Nazarbayevdən inqilabi addım - kirildən imtina, latına keçid qərarı təqdir olunur

 

Postsovet ölkəsinin daha bir aparıcı türk dövləti latın qrafikasına keçidini rəsmiləşdirdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb.

Fərmana əsasən Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur. (APA)

 

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.

Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.

Türk xalqları ailəsinə daxil olan qazaxların daha bir sovet imperiyası mirasından imtinası və latın qrafikalı əlifbaya keçməsi təqdirolunandır. Düzdür, müstəqilliyini qazandıqdan yalnız 26 il sonra qardaş qazaxların kirildən imtina etməsi bir az da təəssüf doğurur. 1922-1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edən Azərbaycanda bu qrafikanın tam tətbiqinə təkrarən 2001-ci ildə rəsmi qərar verilib. Belə ki, Azərbaycan prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da bununla bağlı fərman imzalayıb. 16 il sonra isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev eyni məzmunlu fərmana imza atdı. Qazaxıstan əhalisinin çox böyük faizinin rusdilli əhalidən ibarət olduğunu nəzərə alsaq, Nazarbayevin gecikmiş qərarı anlaşılandr. Belə çətin şərtlər altında Türkiyə, Azərbaycan, Türkmənistan və Özbəkistandan sonra daha bir önəmli türk dövlətinin latın qrafikasına keçid qərarını gecikmiş də olsa, mühüm hadisədir. Ekspertlər hesab edir ki, vahid qrafika gələcəkdə ortaq türk dilinin yaranması istiqamətində də öz rolunu oynaya bilər. Düzdür, Qazaxıstandakı yeni əlifba Azərbaycandakı kimi 32 hərfdən ibarətdir, ancaq hərf və səs fərqləri var. Amma xalqların arasında körpü atılması baxımından yalnız müsbət qarşılanacaq addımdır.

Image result for Fazil Mustafa

Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, latın əlifbasına keçid ümumilikdə faydalı və təqdirolunan addım sayıla bilər:"Qazaxıstanda latın əlifbasına keçirilməsi çoxdan planlaşdırılmışdı. Sadəcə hazırlıq prosesi bir qədər uzandı. Ancaq bunun ortaq türkcəyə təsiri olacağını söyləmək doğru olmaz. Bu xeyli çətin gerçəkləşə biləcək bir layihədir”.

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, latın qrafikasına keçid keçmiş SSRİ-nin türk respublikaları arasında ilk dəfə Azərbaycanda baş verib:"Daha sonra Türkmənistan latın qrafikasına keçidlə bağlı qərar qəbul edib. Özbəkistanda da latın qrafikasına keçid prosesi başa çatmaq üzrədir. Hələlik yalnız Qırğızıstan latın qrafikasına keçidlə bağlı tərəddüd edir. Sabiq prezident Aslanbek Atambayev çox bəsit, əsaslandırılmamış arqumentlərlə latın qrafikasına keçidin əleyhinə çıxış edirdi. Onun varisinin latın qrafikalı əlifbaya keçidlə bağlı mövqeyi hələ bəlli deyil. Lakin düşünürəm ki, Qırğızıstanda hakimiyyətdə olan siyasi partiya bu prosesi mümkün qədər ləngitməyə çalışacaq. Çünki onlar latın qrafikalı əlifbaya keçidə türk dünyasının birliyi müstəvisindən deyil, mövcud Bişkek-Ankara münasibətləri kontekstindən yanaşırlar”.

Nazarbayevin qərarına gəldikdə isə, E.Mirzəbəyli dedi ki, Qazaxıstan prezidenti hər zaman olduğu kimi, latın qrafikasına keçidlə bağlı tarixi və əlverişli bir vaxtda qərar qəbul edib:"Qazaxıstandakı demoqrafik vəziyyətin balanslaşdırılması istiqamətində atılan strateji addımların davamı olaraq latın qrafikasına keçid də zamanında baş verib. Qazaxıstanın latın qrafikalı əlifbaya keçidi orta Asiyanın qardaş türk dövlətləri arasındakı mədəni və siyasi əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq, ümumtürk arealının daxilində inteqrasiya proseslərini sürətləndirəcək. Türk dünyasının gələcəyi üçün Özbəkistan və Qazaxıstanın mövqeyi çox böyük əhəmiyyət kəsb edir. Bu iki dövlət türk dünyasının olduqca böyük potensiala sahib qapalı güc mərkəzləridir. Bu dövlətlər olmadan Avrasiyadakı türk varlığı özünün yatmış potensialını müsbət enerjiyə çevirə bilməyəcək. Bütün bunlar nəzərə alınarsa, Qazaxıstanın latın qrafikasına keçidini bütün türk dünyası üçün tarixi hadisə kimi qiymətləndirmək olar”.

Dilçilik İnstitutunun aparıcı elmi işçisi Şahlar Göytürk (Məmmədov) isə hesab edir ki, türk dövlətlərindən daha birinin latın qrafikasına keçidlə bağlı ölkə başçısı tərəfindən fərman verilməsi çox ciddi hadisədir:"Uzaq gələcək olsa da, ortaq türk dili ilə bağlı ümidləri artırdı. 2025-ci ilə qədər Qazaxıstan Resbublikası latın qrafikalı əlifbaya keçəcək. Gec də olsa bu proses başlayıb. Fikrimcə, bu, gələcəkdə türk xalqları və dövlətləri arasında ortaq dil baxımından anlaşıqlı və sürətli oxu prosesinə ciddi təsir edəcək. Məsələn, bu gün Türkiyə türkcəsini necə anlayır və oxuyuruqsa, gələcəkdə qazax dilində oxuyub-yazmaq çətin olmayacaq”.

Şahlar Göytürk hesab edir ki, Türk dövlətlərinin hamılıqla latıq qrafikasına keçməsi həm dünyaya çıxış, həm də Türk dövlətlərinin yaxınlaşması baxımından önəmlidir:"Vaxtilə əski (ərəb) əlifbadan istifadə etmiş türk xalqları həmin boşluğu latın qrafikası ilə əvəzləməyə məcburdur. Geriyə yol yoxdur. Türk dövlətlərinin yeganə çıxış yolu bir-birini anlamaqdan, ümumi maraqlara xidmət edən dəyərlərdən keçir”.

E.PAŞASOY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300