Главная > Baş Xəbər > Yay gəlir, məzuniyyətimiz neçə gün olsun…

Yay gəlir, məzuniyyətimiz neçə gün olsun…


29-06-2018, 21:33.

                  Yay gəlir, məzuniyyətimiz neçə gün olsun…

 

Əmək Məcəlləsində istirahətimiz barədə bilmədiklərimiz

Yay fəslinin gəlişi ilə məzuniyyət mövzusu iş yerlərində aktuallaşıb. Kim nə zaman məzuniyyətə çıxacaq, nə qədər müddətə çıxacaq? Ümumiyyətlə, qanun, əmək qanunvericiliyi bu haqda nə deyir?

"Yeni Müsavat” xəbər verir ki, əmək məzuniyyəti- işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

İşçilərə ödənişli əsas məzuniyyət21 təqvim günündənaz olmayaraq verilməlidir.

Bəs hansı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir? Siyahıda aşağıdakı kateqoriyadakı işçilər yer alır:

kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

elmi dərəcəsi olmayan elmi işçilərə;

həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləriməzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz. Qanunvericilik əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər də müəyyən edib. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə, əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Bu müddət 6 gündən az olmamalıdır.

Qanunvericilik anaların istirahət hüququnun təmin edilməsi üçün üstünlüklər verir. Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.

Sevinc TELMANQIZI, musavat.com

 


Вернуться назад