Главная > Ölkə > Bakıda “ölüm maddəsi”: Bundan istifadə etməyin

Bakıda “ölüm maddəsi”: Bundan istifadə etməyin


13-06-2018, 00:39.

      Bakıda "ölüm maddəsi”: Bundan istifadə etməyin

 

Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qablarla bağlı açıqladığı qorxulu statistika artıq Azərbaycanda həyəcan siqnalı çalınmasına səbəb olub. İnsan bədəninə daxil olan toksin maddələrin 80 faizinin bu plastik qablardan keçməsi və buna görə artıq 40 ölkədə plastik qabların istifadəsinin qadağan edilməsi nazirliyi hərəkətə keçirib. Metrolarda və ictimai nəqliyyatlarda təbliğat başlayıb. Bildirilir ki, hər il Azərbaycanda 3 milyon ton plastik zibil yaranır. İnsanlar plastik qablardan imtinaya çağırılır.

Bəs görəsən, bu kampaniyalardan sonra Azərbaycanda plastik qabların istifadəsinin rəsmən məhdudlaşdırılması gözlənilirmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, bu qabların birdəfəlik məhdudlaşdırılması hazırda bütün dünyada müzakirə edilir:

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən plastik qablardan imtina məsələsi uzun müddətdir müzakirə edilir. Düzdür, konkret ortaya fundamental elmi tədqiqat işlərinin nəticələri qoyulmayıb. Bu qabların 2020-ci ildə istifadədən yığışdırılacağı deyilir. Bir çox Avropa ölkəsi buna qadağa qoyduqdan sonra Azərbaycanda da belə qadağanın olması mümkündür. Plastik qablar insan səhhəti üçün çox zərərlidir. Onların xərçəngtörədici təsiri ilə bağlı müəyyən statistik məlumatlar var.

Azərbaycan çox da böyük olmayan ölkədir. Hesab edirəm ki, bu qabları şüşə qab ilə əvəz etmək daha məqsədəuyğun olar. Sağlamlığımız üçün plastik qablardan istifadə etməməliyik”.

A.Qeybulla bu qabların insanlarla yanaşı, suda yaşayan heyvanlara və bitkilərə də mənfi təsir etdiyini bildirib:

"Plastik qablar torpaqda çürümür, suda həll olunmur. Sahilyanı ölkələr bu tullantıları okeanlara atırlar. Hazırda sakit okeandakı plastik qabların tullantılarını təmizləmək üçün onilliklər lazımdır. Bu həm də dəniz və okeanlarda olan flora-faunaya mənfi təsir edir”.

Qeyd edək ki, ABŞ-ın bəzi ştatlarında, Danimarkada plastik qablardan istifadə qadağan edilib. Latviyada plastik torbaların istifadəsi və satışı, Rusiyada pivələrin plastik qablara doldurulması yasaqlanıb. Fransa və bir çox Avropa ölkəsi isə 2020-ci ildən bu qabların istifadəsinə birdəfəlik qadağa qoyacağını açıqlayıb.

 


Вернуться назад