Ucqar kənd məktəbində replə dərs keçən Həbib Əlizadə ilə bir gün– Fotolar+video

 

Lənkəranın dağlıq Gəgiran kənd məktəbində tarix dərsi deyən 26 yaşlı Həbib Əlizadə artıq bir neçə aydır ki, sosial şəbəkələrin fenomeninə çevrilib. Onun Astaranın Şüvi kəndindən Lənkəranın dağlıq Gəgiran kəndinə uzun yol qət edərək məktəbdə işləməsi, yenilikçi kimi çıxış edərək musiqili və əyləncəli dərs keçməsi, velosipedlə kəndləri gəzərək şagirdlərə maraqlı kitablar paylaması ölkədə böyük marağa səbəb olub. Elə bu maraq "Yeni Müsavat”ın əməkdaşı kimi bizdə onunla bir gün keçirmək ideyası yaratdı.

Beləliklə, Bakıdan 272 km uzaq məsafədə yerləşən Lənkərana yollandıq. Həbib müəllim bizi Lənkəran bazarında qarşıladı. Onun sözlərinə görə, həftənin 3 günü Lənkəranın mərkəzində özəl məktəbdə dərs dedikdən sonra dağlıq Gəgiran kəndinə yollanır:

"Astaradan Lənkərana, ordan isə Gəgiran kəndinə gedirəm. Təxminən məktəbə qədər 80 km-ə yaxın yol qət edirəm. Adətən yol və avtobus rahat olanda Astaradan Lənkərana 1 saata gəlmək olur. Gəgiran kəndinə getmək üçün isə daima UAZ maşınından istifadə edirik. Çünki həmin ərazi dağlıq olduğundan ora marşrut olmur və yalnız bu cür maşınla dağa qalxa bilirik. Yollara gəldikdə 36 km yolun təxminən 11 km-i palçıqlı yoldur. Təbii ki, payız və qış aylarında yol çox çətin olur. Əsasən də 11 km ərazidə çox əziyyət çəkirik”.

Həbib müəllimin dediyi kimi, əvvəlcə Gəgirana yaxın bir kəndə kiçik avtobusla gedib, daha sonra Gəgirana üz tuturuq. Lakin kəndə yollanmaq heç də asan deyil:

"Bəzən 1-2, hətta 3 saata yaxın maşın gözləyirik. Buna görə də ümumilikdə Astaradan Gəgirana gedənə qədər 5-6 saat yollarda oluram. Bunun qışını, soyuğunu nəzərə alanda təsəvvür edin ki, yollar nə qədər çətinlik yaradır. Həftənin yarısı Lənkəran rayonunda olduğum üçün 3-cü gün isə Gəgiran kəndinə gedirəm. Həftədə bir dəfə kəndə gəlirəm. Çünki davamlı olaraq hər gün gedib-gəlmək olmur. Dağda ev kirayələmişəm. Dərslərimi bitirib yenidən Astaraya qayıdıram. Əvvəllər Astaradan çıxıb birbaşa kəndə gedirdim. Bu çox çətin idi”.

Bir neçə dəqiqə gözlədikdən sonra kəndə gedən maşın tapa bilirik. Amma yol gözlədiyimiz kimi rahat olmur. Maşın gözlənilmədən xarab olur, Həbib müəllim və əməkdaşımız maşını itələyərək hərəkətə gətirirlər... Beləliklə, bir saata yaxın yol getdikdən sonra dağlıq Gəgiran kəndinə çatırıq. Məktəbdə şagirdlərin onu necə böyük sevinclə qarşıldaığının şahidi oluruq. Həbib müəllimin dediyinə görə, Gəgiran kənd məktəbində 30 müəllim çalışır, 200-ə yaxın şagird oxuyur:

"Doğrudur, şagirdlərin hamısını hər gün məktəbdə görmək olmur. Bunun da öz məlum səbəbləri var. 130-140 şagird görə bilirik”.8-ci sinfə daxil oluruq və Həbib müəllim dərsini replə keçir. Şagirdlər də artıq bu üsulla keçməyə öyrəşiblər, həm də maraqlıdırlar. Dərsdən sonra məktəbin direktoru Ziyafəddin Cavadovla da söhbətləşirik. Məlum olur ki, məktəbin direktoru da gəncdir, 30 yaşı var. Direktorun dediyinə görə, Həbib müəllimin yenilikləri onun üçün də maraqlıdır:

"İki ildir ki, bu məktəbdə dirketor vəzifəsində çalışıram. Həbib müəllimin dərslə bağlı yeniliklərini çox yüksək qiymətləndirirəm. Müasir təlimlə tədrisini aparır. Onun yeniliklərini həm Təhsil Nazirliyi, həm də biz yüksək qiymətləndirir, alqışlayırıq”.

