21-ci əsrin yeni bəlası –piratçılığın sərhədləri niyə genişlənir?

 

Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...

Dünən Türkiyədə nümayiş etdirilən film 10 gün sonra Azərbaycanda satışda olur. Olduqca rahat şəkildə həm də. Diskini alıb, evində baxırsan. Keyfiyyəti yüksək olmasa da, izləyici üçün xüsusi bir fərq etmir. Və ya kitab... Dünyaca məşhur kitabların pirat və ucuz versiyası ilə mağazalarda rastlaşmaq mümkün olur. Məlum, qənaət dönəmində insanları daha çox məlumatlanmaqla yanaşı, bunu daha ucuz, sərfəli variantda həyata keçirmək də maraqlandırır. Amma Azərbaycanda piratçılıq ildən-ilə insanların evinə, həyatına daha çox girir. Hətta məktəblərdə çox satılan bir test kitabının ucuz, pirat versiyası ilə rastlaşmaq da mümkündür. Ya da məşhur bir brendin "Binə” yarmarkasındakı "filialı”. Təbii ki, bu, birbaşa müəllif hüquqlarının pozulması halları sayılır.

Piratçılıq üzündən bütün dünya musiqi bazarı hər il təxminən 4 milyard avro itirməkdədir. Bu rəqəm Yaponiya və ABŞ xaricindəki bütün ölkələrin hər birinin qanuni kaset satışlarından daha artıdqıdr. Bu gəlirin böyük bir qismi kriminal qruplaşmalarının maliyyələşməsinə sərf olunur. Pirat satışları son dönəmdə Yer kürəsində böyük bir artımla iki qata qədər artıb. Məsələn, adi müqayisə - 1999-cu ildə bu rəqəm 510 milyon idisə, 2012-ci ildə 1.7 milyarda qədər artıb. CD-lərlə yanaşı, kasetlərin də saxta satışının geniş yayıldığını nəzərə alanda, pirat məhsullar bütün musiqi satışlarının 40 faizini təşkil edir.

Məsələn, bir ay öncə Latın Amerikasında həyata keçirilən bir əməliyyat nəticəsində 235 CD, 1 milyon ədəd CD-R ve 500 min ədəd üzü yazılmış CD ələ keçirilib. Bu təsisin illik istehsal potensialı 14 milyon CD-R-dir. Araşdırmalar zamanı məlum olub ki, bu qara bazardan əldə edilən gəlir narkotik qaçaqmalçılığı və insan alveri kimi bizneslərə yönəldilir.

CD-DVD bazarında 75-78 faiz pirat məhsul var

Hazırda Azərbaycanda CD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompüter proqramları bazarında 88-89 faiz pirat məhsullar var. Bu, Müəllif Hüquqları Agentliyinin açıqladığı rəsmi statistikada öz əksini tapıb. Məlumatlara görə, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb. Amma bu rəqəm arta da bilər. Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra təbii ki. Məlumatlara inansaq, bu halda piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq.

Müəllif Hüquqları Agentliyi tərəfindən "Əqli mülkiyyət hüququnun təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən agentliyin şöbə müdiri Natiq İsayevin sözlərinə görə, sənədin yaxın günlərdə parlamentə təqdim edilməsi nəzərdə tutulur: "Belə bir qanunun hazırlanması əqli mülkiyyətin qorunması və təminatı məqsədi daşıyır. Layihədə nəzərdə tutulur ki, əqli mülkiyyət obyektləri üzərinə müvafiq nəzarət markaları yapışdırılsın. Bununla bazarda olan məhsulların hansısının pirat, hansının isə qanuni olması müəyyən ediləcək. Beləliklə bazarda pirat məhsulların yığışdırılmasına nail olunacaq”.

Şöbə müdirinin bildirdiyinə görə, agentlik tərəfindən eyni zamanda "Əqli mülkiyyətin İnkişafına dair Dövlət Proqramı” da hazırlanır.

