Şəhriyarın həyatındakı gizlinlər:”Setarı sındırıb, bütün insanlarla əlaqəni kəsdi”

 

Azərbaycan klassik poeziyasının sonuncu ən güclü nümayəndələrindən sayılan, Güney Azərbaycan ədəbiyyatının ən güclü şairi Məhəmmədhüseyn Şəhriyar iki dildə möhtəşəm ədəbi irs qoyub. Lakin ən çox araşdırılan, öyrənilən alim olmasına baxmayaraq, Şəhriyar bu gün hələ də bəzi yönləri ilə tədqiq edilməyib.

 

 

Biz Şəhriyarın hansı yönlərini, müsbətlərini hələ də bilmirik? Buna şəhriyarşünas alim, AMEA-nın əməkdaşı, Güney Azərbaycan ədəbiyyatı üzrə məhsular tədqiqat işləri aparan Esmira Fuad Şükürova moderator.az-a geniş açıqlamasında ətrafı cavab verib:

 

"Bizlər ustad Şəhriyarı hələ də yetərincə dəyərləndirə, yaşamındakı gizlinləri, baş verən olayları və yaradıcılığındakı bir çox məqamları bilə bilmirik. Bunun üçün ilk öncə ustadın farsdilli yaradıcılığı Azərbaycan türkcəsinə bütünlüklə tərcümə olunmalıdır, həm də qüsurlara, xətalara yol vermədən... Bu günədək bəzi əsərləri ana dilimizə çevrilərək nəşr olunsa da, fars dilində yaratdığı üçcildlik Divanının tam şəkildə tərcüməsi gerçəkləşdirilməyib”.

Esmira Fuad Şükürova bu günlərdə şəhriyarşünaslıqda ilkə imza atıb. O, ilk dəfə olaraq, min bir çətinlik hesabına böyük şairin biblioqrafiyasını hazırlayıb. Qeyd edək ki, bu elmi işi ilk dəfə məhz xanım tədqiqatçı görüb:

 

 

"Mən üç il dalbadal onun adına İranda, onun ərazisindəki ən qədim yaşayış məskənimiz, şəhərlər şahı Təbrizdə düzənlənən Beynəlxalq konfransda iştirak etdim və 2015 və 2016--cı illərin məruzələrində və ayrı-ayrı elm xadimləri ilə görüşlərimdə, özəlliklə Təbriz Universitetində rektor Məhəmmədrza Məhəmmədpurun təşkil etdiyi görüşdə hər kəsə, xüsusilə cənab Fərşbafiyana bu istəyimi çatdırdım. Eyni zamanda Ustad Şəhriyarın yaşamı, yaradıcılığı və bədii irsinin tədqiq tarixini yaratmaq-biblioqrafik göstərici hazırlayıb nəşr etmək niyyətində olduğumu bildirdim. Və təbii, bu barədə İranda çap olunan materialları, heç olmazsa, heç bir xalqın və dövlətin etmədiyi möhtəşəm bir tədbirin - Şəhriyarın ölümündən bir il sonra İranda düzənlən elmi tədbirlərdə səsləndirilən məruzələrin, konfrans materialların nəşr edidiyi topluları istədim. Ancaq min təəssüflər ki, cənab Fərşbafiyan hər dəfə can-başla söz versə də, məsələ öz həllini tapmadı. Özüm İran mətbuatından, internet resurslarından-yəni sanal dünyadan nələri əldə edə bildimsə, onları və Azərbaycanımızın Quzeyində şair haqqında yayımlanmış çap məhsullarını toplayaraq "Məhəmmədhüseyn Şəhriyar: Biblioqrafik göstərici" adı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi yardımı ilə yayınladıq və cəsarətlə söyləyə bilərəm ki, bütün Türk dünyasında bir ilkə imza atdıq. Çünki bugünədək belə bir örnək olmamışdı.Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktorları filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Əməkdar Mədəniyyət İşçisi Xuraman İsmayılovadır. Mən bu xanımların adını özəlliklə qeyd edir və dönə-dönə təşəkkür edirəm kitab üzərində çəkdikləri zəhmətə görə...”


