Главная > İqtisadiyyat > Azərbaycanda qızıl ucuzlaşdı

Azərbaycanda qızıl ucuzlaşdı


31-07-2018, 11:37.

                Azərbaycanda qızıl ucuzlaşdı

 

Paytaxt satıcıları müştəri qıtlığından gileylənir; iqtisadçı ekspert: "Dünyadakı proseslər göstərir ki, qızılın qiyməti daha çox enə bilər”

Dünya bazarında qızılın ucuzlaşması Bakıdakı qızıl mağazalarında da qiymətlərə təsir edib. Ümumiyyətlə, bir neçə aydır ki, qızılın dünya bazarındakı qiymətlərində sabitlik pozulub. Qiymətin qalxması və ya enməsi ilə bağlı xəbərlər yayılır. Bütün bunların fonunda bir neçə ay idi ki, Azərbaycanda qızıl bazarında qiymətlər dəyişməz olaraq qalırdı. Lakin hazırda toy mövsümü olsa da, qızıl ucuzlaşıb. İqtisadçılara görə, bu ucuzlaşma bir müddət də davam edə bilər.

Bakıda yerləşən bəzi qızıl mağazalarında hazırkı qiymətlər və mövcud durumla tanış olduq. Müşahidə etdik ki, qiymətlər aşağı olsa da, müştəri də yox dərəcəsindədir. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, elə qiymətlərin enməsinə də əsas səbəb alıcı qıtlığıdır. Eyni zamanda onlar bildirdilər ki, manatın dollara nisbətdə məzənnəsinin uzun müddətdir sabit qalması da qızılın qiymətinə təsir göstərən amildir. Dediklərinə görə, malı xaricdən dollarla alıb manatla satdıqları üçün mövcud məzənnə qiymətlərə əsaslı təsir edir.

Qızıl satışı ilə məşğul olan Namiq Kərimov "Yeni Müsavat”a aşağıdakıları söylədi:"Hazırda bazarda qızılın qiymətində az da olsa enmə var. Belə ki, 585 və 583 əyyarlı lom qızılın 1 qramının qiyməti 37 manatadır. 750 əyyarlı lom qızılın 1 qramının qiyməti isə 47 manata satılır. Bu isə ötən ilin aprel, may ayı ilə müqayisədə təxminən 20-25 manat ucuzlaşma deməkdir. Eləcə də bu ilin yanvar ayı ilə müqayisədə təxminən 5-7 manat arasında ucuzlaşma var. Müştərilər isə ucuzlaşma olsa da əvvəlki kimi deyil. İnsanlar əvvəl daha çox ağ qızıl almağa meylli idisə, indi toy edənlər daha çox sarı qızıl sifariş verirlər. Bəziləri isə üzüyün çərçivəsini sifariş edib, sonra burada qaşlarını düzdürürlər. Bu isə hazır malların əldə qalmasına gətirib çıxarır. Ona görə də bazarda satıcılar hazır üzüklərin qiymətini daha çox aşağı salırlar. Hazırda da bu cür malların qiymətində endirimlər edirik. Bazarda 2000 manatdan 15 min manata qədər dəyişən qiymətlərlə komplekt tapmaq olar”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Bəs ucuzlaşmanın iqtisadi səbəbi nədir və bu, nə zamana qədər davam edəcək? "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli qızılın qiymətində ucuzlaşmanın iki səbəbini göstərdi:"Birincisi, dünya bazarında qızılın qiymətinin ucuzlaşması ilə bağlıdır. Alıcılar və satıcılar dünya bazarında qızılın qiymətinin necə olmasına fikir verirlər. Son 1 ayda qızılın unsiyasının qiyməti təxminən 100 dollara qədər düşüb. İkinci məsələ odur ki, Azərbaycanda alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bu, qızıla marağın da azalmasına gətirib çıxarır. Nəticədə toy mövsümü olsa belə, əvvəlki illərə nisbətən alıcılıq qabiliyyətinin aşağı olması, daha çox qızıl məmulatlarının alınmasına mane olan faktora çevrilir. Doğrudur, Azərbaycanda bazar adətən daxili qaydalarla idarə olunur. Yəni adətən xaricdə baş verən iqtisadi hadisələr ölkə daxilinə bir o qədər də yansımır. Ancaq burada psixoloji məqamlar da var. Kimsə qızıl almaq istəyirsə, öncə maraqlanır. Nəticədə saytlarda, televiziyada xəbərlər görür ki, qızılın dünya bazarındakı qiyməti enir. Daim bu xəbərlər axınında satıcılara bir növ basqı qurmağa başlayır. İrad bildirirlər ki, dünyada qızıl ucuzlaşıbsa, siz nə üçün baha satırsınız. Bu cür psixoloji təsir bazardakı qiymətlərə müəyyən təsir edir. Ancaq daha çox bazarın daxili qaydaları rol oynayır. Hazırda isə daxildə insanlar gündəlik tələbatlarını ödəmək üçün daha çox vəsait xərcləyirlər. Çünki digər məhsullar bahalaşıb. Bu, yığıma yönələn vəsaitin də azalmasına gətirib çıxarır”.

Ekspert hesab edir ki, yığım üçün qızıla yatırım etmək risklidir:"Əslində qızıl hər zaman riskli kapital sayılır. Çünki qiymətin artması və enməsi çox sürətlə baş verən bir əmtəə növüdür. Dünyada gedən proseslər də onu göstərir ki, qızılın qiyməti getdikcə daha çox enə bilər. Azərbaycanda da alıcılıq qabiliyyətinin yaxın zamanlarda kəskin artması ehtimalının aşağı olduğunu nəzərə alsaq, hətta yığıma yönələn qızıl alışları olsa belə, sonradan onu realizə etmək itki ilə nəticələnir. Yəni aldığın qiymətdən daha ucuz satmağa məcbur olursan. Qızılda itki daha çox olur. Ona görə də insanların yığım aləti kimi qızıla marağı xeyli azalıb”.

Əli RAİS, musavat.com


Вернуться назад