Главная > Baş Xəbər > Trampın media ilə düşmənçiliyinin pərdəarxası

Trampın media ilə düşmənçiliyinin pərdəarxası


31-07-2018, 12:45.

                Trampın media ilə düşmənçiliyinin pərdəarxası 

 

"Bir çox sahələrdə olduğu kimi media ilə münasibətlərdə də ciddi xətalara yol verir” - politoloq

ABŞ prezidenti Donald Tramp ilk dəfə mətbuatı "xalq düşməni” adlandıranda böyük narazılıqla qarşılanmışdı. Hətta bunu bəzi siyasətçilər Ağ Evin mətbuat azadlığına hücumu kimi də qiymətləndirmişdilər.

"New York Times” qəzetinin yayımcısı Arthur Gregg Sulzberger bu yaxınlarda Donald Trumpla görüşəndə onu jurnalistlərə hücuma son verməyə çağırmışdı. Lakin bu çağırışlar fayda verməmişdir.

Bu sabah Donald Trump twitində bunları yazıb:"Mətbuat azadlığı xəbərlərin dəqiq ötürülməsi məsuliyyətini özündə birləşdirir. Əldə etdiyimiz yüksək müsbət nəticələrə baxmayaraq mənim administrasiyamın fəaliyyəti haqqında yayılan xəbərlərin 90 faizi mənfidir. Təəccüblü deyil ki, mətbuata inam heç vaxt olmadığı qədər aşağıdır”.

Maraqlıdır, Tramp mətbuatı niyə sevmir? Haradan gəlir bu aqressiya?

"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Donald Tramp kəmsavad, eyni zamanda siyasətdə səriştəsiz adamdır:"Tramp konqresmen olmayıb, senator olmayıb, siyasi partiyanın başçısı olmayıb. Yəni siyasi həyat keçməmiş bir adamdır. Jurnalistlər də onu hakimiyyətə təsadüfi gəlmiş adam hesab edirlər. Onun təsadüfiliyi də prezident seçildikdən sonra yola verdiyi səhvlərdə özünü göstərdi. Amerika mediası Trampın yol verdiyi səhvlərə qarşı çox amansız hərəkət edir və onun səhvlərini ciddi tənqid edirlər. Melaniya onun üçüncü xanımıdır. Tramp ailə həyatında da çox səhvlər etmiş adamdır. Məsələn, Trampın evlənməsindən tutmuş, prezidentlik fəaliyyətinə qədər hər şey media tərəfindən ciddi izlənilir və hər hansı bir qüsur aşkarlananda tənqid edilir. Trampın sevdiyi tək televiziya var. O da FOX-dur. Hətta FOX da bu yaxınlarda onun Putinlə görüşü barədə tənqidi şərhlər verdi. Trampı Putinin kuklası adlandırdılar, hətta Amerika dövlətinə xəyanətdə təqsirləndirdilər.

 

Bu prosesə konqresmenlər də qoşuldular. Ümumiyyətlə, hakimiyyətə gəldiyi andan Tramp media ilə münasibətləri qurmaq əvəzinə, ilk bəyanatlarından medianı ”düşmən" adlandırdı. Çünki media Trampın hakimiyyətə təsadüfi gəldiyini və onun hakimiyyətə gəlişində Rusiyanın seçkilərə müdaxiləsi olduğu fikrini yaymağa başlamışdılar. Sonradan müstəqil prokurorlar tərəfindən aparılan tədqiqatlar da bu təsdiq etdi. Hətta Federal Kəşfiyyat İdarəsi də sübut etdi ki, bəs həqiqətən də Rusiya ABŞ-da olan seçkilərə müdaxilə edib.

 

Düzdür, bu müdaxilə seçkilərin nəticəsinə təsir etməsə də belə bir fakt olub. Tramp əvvəl bunu medianın oyunu adlandırsa da, sonralar Mərkəzi və Federal Kəşfiyyat idarələri tərəfindən bu, təsdiqlənəndən sonra hökumət orqanlarının verdiyi rəylərə tabe olmağa məcbur oldu. Bəyanatında etiraf etdi ki, bəli, seçkilərin nəticəsinə təsir etməsə də, Putinlə görüşdən sonra Rusiyanın seçkilərə müqaviməti faktını qəbul edir".

Politoloqun sözlərinə görə, Tramp media ilə münasibətlərini heç cürə qura bilmir:"Bunun günahını mediada yox, Trampın özünün media ilə işləyə bilməmək qabiliyyətində və media ilə öcəşkən siyasətində görürəm. Tramp bir çox sahələrdə olduğu kimi media ilə münasibətlərdə də ciddi xətalara yol verir, medianın real faktlara söykənən iradlarını qəbul etmir, bunu subyektiv qiymətləndirir, çox zaman da medianı acılayır və prezidentə yaraşmayan ifadələrlə medianı aşağılamağa cəhd göstərir. Ona görə də media da Trampı sevmir”.

Ləman MUSTAFAQIZI, musavat.com

 


Вернуться назад