Главная > Ölkə > Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi

Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi


11-10-2016, 21:14.

11 ildir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.

Keçmiş nazirin vəkili Toğrul Babayev AzadlıqRadiosu-na bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib.

"Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin başa çatmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır”, – Əli İnsanov barəsindəki yeni həbs qərarına belə münasibət bildirib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış – bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.(azadliq.org)

 

 

Uluyol.info


Вернуться назад