Payız fəslidir və havalar artıq sərin, küləkli olmağa
başlayıb. Gün keçdikcə havalar daha da soyuyur və yağışlı günlərin başlamasına
elə də çox müddət qalmayıb. Bu cür havalar xüsusilə də uşaqların səhhətində
problemlər yaradır, onların xəstələnməsinə yol açır. Məhz hava keçidlərində
uşaqlarda qızdırma, halsızlıq, öskürək, qusma kimi hallara çox rast gəlinir. Bəs
bu cür narahatlıqları aradan qaldırmaq üçün valideynlər nələrə diqqət etməlidir?
Bununla bağlı Ailem.az-a danışan pediatr Vaqif
Qarayevbildirir ki, mövsümlə bağlı havanın hətta günbəgün
dəyişməsi uşağın həm ümumi ovqatına yansıyır, həm də payızın soyuğu orqanizmə təsir
edir: "İbtidai sinif şagirdləri məktəbin ümumi ab-havasına, mühitə çox çətinliklə
uyğunlaşırlar. Çünki onlarda başqa rejim yaranır, həm yuxu, həm yemək, üstəlik
də dərs hazırlıqları. Bunlar hamısı psixoloji yükdür. Buna görə də bu dəyişikliklər
mütləq immunitetə təsir edir”.
"Uşaqla mehriban davranın ki...”
Pediatr deyir ki, belə havalarda uşağın çantasına mütləq qalın bir geyim
qoyulmalıdır: "Qidalanmada isə təbii ki payızdır, tərəvəz, meyvə nisbətən çox
olmalıdır. Məktəbli uşaqların gündəlik menyularında ət olmalıdır. Meyvəni isə
şirə şəklində yox, yaxşı olar ki, təbii şəkildə yesinlər. Yağışlı, çiskinli
havalarda uşaqların ovqatı pozulur. Ona görə belə günlərdə onlarla daha diqqətli
və mehriban olmaq lazımdır. Onlar çox ağlağan olur, evdən çıxmaq istəmirlər.
Ona görə valideyn də, müəllim də daha mehriban olmalıdır ki, uşaq havanın
verdiyi stressə dözsün”.
"Valideynlər həkimə yox, əczaçıya inanır”
V.Qarayevin sözlərinə görə, körpə yaşlı uşaqlarda qızdırma 38 dərəcədən
çoxdursa və 3 gündən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır.
Südəmər uşaqlarda isə günün əhəmiyyəti yoxdur. Onda qızdırma varsa, dərhal həkimə
getmək lazımdır: "İlkin yardım kimi, valideynlər uşaqlara qızdırma əleyhinə dərmanlar
verə bilər. Həkimin baxışına qədər parasetomol qrupundan nəsə, ya da nurofen
vermək olar. Bəzən fikir verirəm, valideynlər gedir aptekə, satıcıya deyir ki,
uşağımın qızdırması var. Aptekçi də ora 5 dənə dərman qoyur, valideyn hamısını
alıb aparır. Bəla burasındadır ki, valideynlər əksər hallarda həkimə yox, əczaçıya
inanır, onların dediyinə əməl edirlər. Amma həmin dərmanların necə istifadəsini,
hansı dozada verilməsini həkim təyin etməlidir. Bəzən valideynlər gəlir deyir
ki, uşağın qızdırması var, məncə, boğazı ağrıyır. Aptekçi də ona qızdırma dərmanı
və iki antibiotik təyin edir. Əksər hallarda o antibiotik lazım deyil. Yəni
apteklər burada tibb müəssisəsi kimi deyil, ticarət obyekti kimi fəaliyyət göstərir.
Adi soyuqdəymə məsələn, iki-üç günə keçəcəkdisə, o antibiotiklərin zərərləri
hesabına həmin xəstəlik daha da uzanır”.
Südəmər uşaqlarda davamlı qızdırma təhlükəlidir
Həkim qeyd edir ki, südəmər uşaqlarda davamlı, 38 yarımdan çox qızdırma müşahidə
edilirsə, bu, uşağın həyatı üçün təhlükəlidir: "Ona görə də özünü müalicə ilə məşğul
olmaq yolverilməzdir. Özbaşına antibiotiklər təyin etmək olmaz. Çünki əksər
hallarda antibiotikin təyinatına göstəriş olmur. Bu da uşağın mədə-bağırsaq
sistemində ciddi problemlər yaradır. Həmçinin, yüksək qızdırmalarda uşaqlarda
nazik kapilyarların partlaması nəticəsində burun qanamaları ola bilər”.
Qusma hallarında bədən susuzlaşır
O bildirir ki, qusma olduqda və xüsusilə üç yaşına qədər uşaqlarda təkrar
qusmalar yaranarsa orqanizmdə susuzlaşma ehtimalı həddindən artıq çoxalır: "Bədən
susuzlaşır, təkcə mədə-bağırsaq deyil, orqanlar da bu prosesə qoşulur və vəziyyət
ağırlaşır. Əgər uşaqda iki-üç dəfədən çox qusma olarsa, həkimə müraciət edilməlidir.
Məktəb yaşlı uşaqlar qusmanın yaratdığı susuzlaşmaya bir az davamlı olurlar,
körpə yaşlı uşaqlar isə
yox. Burada da özünü müalicə olmaz”.
Ulu Yol Xəbər portalı » Səhiyyə » Uşaqda qızdırma, qusma, öskürək varsa, nə etməli? – PEDİATR TÖVSİYƏSİ
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/