Главная > Müsahibə > Nemət Pənahlı sərinləşdirici qurğu yaratmağı düşünürmü?

Nemət Pənahlı sərinləşdirici qurğu yaratmağı düşünürmü?


5-07-2018, 12:43.

             Nemət Pənahlı sərinləşdirici qurğu yaratmağı düşünürmü?

 

"Azərbaycanda ixtiraçılıq potensialı kifayət qədər yüksəkdir”

Milli Dövlətçilik Partiyasının sədri, milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı yenidən gündəmə gəlib. Buna səbəb son günlərdə ölkəmizdə hava şəraitinin kəskin şəkildə istiləşməsidir.

Bu ilin qışında havaların kəskin soyuqlaşmasından sonra ixtira etdiyi ucuz və keyfiyyətli istilik sobası ilə gündəmi zəbt edən N.Pənahlının indi sərinləşdirici qurğuları əvəz edən yeni ixtira haqqında düşünüb-düşünmədiyi müzakirə obyektidir.

N.Pənahlı həyatında boş işlərlə heç zaman məşğul olmadığını bildirdi:"Müasir dünyada evləri sərinləşdirmək üçün müxtəlif cür kondisionerlər var. Dünyada ən yüksək səviyyədə kondisioner sistemi inkişaf etməkdə davam edir. Son olaraq, insanların ciblərinə uyğun şəkildə sərinləşdirici qurğu bir türk vətəndaşı tərəfindən ixtira edildi. İnternetdə bu qurğunun nümayişi var. Açığı, bunu mən də fikirləşmişdim. Sadə yolla ixtira edilən qurğudur. Adi bir vedrənin içərisinə buz doldurur, ventilyatoru da içərisinə qoyur. Bu ixtira 60 lirəyə başa gəlir. Bu, çox sadə bir qurğudur və istənilən şəxs bunu edə bilər. Mən də fikirləşirəm ki, necə bir şəkildə keyfiyyətli və ucuz başa gələn sərinləşdirici qurğu kəşf etmək olar. Kondisioner, ventilyator kimi sistemlər boşuna yaranmayıb, insanlar bunu düşünüb icad ediblər. İxtira, sadəcə, əvvəlkindən fərqli bir yenilikdir. Çalışmaq lazımdır ki, daha ucuz başa gələn qurğu ixtira edilsin. Hər bir millət ixtiralara meylli olmalıdır. Adicə ”Mercedes" avtomobilinin müxtəlif cür variantını ixtira ediblər. Türkün ixtirası gördüyüm qədər keyfiyyətlidir. Açığı bunu praktikadan keçirmək istəmişəm, sadəcə zaman tapmamışam.

Bu ixtiranı edən sadə bir türk vətəndaşıdır. Onun ixtirasını istənilən şəxs təcrübədən keçirə bilər. Həmin şəxs özü də insanlara müraciət etdi ki, bunu istənilən şəxs edə bilər. Evlərimizdə olan 1000 manatlıq kondisionerimizin yerinə bunu qoymaq olar. Heç bizim evdə kondisioner yoxdur. Bunu almağa imkanım olmayıb. Çünki çox baha olub. Bu baxımdan kasıb təbəqənin ehtiyaclarına uyğun olaraq bu tipli ixtiraları etmək çox yaxşı haldır. Mən ixtira etdiyim istilik sobasını patentləşdirirəm. Müəlliflik hüququnu alacam. İndi də mənim əlimdən gələn odur ki, həmin türkün etdiyi ixtiranı insanlara çatdırım. Hazırda dəhşətli dərəcədə istilər var. Doğrudan da ucuz qiymətə sərinləşdirici qurğuya böyük ehtiyac var. Kondisioner ala bilmirsən, həmin türkün ixtirasını özün hazırla. Hər evdə soyuducu, vedrə və ventilyator var. Soyuducuya su qoyursan, buz olur. Sonra vedrənin yarısına qədər buz doldurursan, qapağına da ventilyatoru birləşdirirsən, oradan da üç dənə deşik açırsan, bundan sonra ventilyator sərinliyi evə yayır. 50-60 kvadratmetr evi tam sərin formaya gətirir. İnternetə baxıb bir saat ərzində bu qurğunu düzəltmək olar. Sadəcə, internetə baxmaq lazımdır ki, bilgin olsun. Ən primitiv adam da onu düzəldə bilər. Azərbaycanda ixtiraçılıq potensialı kifayət qədər yüksəkdir. Sadəcə, buna şərait yaratmaq lazımdır. Azərbaycan ixtiraçılarının nəyə qadir olduqlarını incəliklərinə qədər bilən adamam".

Cavanşir ABBASLI,

 


Вернуться назад