Главная > Baş Xəbər > “Qarabağ mitinqində iqtidar partiyası da iştirak etməlidir” - Akif Nağı

“Qarabağ mitinqində iqtidar partiyası da iştirak etməlidir” - Akif Nağı


23-06-2018, 08:57.

                "Qarabağ mitinqində iqtidar partiyası da iştirak etməlidir” -Akif Nağı

 

QAT sədrindən bütün siyasi, ictimai təşkilatlara mesaj

 

Qarabağ Azadlıq Təşkilatı Qarabağ mitinqinin keçirilməsi barədə qərar verib. Aksiyanın iyulun 21-də, saat 15.00-dan 17.00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində "Məhsul” stadionunda və ya təklif ediləcək digər yerdə keçirilməsinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlanıb.

QAT-ın yaydığı rəsmi açıqlamada deyilir:"QAT hesab edir ki, torpaqlarımızın bu qədər uzun müddətə işğal altında qalmasına artıq dözmək olmaz. İşğalçı Ermənistan Qarabağımızda ağalıq edir, ərazilərimizin sərvətlərini amansızcasına talan edir, qanunsuz məskunlaşdırma həyata keçirir, erməniləri oraya köçürür, oranı Ermənistanın bir hissəsi kimi idarə edir, işğalçı ölkənin prezidenti, baş naziri və digər nümayəndələri istədikləri vaxt oraya səfərlər edirlər. Beynəlxalq təşkilatlar bu prosesləri kənardan müşahidə edir, heç bir təsirli addımlar atmaq istəmirlər. Bu rəzalətə birdəfəlik son qoyulmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Mitinqin məqsədi qarabağlıların, bütün qarabağsevərlərin, Azərbaycan cəmiyyətinin Qarabağla bağlı vahid iradəsinin nümayiş etdirilməsindən ibarətdir. Azərbaycan xalqının vahid iradəsinin nümayiş etdirilməsinə şərait yaradılmalı və xalqın iradəsinə arxalanaraq torpaqlarımızın azadlığı üçün dərhal ən radikal addımlara əl atılmalı, işğalçılara qarşı azadlıq müharibəsinə başlanmalıdır. Qarabağ mitinqi artıq cəmiyyətdən gələn sosial sifarişə çevrilmişdir, hər bir azərbaycanlının istək və tələblərinə cavab verir. Biz Azərbaycanda və ya kənarda yaşamasından, siyasi mənsubiyyətindən, iqtidarda və ya müxalifətdə olmasından, işindən, məşğuliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir azərbaycanlının mitinqə dəstək verəcəyinə, iştirak edəcəyinə əminik”.

Mitinqə ictimai-siyasi təşkilatların dəvət olunub-olunmayacağına gəlincə, QAT sədri Akif Nağı "Yeni Müsavat”a bildirdi ki, mitinqin təşkilatçılarının geniş iclası keçiriləcək, orada bu kimi məsələlər də müzakirə olunacaq. İlkin fikir belədir ki, iştirak üçün hər kəsə müraciət olunmalıdır. Amma məncə, rəsmi müraciətə də ehtiyac yoxdur:"Qarabağ mitinqində hər bir siyasi, ictimai qurum iştirak etməlidir. İqtidar partiyasının da iştirakını arzu edirik. Qarabağ məsələsi hamının problemidir. Mitinqimizin məqsədi daxildə kimlərisə ittiham etmək deyil, Qarabağın azadlığı işinə dəstəkdir. Hakimiyyət də, beynəlxalq təşkilatlar da bilməlidirlər ki, torpaqlarımızın işğalından çox vaxt keçib, daha gözləməyə yer yoxdur. Bu mitinq bütün qarabağsevərlərin mitinqidir. Məcburi köçkünlər də mitinqdə daha fəal iştirak etməlidirlər. Biz belə hesab edirik ki, Qarabağ hər bir azərbaycanlının yurdudur, ona görə də yurdumuza qayıdaq deyəndə hər bir azərbaycanlının ora qayıtmasını nəzərdə tuturuq”.

Qeyd edək ki, bundan əvvəl mayın 12-də QAT eyni ünvanda Qarabağ mitinqi keçirmək üçün aprelin 4-də BŞİH-yə rəsmi müraciət etmişdi. Lakin müraciətə sonadək heç bir cavab verilməmişdi. Bu səbəbdən mitinq keçirilməmişdi.

Etibar SEYİDAĞA, musavat.com

 


Вернуться назад