“Vikipediya”da Azərbaycan mətbuatı ilə bağlı 143 məqalə yerləşdirilib – VİDEO
18-07-2018, 18:47.
"Vikipediya”da Azərbaycan mətbuatı ilə bağlı 143 məqalə yerləşdirilib
–VİDEO
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə
yaratdılar.
Azərbaycan Milli Mətbuatının
yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya
Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə
redaktə edilib. Bu məqalələrdən 55-i redaktə, 88-i isə yeni yaradılmış məqalədir.
Nəzərinizə çatdıraq ki, vacib məqamlardan biri kəmiyyət deyil, keyfiyyətdir, məhz
bu istiqamətdə də çalışılıb. Komanda bu sahədə fəaliyyətə başlayarkən ilk diqqət
yetirdiyi nüans Vikipediyada mətbuatla bağlı olan boşluqları üzə çıxarmaq və bu
boşluqlar üzərində iş aparmaq olub. İş bölgüsü bir neçə istiqamətdə aparılıb.
Əvvəlcə milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan "Tiflis əxbarı”
və "Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı
şəkildə redaktə edilib.
Daha sonra maarifçilik ideyasının daşıyıcısı olan, milli təfəkkürlü ziyalılar nəslinin
yetişməsində böyük tarixi xidmətlər göstərən və milli mətbuatımızın əsasını
qoyan "Əkinçi” qəzeti səhifəsi, həmçinin "Əkinçi” qəzetinin ənənələrini davam
etdirən və görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-Rus”,
"İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.
Azərbaycanda ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalı, eyni zamanda
"Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda "Bəhlul”, "Məzəli”,
"Azərbaycan”, "Kirpi”, "Mirat” kimi ana dilində nəşr olunan satirik jurnal səhifələri
də redaktə edilib. Bunlarla yanaşı, komandamız tərəfindən 2 kateqoriya və bir
şablon yaradılıb.
Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini
yaratmaqda mühüm rol oynamış "Füyuzat” jurnalı səhifəsi, habelə Azərbaycan mətbuatı
və publisistikası sahəsində, həmçinin millətin tərəqqisində müstəsna xidmətləri
olan Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Əsgər ağa Gorani,
Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski və Cəlil Məmmədquluzadə kimi ədiblərimizə
məxsus səhifələr əməkdaşlarımız tərəfindən əsaslı şəkildə redaktə edilib.
"Dəbistan”, "Rəhbər”, "Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni
zamanda "İşıq” və "Azərbaycan qadını” kimi bir sıra qadın jurnal səhifələri tərəfimizdən
redaktə edilib.
Sadalanan məqalələrlə yanaşı, Azərbaycanda XIX əsrdə rus dilində çıxan
"Bakinskiy listok”, "Kaspi” kimi mətbuat orqanları, "Qeyrət”, "Səda” kimi mətbəələr
redaktə olunan məqalələr siyahısına daxildir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni
baxışın təməli qoyulub. Məhz bu dövrdə fəaliyyət göstərən "Zənbur”, "Şeypur”
kimi satirik jurnallar, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin təsisçisi
olduğu "Açıq söz” qəzeti səhifəsi redaktə olunanlar sırasındadır.