Azərbaycanda istifadə olunan proqram təminatının 90%-i piratdır. Bunu isə jurnalistlərə açıqlamasında USAİD-in Qafqaz üzrə regional direktoru Cek Konli bəyan edib. Onun sözlərinə görə, Azərbaycan pirat məhsulların istifadəsinə görə dünyada 6-cı yeri tutur: "Proqram təminatı sahəsində pirat məhsulların istifadəsi informasiya təhlükəsizliyinin zəifləməsinə gətirib çıxarır. Əgər ofis və banklar lisenziyalaşdırılmış məhsuldan deyil, pirat proqramdan istifadə edirlərsə, bu kompüterlərə haker hücumu təşkil etmək daha asan olur”.

C.Konli ümidvardır ki, USAİD-lə "Microsoft-Azerbaijan” və "Softline” şirkətləri arasında imzalanan pirat proqram təminatı ilə mübarizəyə dair bugünkü memorandum Azərbaycanda informasiya təhlükəsizliyinin inkişafına və İT sektorunun artımına səbəb olacaq.

1000 dollarlıq proqram necə 5 dollara satılır - həm də dövlət müəssisələrinə

Kompüter proqramlarının lisenziyalaşdırılmasını da yaddan çıxarmaq olmaz. Bu gün Azərbaycanda istifadə edilən proqram təminatlarının əksəriyyəti lisenziyasızdır. Bunu BSA şirkətinin rəsmisi Nəriman Ramazanov Microsoft şirkətinin Bakıda təşkil etdiyi "Device Day” tədbirində çıxışı zamanı deyib. N.Ramazanov qeyd edib ki, Azərbaycanda piratçılığa qarşı apardıqları maarifləndirmə işləri öz təsirini verib: "Apardığlmız maarifləndirmə işləri nəticəsində Azərbaycan bazarında piratçılığın ümumi səviyyəsi 92%-dən 86%-ə, sonra isə 84%-ə düşüb”.

Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi piratçılığın inkişafına müsbət təsir edir:

"2015-ci ilin dekabrında qərar çıxdı ki, sahibkarlıq sahəsində yoxlamalar 2 illik dayandırılsın. Əvvəllər biz yoxlamalar üçün hansısa quruma müraciət edirdik, amma indi bu, alınmır. Bu səbəbdən hələ də piratçılığın səviyyəsi 85% civarında qalıb”.

N.Ramazanovun sözlərinə görə, bazarda daha böyük paya malik olan şirkətlərin pirat proqramlarının yayılmasında rolu böyükdür:

"Əslində, əgər lisenziyalı sistem olmasa, mağazalar texnikanı proqramı təminatı olmadan satmalıdır. Amma bir çox hallarda onlar pirat proqramlarından istifadə edir. Düzdü, bu sahədə moratorium elan edilib. Amma bizim məhkəməyə müraciət etmək hüququmuzu kimsə almayıb”.

Ekspert deyib ki, Microsoft şirkəti bəzi dövlət qurumlarını pulsuz proqram təminatı ilə təmin edib: "Microsoft”un baş ofisində qəbul edilmiş qərara görə, Vergilər Nazirliyinin bütün kompüter avadanlıqları pulsuz proqram təminatı ilə təchiz olunub. Təhsil Nazirliyi və bir sıra universitetlərə isə bu, simvolik qiymətə, təxminən 1 000 dollarlıq proqram 5 dollara təqdim edilib".

Azərbaycanda piratçılıq azalıb - rəqəmlər danışır

Müəllif Hüquqları Agentliyi isə son illərdə ölkədə piratçılıq səviyyəsinin azaldığını iddia edir. Belə ki, audiovizual sahədə piratçılığın səviyyəsində 10-20 faiz, kitab piratçılığı sahəsində isə 20 faizə qədər azalma baş verib. Kompüter proqramları sahəsində də piratçılığın 96 faizdən 87 faizə salınıb.

"Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında” qanunun tətbiqi nəticəsində piratçılıqla mübarizədə çox mühüm bir dönüşə nail olunacağı gözlənilir. Plagiatlıq sahəsində də vəziyyətin ürəkaçan deyil və bununla bağlı da müvafiq müraciətlər olduqca çoxdur. Azərbaycanda müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb. Elektron qeydiyyat müəlliflərin vaxtlarına, maliyyə vəsaitlərinə qənaət etməsi baxımından, eləcə də şəffaflıq baxımından çox səmərəlidir, çünki elektron xidmət vasitəsilə əsər dərhal qeydiyyatdan keçir.

