Lənkəran İcra Hakimiyyətində "sular durulur” - gərginlik, konflikt…

İcra başçısının "gün verib, işıq vermədiyi” xanım müavini niyə və necə sıxışdırılır? - Pərdəarxası

Taleh Qaraşovun yeni "korrupsiya bulağı” və rəsmi saytda məmurların obyektlərinin adlarını yerləşdirməsi reznans doğurub

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva vəzifəsini itirmək təhlükəsi ilə üzləşib.Əldə etdiyimiz məlumata görə, icra başçısı Taleh Qaraşovun ona "gün verib, işıq vermədiyi”, normal fəaliyyətinə imkan yaratmadığı deyilir.

Rasilə Əliyevanın günü qara

T.Qaraşovun məqsədinin nədən ibarət olduğu bilinməsə də, müavinini sıxışdırdığı xəbər verilir. Onun 1-ci müavini Möhübbət Babayev isə R.Əliyevaya təzyiq göstərməkdə əsas rıçaqlardan biridir. İddialara görə, məktəb müəlliməsi olan R.Əliyevanın karyera yüksəlişi T.Qaraşovun istəyi ilə olmayıb. Onun bu posta təyinatında kimlərin əli olubsa, bu amil icra başçısının xoşuna gəlmir. İddialara görə, R.Əliyevanın 90 EG 800 seriyalı "Range Rover” alması T.Qaraşov tərəfindən hikkə ilə qarşılanıb. Çünki ondan az əvvəl icra başçısına 10 UH 002 seriyalı eyni model avtomobil hədiyyə edilib. Rasilə Əliyevanın gününü qara edən Taleh Qaraşovun onu özünə tabe etdirməsi və itaətə gətirib çıxarması cəhdləri hələ ki, baş tutmur. Əvəzində isə mətbuatda xanım müavindən gedən materiallar sözün məcazi mənasında, başçının çörəyinə yağ çəkir. R.Əliyeva özü də anlamır ki, ondan nə istənilir, nə tələ olunur. Amma bu o mənaya gəlmir ki, başçı müavini rayonda öz istəklərini həyata keçirə bilmir. Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva uşaq baxçalarına müdir təyinatını həyata keçirir. Vurğulanır ki, uşaq baxçasına müdür təyinat 20 0000 AZN başa gəlir. Əlbəttə ki, qoyulan məzənnə tək R.Əliyevanın deyil, birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun bazarıdır. Görünür ki, onların son vaxtlar toqquşması da məhz pulların bölüşdürülməsi üstündə olub. Mediada gedən yazılarda iddia olunur ki, T. Qaraşovla birgə qəbul edən R. Əliyeva sanki başçı "rolunu” oynayır. Məgər icra başçısı o qədərmi ixtiyarı əlindən verib? Bir vaxtlar 4 saylı orta məktəbdə adi müəllimə işləyən R. Əliyeva, bu gün obyektlər, mülklər əldə etmək üçün lazımı imkanlar qazanıb. Hətta mediada o obyektin fotoları yayımlanıb. Ancaq RİH kluarlarındakı vəziyyətin necə bitəcəyi müəmmalıdır.

Yeni pul çeşməsi

R.Əliyevanın əli çatmayan, T.Qaraşovun isə yeni korrupsiya bulağı olan kanalizasiya sistemi təzə gəlir gətirir. Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, "it də getdi, ip də”. Yəni, ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da… O vaxt prezident Lənkərana getmişdi. "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov, icra başçısı Taleh Qaraşov açılış mərasimində iştirak eləmişdilər. İl 2013. Şəhərdə su və kanalizasiya sistemlərinin qurulmasına pul ayrılıb. Əhalinin içməli su ilə təmin olunması reallaşsa da, kanalizasiya xülyaya çevrilir. Əslində, Lənkəranda içməli su təchizatına ciddi ehtiyac yox idi, yerli camaat təsdiqləyər ki, hər kəsin həyətində su quyuları var. Amma insafən, Xanbulandan gələn təmiz su həyətlərə çəkilən su xətlərinə verilməklə təqdirolunası təşəbbüs idi. Həmin dövrdə su ilə bərabər kanalizasiya sisteminin qurulması üçün Lənkəranın yolları qazıb tökdülər. Şəhərdə nəqliyyatın hərəkəti iflic oldu. Hətta başdan-ayağa qazılmış Lənkərandan görüntüləri mətbuatda təqdim edilmişdi. Amma qazılıb tökülən, darmadağın edilən Lənkəran yollarını təzədən torpaqlayıb işi saxladılar. Nə kanalizasiya sistemi quruldu, nə də yolların asfaltı normal səviyyədə bərpa edildi. Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi "dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni, əməlli-başlı tragikomediya…

2, 1 milyon nəyə gedəcək?

