Главная > Mədəniyyət > Aprel şəhidi Murad Məmmədov haqda film təqdim olundu- “ŞƏRƏFLİ AD“

Aprel şəhidi Murad Məmmədov haqda film təqdim olundu- “ŞƏRƏFLİ AD“


4-05-2018, 22:09.

             Aprel şəhidi Murad Məmmədov haqda film təqdim olundu-"ŞƏRƏFLİ AD"

 

Nizami Kino evində aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib.

Qaziler.az-ın məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində Şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Filmin ekrana çıxarılmasından öncə V.Əsgərov filmin ərsəyə gətirilməsindən, şəhidin haqqında məlumatların toplanılmasından, Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda aparılan çəkilişlərdən danışdı. Sonra şəhidin qardaşı, hərbçi Rahim Məmmədov söz alaraq Muradla fəxr etdiyini dedi, onun necə bir əsgər və vətəndaş olduğunu tədbir iştirakçılarına xarakterizə etdi.

Filmin təqdimatı zamanı zala sükunət çökdü. Tamaşaçı olaraq burada ancaq o psixoloji-emosional çalarları yaşamaq gəlirdi hər bir izləyicinin əlindən. Özünü abidələşdirən ömrün şübhəsiz bir örnəyə çevrildiyinin fərqində olmaya bilmirdi heç kəs. Şəhidin doğmalarının, elə doğmaları qədər də ona doğmalaşmış döyüş yoldaşlarının xatirələrini dinlədikcə bu nakam ömrün yarıda qırılmasına görə həm təəssüflənir, həm də istər-istəməz qürur hissi keçirirdi tamaşaçı.

Filmdə şəhid anasının çəkdiyi iztirabları, şəhid atasının övlad itkisinin yanğısına rəğmən qürurverici məzmunda çıxışının əhəmiyyəti şübhəsiz ki böyük hissləri oyatmaqla yanaşı, eyni zamanda tariximiz üçün çox ibrətamiz bir anlamda yaşarılıq qazanacaq. Şəhidin döyüş yoldaşlarının dilə gətirdiyi Murad Məmmədovun vətənpərvərlik mövqeyi və konkret olaraq bu mövqedən güc alan döyüş ruhu isə Azərbaycanın qəhrəmanlıq salnaməsinə əvəzsiz töhfələr bəxş edəcək.

Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etdi. Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynacağını qeyd etdilər.


Вернуться назад