Hollivud filmi 1 ay sonra Bakıda 5 manata satılır?

Bəs qanunlar nə deyir? Əqli mülkiyyət hüququnu qorumaq üçün bizdə qurumlar və qanunlar necə işləyir? Bu sahə üzrə iki dövlət qurumu var. Biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, digəri isə Müəllif Hüquqları Agentliyi. Əqli mülkiyyət hüquqları özü çox müxtəlif və geniş anlayışdır. Bu siyahıya elm, ədəbiyyat, incəsənət nümunələri, elektron proqram təminatı, ifalar, televiziya və radio verilişləri, kinolar, ixtiralar, sənaye mülkiyyəti formaları və s. aid etmək olar. Azərbaycanda əqli mülkiyyətin "sənaye formaları”nı Patent Agentliyi qoruyur, humanitar deyə biləcəyimiz qalan müəlliflik hüquqlarını isə Müəllif Hüquqları Agentliyi.

Bu hüquqların qorunması üçün yetərincə qanunlar da var. "Patent haqqında”, "Əmtəə nişanları haqqında”, "Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunlar da daxil olmaqla 20-yə yaxın hüquqi-normativ sənədlər var. Üstəlik, Azərbaycan əqli mülkiyyət hüququyla bağlı demək olar ki, bütün konvensiyalara da qoşulub. Hətta Qərb ekspertləri Azərbaycanda bu sahədəki qanunvericilik və mexanizmləri MDB və bəzi Avropa ölkələrindən də yüksək qiymətləndirirlər. Amma bununla yanaşı, Azərbaycanda əqli mülkiyyət hüquqlarının pozulması addımbaşı baş verir. Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanda müəlliflik hüquqları əsasən iki cür pozulur - qanunsuz istifadə və plagiat - özününküləşdirmə.

Plagiat və qanunsuz istifadə - piratçılıqla bağlı misallar üçün uzağa getmək lazım deyil. Məsələn, kompüter proqramları istehsal edən "Microsoft”un araşdırmalarına görə, Azərbaycandakı kompüterlərin 95 faizə qədərinə lisenziyasız - pirat "Windows” proqramları quraşdırılıb. Hollivudda çəkilən bir filmin hələ Amerika və Avropada təqdimatı olmaya-olmaya, artıq Bakı mağazalarında 5 dollara açıq satılır.

Niyə geyimlərimiz saxtadır?

Azad İstehlakçılar Birliyi də pirat məhsullarla bağlı zaman-zaman monitorinqlər keçirir. Qurumun nəzdində belə məhsullar üzrə komissiya fəaliyyət göstərir. Birlikdən aldığımız məlumata görə, müəllif hüquqlarını araşdırdıqda kontrafak məhsullar audio-video məhsullar, kitablar arasında çoxluq təşkil edir. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda geyimlərin 30, ayaqqabıların isə 20 faizi kontrafak məhsullardır. Yəni məşhur brendlərin adı altında müxtəlif məhsullar satılır. Həmçinin kitabların nüsxələnməsi də buna aiddir.

Bu arada beynəlxalq təcrübəyə diqqət. Amerika Birləşmiş Ştatlarında xüsusilə kino istehsalının qorunması üçün iş görülür. Film müəlliflərinin hüquqları kinoteatrlarda pozulur. Yəni filmlər gizlin lentə alınır və satılır. Amma bu halı aşkar edərək polisə xəbər verənlər pulla mükafatlanırlar. Bu isə haqqında danışdığımız problemin qarşısını alır. Azərbaycanda kino sənayesi çökdüyündən bu barədə xüsusi danışmağa ehtiyac qalmır.

Birliyin sədri E.Hüseynov bildirir ki, Azərbaycanda müəlliflər öz hüquqlarını qorumaq baxımından çox passivdirlər. Bununla yanaşı ifaçıların da hüquqları pozulur. Səsyazma studiyalarının hamısı pirat məhsulları istehsal etməklə məşğuldurlar.

Sevinc TELMANQIZI, musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300