdurmaq olmaz. Yüz il bundan əvvəl bəşəriyyətə nümunə ola biləcək bir Cümhuriyyət qurmuş xalqımızın potensialı bu gün daha böyükdür. Xalqımızın hüquqi dövlət, demokratik, firavan cəmiyyət qurmaq uğrunda fədakar mübarizəsinin davam edəcəyinə və güclənəcəyinə inanıram. Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizi həll etmək, Azərbaycanımızın Dünya Birliyində layiqli yerini tutmasına nail olmaq üçün potensialımız misilsizdir. Bunun üçün təşkil olunmağımız, toparlanmağımız çox vacibdir. Güclü, hüquqi dövlət, azad, firavan cəmiyyət quraraq bütün bayramlar kimi Bahar Bayramını da böyük ruh yüksəkliyi ilə qeyd edəcəyimiz günlər də uzaqda deyil.

Əziz həmvətənlər!

Sizi bir daha Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

 

 


Вернуться назад