 

Tədqiqatçı Şəhriyarın anadilli yaradıcılığı ilə yanaşı, fars dilində yazıb-yaratdığı əsərlərin o qədər də araşdırılmadığını bildirir. O, şairin fars dilindəki yaradıcılığı ilə anadilli yaradıcılığı arasında müqayisələr apararaq, maraqlı nəticələrə gəlir:

 

"Bilirsinizmi, Şəhriyarın anadilli yaradıcılığı zaman-zaman çeşidli araşdırmaların mövzusu olsa da, farsdilli yaradıcılığı Qulamhüseyn Beqdelinin "Məhəmmədhüseyn Şəhriyar”, Nazim Rizvanın "Şəhriyar yaradıcılığında vətənpərvərlik" namizədlik dissertasiyasında və Hökümə xanım Büllurinin "Məhəmmədhüseyn Şəhriyar" monoqrafiyasında tədqiqat obyekti olub. Və şair fars dilində mükəmməl təhsil aldığından bu dildə qələmə aldığı əsərlərin sənətkarlıq səviyyəsi çox yüksəkdir. Anadilli bədii irsi, özəlliklə "Heydərbabaya salam" poeması onu şöhrət zirvəsinin əbədi sakininə çevirsə də, açığı, şairin farsca yazdığı əsərlər sənətkarlıq məziyyətləri baxımından daha mükəmməl, kamil və rəngarəngdi... Onlardakı poetik simmetriya, dil və üslub gözəlliyi, məna dərinliyi, məzmun dolğunluğu heyrət doğurur. Elə buna görə də Şəhriyarın sənət dünyası hələ neçə-neçə kitabın, tədqiqatın, neçə-neçə bədii əsərin işığında bərq vuracaqdır... Ana dilində yazdığı qəzəllər, "Heydərbabaya salam" və "Səhəndim" poemaları bir sənət möcüzəsi, ədəbi hadisədir. Ancaq nəzərə alsaq ki, şairin Türki divan külliyyatından başqa fars dilində yazdığı əsərlərdən oluşan daha üç cildlik divanı var və bu cildlərdə nə sənət möcüzələri baş-başa verib, oxucu demək istədiyimi çox gözəl anlamış olar”.


 

Esmira xanım həm də Şəhriyarın bioqrafiyasının araşdırıcısıdır. O, böyük şairin həyatındakı bəzi gizlinlər barəsində də maraqlı məqamlara toxunub:

 

"Şairin həyatındakı gizlinlər məsələsinə gəlincə, sizə bu yöndə Şəhriyarın özünün və yaxın dostu Lütfulla Zahidinin xatirələrindən bir-iki örnək gətirəcəyəm və əmin olun ki, bu dediklərim İran oxucusuna məlum olsa da, bizlər, baxmayaraq ki, bu kimi faktları "Söz sərrafı Şəhriyar" kitabımda vermişəm, amma genəlliklə xəbərsizik:

 

