Allah yoluna dəvət

Bismillahir-Rəhmanir-Rəhim "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et…” (1) Bu ayəyə diqqət etdikdə, ilk öncə çağrının sanki peyğəmbərə (s), Əhli-beytə (ə) və peyğəmbərin canişinlərinə - məsum imamlara (ə) aid olduğunu görürük. İnsanları hidayət etmək missiyası onların öhdəsində olduğu üçün ilk növbədə ilahi əmri onlar yerinə yetirirlər. Müqəddəs şəxslərdən sonra din xadimləri gözəl ilahi əxlaqa yiyələnməli, ilahi elmlərdən faydalanmalıdırlar. Onlar, peyğəmbərlərin əmrlərini həyata keçirməklə bu sahədə kifayət qədər təcrübə qazanmalı və haqq yoluna dəvət etməlidirlər. Əks təqdirdə onların təbliğatının mənfi təsirləri ola bilər. Allahı dərk etməyən, dini anlamayan və özünü tanımayan şəxs xalqı dinə necə dəvət edə bilər!? Deməli, haqq yoluna dəvət etmək hər kəsin vəzifəsi deyil. "Əl-əmr bil məruf vən-nəhy ənil-münkər”in(2) bütün mərhələlərini icra etmək də hər kəsə vacib deyil. Digər sahələrdə olduğu kimi bu sahədə də müəyyən olunmuş qaydalar var. Bu barədə, din alimləri tərəfindən fiqh kitablarında qanunlar yazılıb. Bu yazıda, nəhcül bəlağədən əl-əmr bil məruf vən-nəhy ənil-münkərə aid həzrət Əlinin (ə) dəyərli tövsiyələrindən bir qismini nəzərinizə çatdırırıq: 1. Əl-əmr bil məruf vən-nəhy ənil-münkər etmək bu sahədə kifayət qədər məlumatı olan insanların missiyasıdır. Onun hansı şəraitdə uğurlu olacağını məhz məsumların buyurduqları hədislərdə görmək olar. Əli (ə) buyurub: "Cəhalət və nadanlıqla yaşayan, azğınlıqla ölən dəstədən Allaha şikayət edirəm. Doğru oxuduqda və onda heç dəyişiklik etmədikdə onlar üçün Allahın kitabından daha kasad və dəyərsiz mal yoxdur. Təhrif və dəyişiklik etdikdə (öz batil qərəzlərinə uyğun təvil etdikdə) ondan qiymətli və geniş yayılmış başqa bir mal olmaz. Onlar üçün yaxşı işlərdən pis və pis əməllərdən yaxşı olan iş yoxdur.” (3) O həzrət, 88-ci xütbədə buyurur: "Onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar, heç bir peyğəmbərin və imamın yolunu davam etdirmirlər. Pislikdən (haram və şübhəli şeylərdən) çəkinmirlər. Şübhələrə əməl edib nəfsi istəklərinə tabe olurlar. Onların nəzərində yaxşı, özlərinin yaxşı bildikləri, pis isə özlərinin pis hesab etdikləridir. İlahi elmlərdə öz (səhv) rəylərini əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış imamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).” "Allahın çətinliklərə düçar etmək və işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə və öyüddən bəhrələnməz. Ona qarşısından (bir-birinin ardınca) nöqsan və ziyan dəyər və nəticədə (nadanlıq və azğınlığının artması nəticəsində) nalayiq və çirkini yaxşı, bəyənilən və yaxşını isə çirkin bilər.”(4) 2. İmam Əlinin (ə) din alimlərinə etdiyi tövsiyələrdən belə məlum olur ki, hidayət məqsədi ilə deyilmiş söz, onu söyləyənin əməli ilə uyğun olarsa daha çox təsirə malik olur: "Qadağan (haram) edilmişləri törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz.”(5)"Başqalarını nalayiq işlərdən çəkindirən, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkməyən; (başqalarına) özü etmədiyi şeyləri əmr edənlərdən olma.”(6) 3. Təbii ki, haqq yoluna dəvət edən şəxsi çoxlu manelər gözləryir. Bu zaman ətrafda ona ünvanlanan təhqirlərə məhəl qoymamalı və öz vəzifəsini yerinə yetirməlidir. Həzrət Əlinin (ə)