Qeyd etdiyimiz kimi, Həbib müəllim təkcə dərs dediyi Gəgiran kənd məktəbinin şagirdləri üçün deyil, həm də digər ucqar kənd məktəblillərinə yardımçı olmağa çalışır. Məktəblərə idman avadanlıqları, o cümlədən basketbol, voleybol ləvazimatları, şahmat taxtaları paylayır. Kənddə olduğumuz zaman da H.Əlizadə yaxınlıqdakı məktəbə voleybol, şahmat avadanlıqları bağışlayaraq, şagirdlərə uğurlar arzuladı. Onun sözlərinə görə, kənddə futbola da böyük maraq var.

"Lakin kənd çox daşlı-kəsəkli olduğu üçün fotbol çox da oynaya bilmirlər. Meydança olarsa təbii ki, çox böyük maraq göstərərlər”.Gəgiran kəndində işimizi bitirib Həbib müəllimin yaşadığı Astaranın Şüvi kəndinə yollanırıq. Axşama doğru evə çatırıq və müəllimin ailəsi ilə yaxından tanış oluruq. Məlum olur ki, Həbib müəllimin atası və bacısı da müəllimdir:

"Bizim kənd Talış dağlarının ətəyində olan bir kənddir. Astaradan 15 km aralıda yerləşir. Mən bu Şüvi kəndinə doğulub, boya-başa çatmışam. 2008-də burda məktəbi bitirmişəm. Atam və bacım da hazırda burdakı kənd məktəbində müəllim işləyir. Mən 2013-cü ildə Lənkəran universitetinin tarix fakültəsinə daxil olmuşam. Etdiyim yeniliklər tələbəlik dövründən qazandığım təcrübələrə əsaslanır.

-Gəgiran kəndində daimi işləmək fikriniz var?

-Sözün düzü, planım uzun müddət Gəgiranda işləmək deyil. Tək Gəgiran deyil, digər ucqar kəndlərlə bağlı istərdim ki, layihələrimiz olsun. Bu kitab paylamaq, yarışmalar keçirmək, müxtəlif gəzinti ekskursiyaları ola bilər. Müəyyən qədər idman ləvazimatlarını paylamışıq. Ola bilər ki, Gəgiranda iş yerimi dəyişim, amma layihələrim davam etsin.

-Gəgiran məktəbində yuxarı sinif şagirdlərinin davamiyyəti qaneedicidirmi?

-Əvvəllər 11-ci sinifdə 1-2 nəfər olurdusa, amma indi 5-6 nəfər var. Ötən il məktəbin heç bir şagirdi universitetə daxil ola bilməmişdisə, bu il 3 şagirdimiz tələbə adını qazandı. Bu çox sevindiricidir.

- Tədris üslubunuzda sanki türk müəllimlərinin dəsti-xətti var.

-Doğrudur. Tələbəlik dövründə bir özəl şirkətdə şagirdlərlə necə davranmaq üçün təcrübələr keçdim. Və orda biz müəllimlərdən görüdük ki, onlar şagirdlərlə necə davranırlar. Hansı ki, biz həmin təcrübələri məktəbdə görməmişdik. Məsələn, şagird dərsdən sonra müəllimlə şay içir, gəzintilərə çıxır. Bu bir qədər bizim görmədiyimiz bir şeylər idi. Tələbəlik dövründə mən bu təcrübəni gördüm və gələcəkdə yeni ideyalarım yaranmasına səbəb oldu. Beləliklə orta məktəbdə müəllim kimi çalışmağa başalayanda çalışdım ki, bu üslubda dərslərimi keçim. Təkcə dərs müddətində deyil, dərsdən kənar da şagirdlərimlə vaxt keçirməyə çalışdım. Ümumiyyətlə, formal və qeyri-formal tədris var. Formal tədris bildiyimiz 45 dəqiqə müddətində dərsdir. Qeyri-formal isə dərsdən sonra şagirdlərlə çay içmək, gəzintiyə çıxmaq, onlarla futbol və digər oyunlar oynamaq, sosial tədbirlər etməkdir. Bu gün qeyri-formal tədris daha önəmlidir və birbaşa formal tədrisin yüksək nəticəsinə gətirib çıxardır. Eyni zamanda şagirdlər həm də sosiallaşır, özlərini ifadə etməyi öyrənirlər. Dərslərdə debatların təşkili də özünü ifadə etməyə yardımçı olur. Onu da qeyd edim ki, təkcə tələbəlik dövründə qazandığım təcrübədən deyil, internet üzərindən də öyrəndiyim yeni metodları tətbiq etməyə çalışıram. Açığı etdiyim bir çox yenilikləri məhz internet üzərindən öyrənmişəm. Çox istərdim ki, Fillandiya, Almaniya və yaxud digər ölkələrdə təkmilləşmə kurslarını da keçim. Hazırda internet üzərindən yeni metodları öyrənib özümü təkmilləşdirməyə çalışıram.

