Главная > Ümumi > “TurkStream”in ikinci xəttinin keçəcəyi ölkələri açıqlanıb

“TurkStream”in ikinci xəttinin keçəcəyi ölkələri açıqlanıb


30-06-2018, 21:09.

                "TurkStream”in ikinci xəttinin keçəcəyi ölkələri açıqlanıb

 

Rusiyanın enerji nəhəngi "Gazprom” şirkəti "Türk axını” qaz boru kəmərinin ("TurkStream”) ikinci xəttinin keçəcəyi ölkələri açıqlayıb.

AZƏRTAC xəbər verir ki, şirkətin idarə heyətinin sədri Aleksey Miller Sankt-Peterburqdakı mətbuat konfransında "TurkStream”in ikinci xəttinin Bolqarıstan, Serbiya və Macarıstandan keçəcəyini deyib.

O bildirib ki, "TurkStream”in ikinci xəttindən təbii qaz bu üç ölkənin qaz şəbəkəsindən keçəcək: "Hazırda Bolqarıstan, Serbiya və Macarıstanda milli qaz nəqli şəbəkələrinin inkişaf etdirilməsi qərara alınıb. Bu qərarlar mövcud Avropa enerji qanunlarına uyğun olaraq qəbul edilib. Beləliklə, 2020-ci ilin əvvəlində "TurkStream”in ikinci xəttindən təbii qaz Bolqarıstan, Serbiya və Macarıstan qaz sistemlərindən keçəcək”.

Qeyd edək ki, iyunun əvvəlində "Gazprom” "TurkStream”in ikinci xəttinə dair protokol imzalayıb və sənəd kəmərin Avropaya uzanacaq ikinci xəttinin quru hissəsində tikinti işlərinin aparılmasını nəzərdə tutur. Həmçinin boru kəmərinin quru hissəsinin inşası üçün "TürkAkım Gaz Taşıma A.Ş.” adlı birgə müəssisə qurulacaq. Türkiyə ilə Rusiya 2019-cu ilin sonuna qədər "Türk axını” qaz boru kəmərinin ikinci xəttinin inşasını tamamlamağı planlaşdırır. Rusiya təbii qazını Qara dənizin altından daşıyacaq "Türk axını” layihəsinin birinci xətti bu ayın əvvəlində Türkiyə sahillərinə çatıb. İşlər tamamlandıqdan sonra Kıyıköydəki təbii qaz qəbulu terminalından milli şəbəkəyə ilk qaz 2019-cu ildə veriləcək. "TurkStream”in dəniz hissəsinin inşasının 49 faizi yekunlaşıb.

Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. "TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə "TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən "South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin "Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.

"TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.

Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı "Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. "Gazprom” cari ildə "Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. "TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

 


Вернуться назад