Главная > Müsahibə > “Bir çox nazirlik və digər qurumlarda ciddi kadr çətinlikləri var” - Qubad İbadoğlu

“Bir çox nazirlik və digər qurumlarda ciddi kadr çətinlikləri var” - Qubad İbadoğlu


8-05-2018, 12:28.

        "Bir çox nazirlik və digər qurumlarda ciddi kadr çətinlikləri var” -Qubad İbadoğlu

 

"Siyasi olmayan, sahəvi bacarıqlar tələb edən kadrlara toxunulmamalıdır”

Yeni təyin olunan nazir və sədrlər kadr dəyişikliklərinə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyində, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Gömrük Komitəsində, Dövlət Miqrasiya Xidmətində xeyli sayda yüksək vəzifəli şəxs yeniləri ilə əvəz olunub.

Məsələn, Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi idarəsinin rəisi Mehman Səfərov, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisini vəzifələrindən azad edib.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev də qurumda ciddi kadr islahatlarının aparılacağını deyib, ardınca yüksək rütbəli iki gömrük işçisini sərəncama göndərib.

Digər qurumlarda da kadr dəyişiklikləri prosesi getməkdədir. Bu prosesi qiymətləndirən bir çox müşahidəçilər kadr dəyişikliklərinin islahatlarda ciddi önəmli rol oynamadığını iddia edirlər. Bildirilir ki, bir sıra qurumlarda kadr dəyişiklikləri bundan əvvəl də baş verməsinə rəğmən, iş prinsiplərində dəyişiklik qeydə alınmayıb. Misal olaraq, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni təyin olunan zaman bir sıra rayon rəislərini kollegiya iclaslarında, hamının gözləri qarşısında işdən azad etdiyini, lakin bunun yerli qurumların fəaliyyətində dönüşə səbəb olmadığını qeyd edirlər...

 

Kadr dəyişikliyi islahatlarda hansı rol oynayır? Dəyişikliklər müxtəlif qurumların fəaliyyətində nə zaman dönüş yaradır? Suallara cavab verən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğluna görə, istənilən kadrın peşəkar, eyni zamanda institutsional yaddaşa sahib olması çox vacibdir:"Onların tez-tez dəyişilməsi o qədər də effektiv sayılmır. Bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda, Moldovada, Qırğızıstanda, Pribaltika ölkələrində hər bir nazirlikdə bir dövlət katibi vəzifəsi yaradılıb. Dövlət katibi vəzifəsinə təyinat uzunmüddətli xarakter daşıyır - 7, 9, 10 illiyə. Bəzi ölkələrdə bu vəzifə seçkili olur. Həmin müddətdə nazirlər dəyişsə də, həmin vəzifəni tutan şəxslərə toxunulmur. Ölkələr buna tez-tez kadr dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün gedirlər. Dövlət katibi postunu tutan şəxs institutsional yaddaşa malik olur, işin ardıcıllığını təmin etmək üçün belə kadrların hər bir nazirlikdə olması çox vacibdir. Azərbaycanda əslində bu işi aparat rəhbəri görməlidir, lakin hər yeni gələn mütləq və ilk növbədə aparat rəhbərini dəyişir. Bu baxımdan, düşünürəm ki, kadr dəyişiklikləri bəzi yerlərdə qaçınılmazdır. Lakin Azərbaycanda da dövlət katibi praktikasından istifadə olunmasına ehtiyac var”.

Ekspert deyir ki, Azərbaycanda bir çox nazirlik və digər qurumlarda ciddi kadr çətinlikləri var:"Daha sivil düşüncəli, innovativ fikirli, daha gənc kadrların prosesə cəlb olunması nöqteyi-nəzərindən son dəyişiklikləri normal qəbul etmək olar. Lakin nəzərə almaq lazımdır ki, bir yerdən peşəkar kadrları başqa yerə təyin edərkən, həmin yerdə kadr çatışmazlığı yarana, işin keyfiyyəti aşağı düşə bilər. Məsələn, son zamanlar «ASAN Xidmət»dən bir çox bacarıqlı kadrlar Kənd Təsərrüfatı Nazirliyinə aparılıb. Bu isə «ASAN Xidmət»in işində problemlərə səbəb ola bilər. Elə siyasi vəzifələr var ki, onların dəyişməsi zəruridir. Lakin siyasi olmayan, sahəvi bacarıqlar tələb edən kadrlara toxunulmamalıdır”.

Maraqlıdır ki, Azərbaycanda kadr dəyişiklikləri ilk olaraq əvvəlki rəhbərlərin yaxın adamlarından, qohumlarından başlanır. Q.İbadoğlunun sözlərinə görə, kiminləsə qohumluğa, dostluğa görə vəzifəyə təyinat, həmçinin vəzifədən çıxarılma normal hal deyil:"Nə təyinatlarda, nə də islahatlarda kadrlara şəxsi sədaqət prinsipindən yanaşılması doğru sayıla bilməz. Kadrlara ilk növbədə peşəkarlıq və bacarıqları baxımından yanaşmaq lazımdır. Əks təqdirdə, iş prosesində istənilən keyfiyyətə nail olmaq mümkün deyil”.

Dünya SAKİT, musavat.com

 


Вернуться назад