Həmçinin ən müasir pedaqoji kitablardan da yaralanıram. Hazırda Gülpolad bəyin kitabını oxuyuram. O, pedaqoqikaya çox yeni yanaşmalar edir. Onun mükafat və cəza ilə bağlı çox önəmli tövsiyyələri var. Mükafat və ya cəza çıxış yoludurmu? Xeyr, deyil. Bəs nədir? Bax, bu sualın cavabı həmin kitabdadır.

-Kəndiniz üçün nələri arzulayırsız?

-Çox istəyərdim ki, kəndimizdə subtropik meyvələrdən kompot hazırlayan zavod olsun. Həmçinin kəndimiz hər tərəfdən təpələrlə əhatələnib. Bu da turzim üçün çox maraqlı olardı. Həm çay, meşə var, yollar da o qədər də pis deyil. Düşünürəm ki, turizm mərkəzləri açmaq olar.

-Ucqar kənd məktəbində çalışan müəllimlər üçün hansısa güzəştlər varmı?

-Bəli, var. Bu iki formadadır. Əgər məktəb mərkəzdən 20 km aralıda yerləşirsə, orda çalışan müəllim maaşından əlavə 60 manat pul alır. Əgər məsafə 20 km-dən artıqdırsa, onda bu məbləğ 160 manat olur. Mənim işlədiyim Gəgiran kənd məktəbi də mərkəzdən 36 km aralıda yerləşdiyi üçün maaşdan əlavə bu məbləği alıram.

-Bəzən deyirlər ki, həmin müəllimlərə torpaq sahələri də bağışlanır.

- Nazirlər Kabientinin qərarına əsasən həm bu məbləğ, həm də müəllimin daimi yaşayışı üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulub. Artıq müəllim istəyrsə o torpaq sahəsini ala bilər. Yəni, bu müəllimdən asılıdır. Təbii ki, həmin torpaq sahəsini əldə etmək üçün müəyyən sənədləri hazırlamaq, prosesləri keçmək lazımdır. Şəxsən mən bu işə çox da maraq göstərmirəm. Çünki hər halda məşğul olmaq, vaxt sərf etmək lazımdır.

-Şəhərdən gəlib ucqar kənddə çalışan müəllimlər varmı?

-Bəli, var. Mən özüm də kənd uşağıyam. Lakin bizim kəndə maşın rahat gəlir, qaz, su , işıq normaldır. Amma Gəgiranda qaz, su problemi var. Biz odun alırıq, suyu əllə daşıyırlar. Qaldığım evin yeri taxtadan deyil, palçıqdan, gildəndir. Yəni, o cür şəraitdə qalıb işləmək çətindir. Lakin biz şahidi oluruq ki, şəhər yerindən ucqar kəndlərə həvəsələ gedib işləyən xanım müəllimlər var, sayı da kifayət qədər çoxdur. Deyim ki, ildən-ilə bu tendensiya artmaqdadır. Təbii ki, bu halın özü çox gözəldir. Bir çox hallarda onların işləri işıqlandırır. Burdan çağırış etmək istəyərdim, müəllimlər öz işlərini ictimailəşdirsin, işıqlandırsın. Doğrudur, bir neçə müəllim var ki, öz fəaliyyətlərini işıqlandırırlar. Amma bu çoz az sayda olur. Əgər sosial şəbəkələr vasitəsi ilə müəllimlər öz fəaliyyətlərini işıqlandırsalar, onlara dəstək olacaqlar. Bir çox müəllimlər var ki, onların fəaliyyəti çox genşdir, amma biz onu görmürürk. Bəzən də ucqar kəndə gələn müəllimlər 2-3 işlədikdən sonra həvəsdən düşür, gedirlər. Əslində həvəsdən düşməkləri də təbiidir. Bəzən insanların yanaşması, digər müxtəlif bürokratik əngəllər buna səbəb olur. Biz bu məsələni ictiamiləşdirsək, insanları ətrafımıza yığsaq və uşaqları düşünsək daha gözəl olar. Çünki doğrudan da o uşaqların ehtiyacı var. 3-5 il işləyək amma fərqlilik yaradaq.

-Şəhərdən gələn müəllimləri ucqar kənddə işləməyə nə cəzb edir?

