Jurnalistikanı və jurnalistləri öldürən səbəblər

 

 

Daha bir jurnalist - Natiq Qədimov da ürəyindən öldü.

 

Mediada vaxtsız ölən jurnalistlərlə bağlı bir material hazırlanmışdı. Demək olar ki, onların hamısının ölümünə səbəb olan ciddi problemlər olub. Onların içərisində haqsızlıq, pulsuzluq, gərginlik öndə dayanan hallardandır...

 

Jurnalistika nə qədər maraqlı, şərəfli peşə olsa da, Azərbaycan kimi ölkələrdə bu peşənin öz xüsusiyyətləri, çətinlikləri var. Belə ölkələrdə jurnalistika riskli, stressli və pulsuz peşə sayılır.

 

Hələ jurnalistlərin həbslərini, qətlə yetirilmələrini, onlara edilən təzyiqləri qoyuram bir kənara, bu haqda çox danışılıb, yazılıb. Bu yazını siyasiləşdirmək də istəmirəm. Amma hara yozsan da, yenə gəlib mövzu siyasiləşəcək. Çünki problemin kökündə siyasi səbəblər – pis idarəçilik dayanır.

 

Azərbaycanda jurnalist olan hər kəs bu peşə ilə normal məşğul olmaq üçün davamlı şəkildə gündəmi diqqətdə saxlamalı, ölkədə nə baş verdiyini saatbasaat izləməlidir. Müəyyən qədər də dünyada baş verənlərlə maraqlanmalıdır. Bunları etməsə, demək olar ki, öz işini yerinə yetirməkdə çətinlik çəkər. Bunun üçün jurnalist gərgin keçən iş günündən sonra da evinə gəlib yeməyini yeyəndən, çayını içəndən sonra yorğun ola-ola gecə yatmamışdan öncə ən azı bir dəfə xəbər portallarına, TV-lərə göz gəzdirməlidir ki, nəsə gözündən qaçmasın.

 

Sabahsı gün jurnalist tezdən işə gələndə yolda radio dinləməli, işə çatanda kompüterini işə salan kimi xəbər portallarına, qəzetlərə baxmalıdır. İstədi-istəmədi gündəmi bilmək üçün xeyli material oxumalıdır. Bu, qaçılmaz bir reallıqdır.

 

Ölkə gündəmindən isə hamının xəbəri var. Demək olar ki, mediada oxuduğumuz materialların, baxdığımız videoların 70-80 faizi (bəlkə də daha çox) mənfi yüklə yüklənmiş məlumatlardır. Jurnalistlərdən fərqli olaraq başqa peşə sahibləri bu məlumatları oxumağa məcbur deyillər, istəyəndə də çox vaxtda oxumurlar. Amma jurnalist onları oxumağa məhkumdur. Çünki peşəsi bunu tələb edir. 

 

Hər bir peşənin özünə görə gərginlik yaradan halları ola bilər. Amma onlardan fərqli olaraq jurnalistlər bütün ölkənin gərginliyinin içərisində olurlar. Jurnalistlər həkimin də, müəllimin də, siyasətçinin də, iqtisadçının da, mühəndisin də, sürücünün də və digərlərinin də problemlərindən xəbərdar olurlar, bu haqda hər gün oxuyurlar, yazırlar. Amma onların çoxu isə çox vaxt jurnalistlərin problemlərindən xəbərsiz olurlar.

 

Bundan əlavə redaksiyalara gələn hər bir şikayətçi özləri ilə təkcə şikayət məktubu yox, həm də dağ boyda bir mənfi enerji də gətirirlər. Hər bir şikayətçinin əlindəki şikayət ərizəsində, ürəyində dağ boyda bir haqsızlıq yatır.  Jurnalist isə bunların hamısını oxumalı, dinləməlidir və sonda yazı yazıb o vətəndaşa kömək etməlidir. 

 

Bəzən elə olur ki, jurnalist bunları etməmişdən öncə həmin şikayətçinin axıtdığı göz yaşlarını silməli, ona bir stəkan su verməli olur. Bəlkə də, bu jurnalistin peşə fəaliyyətinə ziddir, jurnalist soyuqqanlı olmalıdır. Amma bunlar bizim ölkənin bir reallığıdır. 

 

Eyni hallarla jurnalist reportaj yazmağa, tədbirləri işıqlandırmağa  gedəndə də rastlaşır. Bir sözlə, tezdən oxuduqları mənfi yüklü xəbərləri bir neçə saatdan sonra öz gözləri ilə görürlər jurnalistlər. 

 

Jurnalist ağzı və burnu vasitəsi ilə oksigeni alıb necə ciyərinə, ordan da ürəyinə ötürürsə, bax gözləri ilə o məlumatları oxuyarkən, görərkən həmin məlumatlardakı, hadisələrdəki mənfi enerjiləri də ürəyinə ötürür...

 

Jurnalistlərin qidalanması məsələsi də bərbaddır. Bu peşədə olanların çoxu çox vaxt normal və rahat şəkildə qidalanmırlar. Bunun əsas iki səbəbi var. Vaxtsızlıq və pulsuzluq. 

Jurnalistlər reportajlara, tədbirlərə gedəndə və ya ordan qayıdanda yolda dönərdən, "peraşki”dən alıb ayaqüstə tələsik yeyirlər.  

 

Çox vaxt jurnalistlərin vaxtı və yaxşı pulu olmur ki, normal şəkildə bir kafedə əyləşib qidalansınlar. Bunun qarşılığında isə jurnalistin xərclədiyi enerji qat-qat çoxdur. Az, keyfiyyətsiz yeyib gərgin şəkildə çox işləmək də ürəyi üzən hallardandır. Demək olar ki, jurnalistlərin çoxu bu həyatı keçmiş olurlar. Belə həyata ürək dözə bilərmi?

 

Azərbaycanda vaxtsız ölən jurnalistlərin arasında içki içdiyinə görə ölənlər də var. Azərbaycan jurnalistikasını içki məclislərsiz təsəvvür etmək olmaz. Bu qədər mənfi enerji alan jurnalistlər içməsələr, bəlkə də dəli olarlar. Yəni jurnalistlər keflərindən içmirlər.

 

Azərbaycanda jurnalistlərə dövlət qayğısı adı altında milyonlarla pul xərcləndiyi deyilir. Bunun üçün qurumlar da yaradıblar. Həmin qurumlar yaradılandan sonra içməkdən və ürəyindən ölən jurnalistlərin sayı da artdı. Deməli ortada qayğı yoxdur, məsələni kökündən həll etmək lazımdır. 

 

Kökündən həll etmək üçün elə etmək lazımdır ki, ölkədəki xəbərlərin çoxu mənfi yox, müsbət enerjili olsun. Belə olanda jurnalistlər də məcburi şəkildə oxuduqları, yazdıqları məlumatlardan ürəkləri sıxılmaz, əksinə, ürəkləri açılar. Çünki hər gün intihar, qəza, əsgər ölümləri və s. bu kimi mənfi enerjili, gərgin xəbərləri oxuyan, yazan jurnalistlərin də öncə insan olduqlarını və onların da ürəklərinin olduğunu  anlamaq lazımdır.

 

Mənfi yüklü xəbərlərin az olması üçün isə ölkədə yaxşı hökumətin, normal idarəçiliyin olması lazımdır. Bax, bizdə də bu yoxdur. Problemlərin kökündə isə bu dayanır.

 Samir Kazımlı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300