Главная > Video xəbər > Bir tütəkçinin həyat hekayəsi: “Mağazam yandı, ümid tütəyə qaldı” - VİDEO, FOTOLAR

Bir tütəkçinin həyat hekayəsi: “Mağazam yandı, ümid tütəyə qaldı” - VİDEO, FOTOLAR


4-05-2018, 17:31.

            Bir tütəkçinin həyat hekayəsi: "Mağazam yandı, ümid tütəyə qaldı”- VİDEO, FOTOLAR

 

Hamı kimi onun da iş günü erkən saatlarda başlayır. Hər gün "8-ci kilometr bazarı”nın qarşısındakı yeraltı piyada keçidinə gəlir, qarşısına bir köhnə çanta qoyaraq, ailəsini dolandırmaq üçün əl atdığı son çarəsinə, tütəyinə sarılıb çalmağa başlayır. Bu köhnə və sınıq tütəyin səsi alçaq tavanlı piyada keçidində əks-səda verərək yayılır, oradan keçən piyadaların fikrindən ayırıb, diqqətini bu sənətkara cəlb edir. O, qaynar iş gününün ortasında, yoldan keçənlərə musiqi sevgisi bəxş edir, əvəzində isə onlardan qəpik-quruş umur. Qarşısına qoyduğu çanta ailəsinin rüzi boğçasıdır. Onun ifasını bəyənənlər, sənətinə dəyər verənlər həmin qutuya bir neçə qəpik qoyub yollarına davam edirlər. Bəzən isə saatlarla etdiyi ifanın qarşılığında 10 qəpik belə görmür. Həmin gün evlərində açılacaq süfrəyə nələrin qoyulacağı isə bu çantaya yığılan qəpiklərin sayından asılıdır.

Bizim diqqətimizi çəkən də onun yanıqlı ifası oldu. Piyada keçidinin yaxınlığından keçən zaman "Sarı gəlin” mahnısının ifa edirdi. Bir anlıq ayaq saxlayıb bu gəncin kimliyi ilə maraqlandıq.

Söhbətimiz əsnasında bəlli oldu ki, bu gənc əslən Lerik rayonundan olan 1986-ci il təvəllüdlü Vaqif Mustafayevdir. Ailəlidir, iki usağı var. Yaşının elə də çox olmamasına rəğmən, oğlunun 14, qızının isə 11 yaşı var. Çünki Vaqif çox erkən yaşda ailə quraraq övlad sahibi olub.

Həmsöhbətim əvvəllər xırda ticarətlə məşğul olub ailəsini dolandırırmış. Sonra yanğın nəticəsində mağazası yanaraq külə dönüb və müflis olub. Ailəsini dolanışığını təmin etmək üçün uşaqlıqda maraq göstərdiyi sənətlə məşğul olmağa cəhd göstərib.

Dediyinə görə, uşaqlıq çağlarından bu sənətə maraq göstərib və özünün kustar üsulla hazırladığı tütəklə müxtəlif mahnıları öyrənməyə çalışır. Əsasən də, televiziya kanallarında gedən musiqili verilişlərə baxa-baxa notları öyrənib.

Vaqifin ən böyük arzusu isə normal maaşı olan bir işdə işləməkdir. Deyir ki, restoranlardan, şadlıq evlərindən təklif gəlsə, məmnuniyyətlə gedib işləməyə razı olar.

Maraqlı həmsöhbətimizi təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 


Fotolar və video: Məğrur MƏRD



Вернуться назад