Главная > Region > "Nəsimi rayon sakinləri etiraza qalxdı''...İcra başçısı rayonda satmadığı ərazi qalmayıb-VİDEO

"Nəsimi rayon sakinləri etiraza qalxdı''...İcra başçısı rayonda satmadığı ərazi qalmayıb-VİDEO


14-06-2018, 08:58.

                "Nəsimi rayon sakinləri etiraza qalxdı''...İcra başçısı rayonda satmadığı ərazi qalmayıb-VİDEO

 

"Gəl bu Nəsimini sərpa soyarlar, ağramaz…". Bu sözləri İmadəddin Nəsimi bilsəydi ki, onun adına olan rayondakı yaşıllıqlara şamil edirlər, hürufi üsyanı qaldırardı. Çünki böyük və ləyaqətli sufi şairin adını daşıyan Bakının Nəsimi rayonu yerli icra hakimiyyəti başçısı Asif Əsgərov tərəfindən sərpa soyulur, ağrayır…
Bakunews.tv reportyor.info-ya istinadən xəbər verir ki, son aylarda paytaxtın heç bir rayonuna qarşı belə amansız münasibət göstərilmir. Bir müddət əvvəl Xətai və Nizami rayonlarında ağaclara qənim kəsilən yerli icra hakimiyyətlərinin trendinə Nəsimi rayonu da qoşularaq onlardan geri qalmayıb. Görünür, A.Əsgərov Nizami RİH başçısı Arif Qasımov və Xətai RİH-dəki həmkarı Razim Məmmədovdan "nəyim əskikdir" deyərək hərəkətə keçməkdədir.

Ona görə də şəhərin mərkəzi rayonu olan Nəsiminin yaşıllıqlarına "divan tutur", meşəlikləri qırdırır, satmağa boş ərazi qoymur.Elə bir neçə gün qabaq 20 Yanvar küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti aparılması, o cümlədən ərazidə yaşıllıqların qırılması sakinləri ayağa qaldırmışdı.

Onlar Nəsimi RİH başçısı Arif Əsgərovu ittiham edirdilər. Amma təkcə sözügedən küçənin sakinləri deyil ki… Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır.

Məsələn, Nəsimi rayonu 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanıldığını demək olar.

Nəsimi rayon Əlimardan bəy Topçubaşov küçəsi 88 və 90 ünvanında yaşayan sakinlərin aparılan pilot layihə ilə bağlı şikayət və iddiaları da kifayət qədər ilgincdir.

Sökülən evlərə müxtəlif məbləğdə kompensasiya təyin edilir. Bundan başqa tikinti şirkətinin nümayəndəsinin vətəndaşlara icra hakimiyyətindən onlardan 20 min manat rüşvət istəməsi bildirilir.

Başqa bir yeni fakta diqqət edək: Nəsiminin keçmiş başçısı ilə əlbir olan iş adamı Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında ərazidə onlarla binalar inşa edib.

Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

Sakinlər "yaşıl terroru"la bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünlayıblar.Amma buna baxmayaraq, Fədai İmanovla bağlı heç bir tədbir görülmür. Yəni, indiki icra başçısı da məsələnin üstündən sükutla keçir. Görünür ki, maraqları təmin olunub.

Yada salır ki, 4-cü mikrorayon, Əliisgəndər İsgəndərov küçəsinin sakinləri yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Yaşıllıqların yerində 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirirmiş.

Bu faktla iş bitmir. Nəsiminin icra başçısı Hüseynbala Əliyev küçəsində də təbiətə düşmənçilik etmişdi. "Çıxdıq yaşıllığı qorumağa, polisi tökdülər əraziyə, bizi kürüyüb tulladılar kənara, cavanları yığıb şöbəyə apardılar. Bununla belə, səsimizi kəsə bilməyəcəklər, biz burda bina tikintisinə imkan veməyəcəyik"-sakinlər demişdilər.

"MİD 17" MTK ərazidə çoxmərtəbəli bina tikməyə başlayıb. Daha doğrusu, sakinlərin çabalarına baxmayaraq, artıq binanın özülü qazılıb. Onlarla belə faktlar təqdim etmək olar ki, Nəsimi icra hakiminin ekologiyaya, oksigenə necə qənim kəsildiyinə şahidlik edəsən.

Sakinlər deyirlər ki, belə başçı olmaz olsun. Onlar prezidentin son dövrlər icra başçıları ilə bağlı etdiyi dəyişikliklər növbəsinin Nəsimiyə çatacağına ümid edirlər.

Nəsimi camaatı hesab edir ki, prezident operativ olaraq bu rayona müdaxilə etməlidir. Necə ki, Yasamalda 1000-dən çox ağac kəsən şirkət cəzalandırılmışdı.

İkincisi, Nəsimi Bakının gözünün işığıdır və mərkəzi rayondur. Yəni, Suraxanı, Binəqədi, Xəzər kimi ətraf rayonlar deyil, paytaxtın tən ortasıdır.

Ona görə A.Əsgərovun şəhərin mərkəzindəki ağaclara "divan tutması"na imkan vermək olmaz. Üstəlik, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva respublikanın bir çox ərazilərində ağacəkmə kampanoiyaları həyata keçirir.

Nəsimi icra hakimi isə yaşıllıqları tikinti firmalarına qurban verməklə dövlətin və prezidentin siyasətinə zidd getməkdədir. Bu arada yeri gəlmişkən, anaxeber.az yazmışdı ki, Nəsimi RİH başçısı A.Əsgərov övladı İlham Əsgərlinin ölümlə nəticələnən ağır yol qəzası törətdikdən sonra vətənpərvərliyi sığınacaq seçimi etməkdədir.

Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov oğlunun həbsxana hücrəsindən çıxarar-çıxarmaz cəbhə xəttinə səfərləri intensivləşdirdi.

Nə hikmətdirsə, cəbhəboyu bölgələrin, işğalda olan rayonların icra başçıları cəbhə xəttinə, səngərlərə getmirlər, görüşlər keçirmirlər, əsgərlərlə şəkil çəkdirmirlər, di gəl Bakının tən ortasındakı elitar rayonun icra başçısı hərbçilərimizə ürək qızdırır.

Nədənsə, Səbayel rayon icra başçısı olduğu dövrdə cəbhə xəttinə getməyən A.Əsgərov oğlunu müalicə adı ilə həbsdən çıxardıqdan sonra Nəsimi RİH rəhbəri olduğu dönəmdə səfərlərə ayaq açdı…

Qeyd edək ki, dərisi soyulan şair Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə olub.

Bu gün XXI əsrdir və dərisi soyulan şairin adını daşıyan rayon da öz rəhbəri tərəfindən oxşar aqibəti yaşamaqdadır. Biz isə istənilən halda rəhbərliyin mövqeyini dərc edə bilərik.


Вернуться назад