öz övladı Həsənə (ə) yazdığı məktubda aşağıdakı mənalar diqqəti cəlb edir: "...Yaxşı işlərə əmr et. Pis işləri əl və dilinlə qadağan et. Öz səy və təlaşınla onları (pis işləri) yerinə yetirən kəsdən ayrıl… Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. (Başqalarını yaxşı işlərə əmr edərək pis əməllərdən çəkindirməkdə və digər ilahi hökmlərin icrasında kiminsə tənə vurması, sənə boynunda olan vəzifəni yerinə yetirməyə mane olmasın.) Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda çalış...”(7) 4. Bəzən bir insan, onun həyatında baş verən bir "qığılcım” vasitəsi ilə də haqqa üz tuta bilər. Lakin, təcrübələr göstərir ki, adətən əksər insanların hidayəti, tədrici və müəyyən mərhələlərlə həyata keçir. Bunun həmişə nəzərə alınmamsı təəssüf doğurur. Halbuki, o, olduqca əhəmiyyətlidir. Həzrət Əli (ə) buyurur: "Onlardan (inkar edənlərdən) bəziləri pislikləri öz əl, dil və qəlbi ilə inkar edir. Beləliklə, o, gözəl xislətləri sona çatdırıb, kamala yetirib. Bəziləri əli ilə deyil, dil və qəlbi ilə inkar edir. O, iki gözəl xislətdən yapışıb, birini (əl ilə inkar etməyi isə) zay edib. Bəzisi isə əl və dili ilə deyil qəlbi ilə inkar edib. O, üç xislətin ən şərəfli ikisini zay edib və bir xislətdən (qəlb ilə inkar etməkdən) yapışıb. Bəziləri isə nalayiq işləri dil, qəlb və əli ilə inkar etmir. O, dirilərin ölüsüdür. Bütün yaxşı əməllər və Allah yolunda cihad etmək, Əl-əmr bil məruf vən-nəhy ənil-münkərin müqabilində geniş dəryaya ağız suyu atmaq kimidir. (Çünki İslamın varlığı Əl-əmr bil mə'ruf vən-nəhy ənil münkər ilədir.) (8) "Ey möminlər! Kim zülm və sitəm edilməsini və xalqın xoşagəlməz və nalayiq işlərə dəvət edilməsini görsə və onu qəlbi ilə inkar etsə, (qiyamət gününün sorğu-sualından) qurtulub və (günahdan) uzaq olub. (Bu, insan əl və dili ilə həmin şeyi inkar və rədd edə bilməyəndə və ya qorxu və zərər yetirilməsindən amanda olmayan zaman üçündür. Ümumiyyətlə onun hökmü yerlərinin müxtəlifliyi ilə dəyişir.) Kim onu dili ilə inkar etsə savab qazanıb və onun mükafatı qəlbi ilə inkar edəndən çoxdur. Allahın sözünün (din, tovhid və itaətin) uca, zalımların sözlərinin (şirk, küfr, azğınlıq və günahın) alçaq və xar olması üçün onu qılıncı (vuruşma) ilə inkar edən kəs isə hidayət və nicat yoluna çatıb, (Allahın bəyəndiyi) düz yoldadır və yəqin və inam onun qəlbində nurlanıb.”(9)"Əl-əmr bil məruf” (başqalarını bəyənilən yaxşı işlər görməyə vadar etməyi) və "Ən-nəhy ənil-münkəri” (çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaq etməsini istəyərsiniz amma) qəbul olmaz.”(10) "(Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın sevdiyi xasiyyətlərdən olan iki əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş, ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz.”(11) "Hər kim yaxşı işlərə əmr etsə möminlərə qoşularaq onları gücləndirib. Pis (nalayiq) işləri qadağan edən kəs münafiq və ikiüzlülərin burunlarını torpağa sürtüb.” (12) Sonda nəzərinizə çatdırmalıyam ki, Allah yoluna dəvət etmək, "Əl-əmr bil məruf vən-nəhy ənil-münkər”- deyil. Allah yoluna dəvət etmək, dini söhbətlər, tədris və insanları hidayət edə biləcək bütün vasitələrlə həyata keçir. Lakin yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək məhz əmr və çəkindirməklə reallaşır. Dil ilə yaxşı işlər görməyə əmr etmək və pis işlərdən çəkindirmək hər bir imanlı şəxsin vəzifəsidir. Həzrət Əli (ə) buyurur: "...Dilinizlə Allah yolunda cihad edin və "əl-əmr bil məruf vən-nəhy ənil-münkər"i tərk etməyin”.

Qeydlər: 1- "Nəhl surəsi, 125- ci ayə. 2- "Yaxşı işlər görməyə dəvət (əmr) etmək və pis işlərdən çəkindirmək”. 3- "Nəhcül bəlağə”, 17-ci xütbə. 4- "Nəhcül bəlağə”, 176-cı xütbə. 5- "Nəhcül bəlağə”, 105-ci xütbə. 6- "Nəhcül bəlağə”, 150-ci hikmət. 7- "Nəhcül bəlağə”, 31-ci məktub. 8- "Nəhcül bəlağə”, 374-cü hikmət. 9- "Nəhcül bəlağə”, 373-cü hikmət. 10- "Nəhcül bəlağə”, 47-ci məktub. 11- "Nəhcül bəlağə”, 156-cı xütbə. 12- "Nəhcül bəlağə”,31- ci hikmət.

 

İlahiyyatçı-yazar: Şəhriyar Əliyev

 

Uluyol.biz

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300