Prezidentin ayırdığı pulların hara sərf olunduğu barədə hesabat da verilmədi. Dəfələrlə media Lənkəranın kanalizasiya problemini qabartsa da, 4 il keçməsinə baxmayaraq, sərəncam toz basmış rəflərdən birindədir. Yeri gəlmişkən, bu bölgə Azərbaycanda ən çox yağıntı düşən ərazidir. Hər il payız gələndən fasiləsiz olaraq yağış yağır, həyətləri su basır və təbiətin şıltaqlığı ilə müvafiq qurumların oyunu insanlara məşəqqət yaşadır. Məsələn, elə ARB-nin ötən ay hazırladığı sujetdə Lənkəran sakinləri şikayət edirlər. Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb. Bəzi evləri su basıb. Zərərçəkən Qədir Əliyev deyib ki, evinin zirzəmisi su ilə dolub. Fərəcullah Rəhimov isə bildirib ki, yağış nəticəsində körpülər bağlanıb, kanallar daşıb: "Kanalizasiya sistemi olsa biz belə əziyyət çəkmərik”. Ən nəhayət, bütün bunlardan sonra oktyabrın 24-də prezident Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir ki, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsində diametri 110 mm, uzunluğu 11 km olan paylayıcı su şəbəkəsinin, habelə görülmüş işlər nəticəsində sökülmüş 13000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Bu məqsədlə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb. Maraqlıdır ki, 2010, 2011, 2012 və 2013-cü illəri əhatə edən tender məlumatlarında həmin layihəyə nə qədər vəsaitin ayrılması, layihəni hansı şirkətin reallaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur. O pullar görünür ki, getdi, bundan sonra yeni sərəncamın necə icra olunacağını və 2,1 milyonun həqiqətən sərf ediləcəyini gözləmək lazım gəlir…

RİH-nin saytında məmurların obyektləri

T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Yerli sakinlər Süleyman Mikayılovu ondan daha yaxşı xidmət etdiyi fikrindədirlər. RİH-nin saytında isə şişirdilmiş xəbərlər yerləşdirilib. Guya bu obyektlər Lənkəranda inkişafa səbəb olub. Rəsmi saytda qeyd olunub ki, rayonda turizm infrastrukturu xeyli yaxşılaşdırılıb. "Qafqaz sahil” oteli, "Xəzər Palace”, "Bəşəru”, "Palıdlı sahil”, "Xan Lənkəran”, "Palmalife”, "Dörd fəsil”, "Starway”, "Şah” və "Əzizə” xidmət və istirahət mərkəzləri il ərzində minlərlə yerli sakinə və xarici turistə xidmət göstərir. "Qafqaz sahil” oteli oiqarxlaşmış general-nazirin, "Xəzər Palace” DYP-də nömrə satışını həyata keçirən Müşviq Rəhimov, "Palıdlı sahil” deputat Hadı Rəcəblinin obyektləridir. Heç bir halda rayonda müstəqil sahibkar yoxdur və inkişaf getmir.Digərləri - Şah” və "Əzizə” şadlıq evləridirlər. Onu da Gərmətük kəndindən olan ə Rusiyada bizneslə məşğul olan adamlar tikdirib. RİH-nin rəsmi saytda bu məlumatları rayonun inkişafı və Qaraşovun dövründə hansısa tərəqqi kimi təqdim eləməsi absurddur. Qeyd edilib ki, "Qafqaz” otelinin, Lənkəran İsti su və sağlamlıq mərkəzinin tikintisi sürətlə davam etdirilir. İsti su uzun illərdir ki, bağlanıb və yüksək çinli məmur elitası tərəfindən özəlləşdirilib. Regional Boks Mərkəzi, "Zirvə” İdman klubu pullu xidmətdədir. Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Köhnəsini sökdülər və böyük pullar batdı, silində, mənimsənildi. İndi də təzəsinin tikintisi məmurları varlandırır.

3.2 milyonluq maxinasiya

Bundan başqa, yeyinti məsələsində Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi işlər olub. Məlumata görə, Nicat Bağırovun rəhbərlik etdiyi "Lənkəran Yol Tikinti” ASC-i Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikinti üzrə tenderin qalibi olub. Təxminən 3.2 milyon manat smeta dəyəri olan Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinin keyfiyyəti bu əməliyyatda qaranlıq məqamlar olduğunu düşünməyə əsas verir. Çox maraqlıdır ki, "Lənkəran Yol Tikiniti” ASC-nin təxminən 3 milyon manat büdcə pullarının sərf etdiyi Lənkəran şəhərin daxili avtomobil yollarının keyfiyyəti qane edici deyil. Görünür ASC sədri Nicat Bağırovla icra başçısı Taleh Qaraşov asanlıqla anlaşdığı üçün 6.2 milyon manatdan artıq büdcə vəsaitinin sərf olunduğu işlər "Lənkəran Yol Tikinti” ASC-yə həvalə olunub. Məlumata görə, araşdırmalar bu əməliyyatlarda tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsi məlum olub. Son bir ildə Taleh Qaraşovdan Prezident Adminstrasiyasına olunan şikayətlərin faizi ötən illərlə müqayisədə daha çoxdur. Bu isə onun göstəricisidir ki, Lənkəranda əhali narazı salınıb. Təbii ki, belə hallar ölkə rəhbərliyi tərəfindən yaxşı qarşılanmır. Ola bilsin ki, Taleh Qaraşov yaxın bir ayda Lənkəran RİH-dən uzaqlaşdırılsın. RİH-nin mövqeyini dərc etməyə hazırıq.//gundemxeber

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300