Nazir "qan pulu” veriləcək şəhid hərbi
qulluqçuların siyahısının dərc ediləcəyi vaxtı açıqladı
Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi
qulluqçuların siyahısı sentyabr ayında dərc ediləcək
Qaziler.az bildirir ki, Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,
ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan
edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il
tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində (ƏƏSMN) yaradılmış Komissiyanın növbəti iclası olub.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizin ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə
şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının "Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci
il tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani
təsdiqidir. Bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və
şəhid ailələrinə verilməsi planlaşdırılırdı. Qeyd olunan Sərəncam isə daha 300
mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin
ayrılmasınə nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan
verir.
S.Babayev 19 aprel 2018-ci il tarixli Fərmanının da şəhid ailələrinin sosial
müdafiəsində mühüm addım olduğunu qeyd edib. O, Fərmanın icrasının tam şəffaf,
vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün Komissiya tərəfindən
ötən dövrdə aparılan işlər haqqında məlumat verib. Nazir vurğulayıb ki,
ƏƏSMN-nin müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların
ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin
verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət
Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi
qulluqçuların siyahısını nazirliyə təqdim edib. Hazırda bu siyahılar üzərində
müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin sentyabr ayında yekunlaşdırılması
planlaşdırılır.
S.Babayev dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi
saytında dərc ediləcəyini deyib. O qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların
həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün
notariat orqanlarına müraciət etmələri barədə əhalinin KİV vasitəsilə geniş məlumatlandırılması
təmin olunacaq. Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa
həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o,
nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi
prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv
şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata
keçiriləcək.
İclasda həmçinin Komissiyanın qarşısında duran vəzifələrin icrası, müvafiq
siyahılar əsasında dəqiqləşdirilmiş yekun siyahının tərtibi məsələləri müzakirə
olunub.
Вернуться назад
|