Главная > Aktual > İrandan ABŞ-a və müttəfiqlərinə növbəti təhdid

İrandan ABŞ-a və müttəfiqlərinə növbəti təhdid


5-07-2018, 08:59.

              İrandan ABŞ-a və müttəfiqlərinə növbəti təhdid

 

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) digər ölkələrin neft nəqli üçün Hörmüz boğazından istifadəsinə qadağa qoymağa hazırdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, belə bir bəyanatla İİKK-in rəis müavini İsmayıl Kövsəri çıxış edib.

"İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə biz neftin dünya ölkələrinə Hörmüz boğazı vasitəsi ilə çatdırılmasına imkan verməyəcəyik”, - Kövsəri deyib.

Virtualaz.org xatırladır ki, analoji bəyanatla iyulun 3-də İran prezidenti Həsən Ruhani də çıxış etmişdi. Belə ki, Ruhani İsveçrəyə səfəri zamanı demişdi: "Amerikalılar iddia edirlər ki, İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Əgər siz (amerikalılar – red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutur – red.) və nə ilə nəticələnəcəyini görün”.

İran rəsmilərinin bu cür inamlı və iddialı danışmaları təsadüfi deyil. Məsələ ondadır ki, Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi məhz Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

Onu da xatırladaq ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir.

 


Вернуться назад