Şair İsmayıl Firuz Süməri ilə müsahibəsində "Behcətabad xatirəsi" adlı qəzəlin yazılmasının səbəbləri ilə maraqlanan müsahibinə cavabında da sevgilisinin ailəsinin ona xüsusi rəğbət və ehtiram göstərdiklərini xatırlamış və demişdir: - O, mənim gənclik dövrümün şeiridir.. Şeri yazdığım qız sinif yoldaşlarımdan birinin bacısı idi. Bəzən, onların evlərinə gedərdim. Nəcib, ədəb-ərkanlı bir gənc olduğuma görə, yadımdadır ki, həmişə mənə deyərdilər: - Bu qız sənindir! Aramızda sıx ünsiyyət və ülfət yarandıqdan sonra o zamankı dövlətin məmur ailələrindən biri sevgilimi zor gücünə əlimdən aldı, özümü də Nişapura sürgün elətdirdi..." Şəhriyar düşdüyü bütün vəziyyətləri, dövrə münasibətini ifadə edən şeirlər qələmə almış, yazdıqları ilə oxucularının, sevənlərinin, bütövlükdə xalqının ruhunu oxşamış, qəlbini ehtizaza gətirmişdi. Lakin müqəddəs məqama yetişdikdən, bu böyük feyzi dərk etdikdən, ruhi rahatlığa qovuşduqdan sonra, onun həyata, elmə, ədəbiyyata dair baxışlarında və həyat tərzində, eləcə də bədii yaradıcılığında köklü dəyişikliklər yaranır. Bununla bağlı yaxın dostu Litfulla Zahidi xatirələrində yazır: "Şəhriyarın musiqiyə sonsuz sevgisi var idi və setarı böyük ustalıqla çalırdı. O zaman bir neçə nəfərin, mərhum Dərvişin də setarı var idi. Mərhum Səba onu Şəhriyara vermişdi. O vaxtdan Şəhriyar musiqidən elə üz döndərdi ki, indiyə qədər heç bir musiqi alətinə əl vurmadı. Hətta özünün setarını da sındırıb atdı. O, bütün sevinc və şadlıq duyğularını ifadə edən şeirlər yazmağı da bir müddət tərgitdi, otuz il ciddi şəkildə adət etdiyi tiryəki maddələrdən təsirlənməyə də möcüzəli bir şəkildə son qoydu. Xülasə, aludə olduğu hər şeyi bir kənara atdı və bundan sonra onun bütün fikri-zikri yalnız Quranı diqqətlə, heca-heca oxumaq, ibadət etmək oldu. Ünsiyyətdə olduğu adamlarla əlaqə və görüşdən də boyun qaçırdı və bu hal bir neçə il davam etdi. Şəhriyar qəmli, kədərli və düşüncələr aləmində olurdu. Gözləri həmişə yaşla dolardı. Öz işlərini yalnız özü görərdi. Heç kəsin köməyini qəbul etmirdi. Əksər hallarda isə deyirdi: - Allah adamı, həqiqi mömin gərək imtahan versin. Mənim imtahanım çətindir". Təbii ki, bu ruhani kamillik, ariflik səviyyəsinə yüksəlmə çağları, həmin məqama yetənədək uzun bir mənəvi təmizlənmə yolu keçən ustadın qocalıq dövrünə təsadüf edir… Ancaq altmış yaşında ikən yazdığı "Ömrümün bölgüsü" adlı qitəsində yaşadığı ömrü poetik sözün qüdrətilə şairin özünün mərhələlərə ayırması daha diqqətçəkəndir: "Nə ömür, bu altmış ilin yarısı gecə oldu - yuxuda, xəyalda keçdi, qalan yarısının yarısı oynamağa - uşaqlıq dövrünün şıltaqlıqlarına sərf olundu... Ömrün gənclik adlanan qalan yarısı həyati, maddi-cismani ehtiyacları ödəməyə həsr olundu, qalan yarısında qocalıq çağları-bədbəxtlik və çətinlik dövrü başlandı... Kim bu uzun illərdə düşünməyə macal tapıbsa, ömür elə budur, qalanları isə xoş xəyallardır"...


 

Çox şükür ki, bu il institutumuzda yeni tədqiqat planlarına şairin yaşamı, türkcə və farsca yaradıcılığı haqqında qapsamlı bir monoqrafiya yazılması da daxil edidi. Bu böyük iş mənə tapşırıldığına görə, sayın akademik, institumuzun direktoru İsa Həbibbəyliyə minnətdaram... Əminəm ki, bu monoqrafiyada hansı baxış bucağından baxılsa Ustad şairin möhtəşəm obrazı görünəcəkdir...”

 

Elmin Nuri, moderator.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300