- Güzəştlərin verilməsi. Bilir ki, minimum da olsa öz xərclərini ödəyə biləcək. Həm də ucqar kənddə dərs deməyin özü çox maraqlıdır. Mən ilk əvvəllər dərslərdə yenilik edəndə heç də hər kəs tərəfindən birmənalı qarşılanmırdı. Deyirdilər ki, onsuz da bizim kəndi heç kəs tanımır, nə yenilik? Amma artıq yetərincə insan Gəgiran kəndinin olduğundan xəbərdardır. İstəyərdim ki, yenilikləri digər ucqar kəndlərində, rayonlarda olan məktəblərdə edim. Düşünürəm ki, bəlkə dəstək olanlar tapılsa bu yenilikləri ölkə üzrə layihələrə çevirə bildik. İstərdim ki, təkcə bir məktəbdə deyil, onlarla məktəbdə olan şagirdlərə maraqlı kitablar paylayaq, yarışmalar keçirək. Bu gün ictimai dəstək çoxdur, insanlar şagirdlərə öz hədiyyələrini, maraqlı kitablar vermək istəyirlər. Bəziləri hətta pul hədyyəsi təklif edir. Lakin biz pul götürə bilmərik. Düşünürəm ki, bəlkə bununla bağlı fond yarada bilərik və sairə. Təkliflər var ki, gəlib ucqar kənd məktəblərindəki partaları dəyişsinlər.

Fikrimcə, əgər Gəgiran kədn məktəbində 10-20 il çalışsam, dairəm çox kiçik olacaq və daha çox faydalı iş görə bilməyəcəm və özüm də həvəsdən düşəcəm.

- Bəzən eşidirik ki, cənub bölgəsinin ucqar kəndlərində valideynlər qız uşaqlarının oxumasına qarşı çıxır, tez ailə həyatı qurmasına rəvac verirlər. Vəziyyəti sizin dilinizdən eşitmək istərdik.

-Bəli, problem var. Amma probelm çox tərəflidir. Biz burda məktəb rəhbərliyini, müəllimi, valideyni qınaya bilərik. Amma bu çıxış yolu deyil . Burda əsas sosial vəziyyət, cəmiyyətin, valideynin təhsilsizliyi, müəllimlərin vaxtında gərəkli işlər görməməsi var. Eyni zamanda yerli təhsil idarəçiləri bu məsələyə çox az diqqət göstərir. Bu gün mən şəxsən Təhsil Nazirliyi tərəfindən dəstək görürəm. Amma yerli təhsil idarəçiləri məsələlərə bir "qulp” qoyurlar. Üstəlik nəinki qız şagirdləri, hətta oğlan şagirdləri yuxarı siniflərə oxumağa gəlmir. Niyə? Ona görə ki, ya başqa yerlərə işləməyə, ya da evdə təsərrüfat işlərinə gedir. Ya da ki, artıq məktəbədə onu cəlb edəcək bir şey yoxdur.

- Velosipedlə gəzib kitab paylamağınız da böyük maraqla qarşılandı. Həmin kitabları öz maaşınızla almışdız?

- Yox, sosial şəbəkələrdən mənə dəstək olmaq istəyən insanlar həmin kitabları şagirdlərə hədiyyə etmişdi”.

Bu məqamda Həbib müəllimin atası Heybət Əlizadə gəlir. Qeyd edək ki, H.Əlizadə Şüvi kənd məktəbində uzun illərdir ki, rus dili müəllimi işləyir. Atasının dediyinə görə, Həbibin uşaqlıqdan müəllim sənətinə marağı olub:
"İlk günlər Gəgiranda işləmək ona bir qədər çətin gəlirdi. Bilirsiz ki, yol çətinliyi var. Lakin bir müddətdən sonra o, öz işinə elə öyrəşdi ki, artıq heç bir çətinlik görmədi. İndi uşaqlara daha çox yaxınlıq edir və sənətinin dərinliklərini öyrənir. Mən də həmişə ona uşaqlarla səmimi, dost kimi davranmağı tövsiyyə edirdim. Çünki indi müasir dövrdə şagirdə yalnız və yalnız şəxsiyyət kimi yanaşılmalıdır. Mənim tövsiyərlərim ilə o, müasir pedaqoq kitablarını oxuyur və istədiklərinə nail olur. O qarşısında əyləşən şagirdlərə obyekt kimi deyil şəxsiyyət kimi baxır”.

Anası da Həbibin uşaqlıqdan qeyri-adi olduğunu deyir:
"Demək olar ki, heç məşğələlərə getməyib. Yəni onda bu qədər savad var. Məşğələyə getmədən universitetə girdi və müəllim oldu”.

Axşam düşür, Həbib müəllimlə subtropik meyvələrin yetişdiyi bağa yollanırıq. Müəllimin dediyinə görə təsərrüfat işləri ilə məşğul olmağa marağı olmasa da, ara-sıra bağa gəlib, meyvə ağaclarına qulluq edir, meyvə yığır. Elə meyvə yığa-yığa dahi Nizaminin farsca bir beytini oxuyur:

"Bu şerin mənası odur ki, "Ümidsizlikdə belə ümidsizlik var, Qaranlıq gecənin sonu ağdır”. Ona görə də ümidi itirməyə dəyməz... "

Xalidə Gəray, Məğrur Salmanov



 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300