Azərbaycan Respublikası Konstitusiyasının dövlət rəmzlərimizlə bağlı 23-cü maddəsində Azərbaycan Respublikasının Dövlət bayrağından bəhs olunur.

 

Həmin maddədə qeyd olunur ki, bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda bayrağa hörmət göstərilməsi vəzifələrindən tutmuş, istifadə qaydalarına qədər bütün məsələlər öz əksini tapmışdır.

 

Həmin qanunda göstərilir ki, bayrağımıza hörmət göstərilməsi ilə bağlı vəzifələr aşağıdakılardır:

 

- Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

 

- Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

 

- Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

 

Qanunun 2-ci maddəsində bayrağımızın qaldırılmalı olduğu yerlər göstərilmişdir:

 

1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.

 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vəkonsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vəkonsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.

 

3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.

 

4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhədzastavalarının binaları üzərində daimi qaldırılır.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:

 

• Azərbaycan Respublikasının bayram günlərində;

 

• hərbi andiçmə mərasimində;

 

• hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;

 

• hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.

 

• Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.

 

• Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda vəotaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vəkonsulluqları başçılarının, Azərbaycan Respublikası Milli Bankı idarə heyəti sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vəkonsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.

 

Dövlət bayrağımız Azərbaycan Respublikası prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin vəkonsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir. Dövlət bayrağı həmçinin qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.

 

Qanuna görə, Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər. Həmçinin dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.

 

Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

 

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər aşağıdakılardır:

 

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 

Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin - Red 185C rənginə, yaşıl rənginin - Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

 

Bütün bu tələblərin ziddinə gedilməsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslərə yeni cəzalar müəyyənləşə bilər. Belə ki, Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsinə dəyişiklik təklif edilir. Təkliflərdə qeyd olunur ki, dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300