"Məzarın Leyla Rəsulzadəyə məxsus olduğunu təsdiqləyirəm''

 

Azərbaycanlı jurnalist Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşının məzarını tapdığını iddia edir

 

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda) məzarını tapdığını deyir.

 

Bu barədə o, "Facebook” səhifəsində paylaşım edib. Həm məzarın, həm də məzarın sahibinin adının qeyd olunduğu qeydiyyat kitabçasının fotolarını da yayıb.

 

Əslən polyak olan Vanda Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşıdır. Mənbələr onların nə zaman evləndiyini dəqiq göstərməsə də, ayrı-ayrı tarixçilər bunun M.Ə.Rəsulzadənin Polşaya səfərindən sonraya təsadüf eydiyini deyirlər.

 

Vanda Rəsulzadənin 1974-cü ildə Ankarada vəfat etdiyi və elə orada da dəfn olunduğu bildirilir.


 

Məzarın fotosu

 

Jurnalist Könül Şamilqızı daha öncə də Leyla Rəsulzadənin məzarının harada olması ilə maraqlandığını, ona məzarın itib-batdığını söylədiklərini deyir:

 

"Bir neçə gün əvvəl cumhuriyyət dövrünü araşdıran gənc dostlarımdan biri məndən M.Ə.Rəsulzadənin həyat yoldaşı Leyla xanımın, Abbasqulu Kazımzadənin və Məhəmmədəli Rəsulzadənin məzarının tapılmasına ona yardım etməmi istədi. Abbasqulu Kazımzadənin mezarıyla bağlı bir şey öyrənmək ümidilə əvvəlcə "Cebeci Askeri Şehidliyi”nə getdim. Müdir sağ olsun, bütün qeydlərə baxdı, yox idi. Oradan "Əsri” məzarlığına gəldim. Burada da axtardılar, 47-ci il qeydlərində Abbasqulu Kazımzadənin adı yox idi. Söhbət əsnasında müdirə Zeynəb Sarıkayaya M.Ə.Rəsulzadənin xanımının məzarının da "Əsri” Qəbristanlığında olduğunu, amma tapılmadığını dedim. "Biz onu bulduk” dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldum. "Daha əvvəl də bizdən dəfələrlə soruşdular, "xristian məzarlığındadır, amma kimsəsi olmadığı üçün itib yəqin demişdik. Çünki dəftərlərdə Vanda adlı birisinə aid məzar yeri görünmürdü. Kompüterdə də yoxdu. Sonra birisi yenə zəng vurub soruşdu. Mən yenə "yoxdur” dedim. O zəngdən sonra dəftərləri tökməyə başladım. Dəftərlərin birində xristian bölməsində Vanda deyil, Leyla Rəsulzadə adlı birinə aid məzar tapdım. Amma zəng edən adamın nömrəsini almamışdım deyə məlumat verə bilmədim. Çox da üzüldüm” - dedi”.


 

Məzarın fotosu

 

Jurnalist müdirin ona Leyla Rəsulzadənin adının olduğu dəftəri də göstərdiyini bildirir:

 

"Həmən fotosunu çəkdim. Məzarın yerini soruşdum, "504 ada 55 parsel” dedi. Məzarlıq amiri Erol Güngör bəy sağ olsun, "sən tapa bilməzsən, gəl birlikdə gedək” dedi. Çünki iki 55 parsel var - torpaq məzarlar və beton məzarlar olan. Leyla Rəsulzadənin məzarı beton məzarlar olan hissədədir. Məzarın başdaşı yoxdur, qırılıb, amma özü durur. Üzərində Leyla xanıma aid olduğunu göstərən heç nə yoxdur. Amma Erol bəy "tarix, xristian bölümü olması, ətrafındakı məzarların üstündə olan illər Leyla xanıma aid olmasını göstərir, başqa birinin olma ehtimalı yoxdur”, - dedi”.

 

Tarixçi-alim Nəsiman Yaqublu da "AzVision.az”-a bildirib ki, Vanda Rəsulzadə 1974-cü ildə dünyasını dəyişib, Türkiyədə "Əsri” məzarlığının xristian bölməsində dəfn edilib:

 

"Sonradan həmin məzarlıq ləğv edilib. Ona görə də tək Leyla xanım deyil, digər xristianlara aid məzarların kimə məxsusluğu artıq bilinmir. Həmin məzar artıq yoxdur. Məlumatım bu qədərdir. Qəbrin həqiqətən Vanda xanıma aid olması ilə bağlı səfirlik, aidiyyatı qurumlar məşğul olmalıdır. Azərbaycan Cümhuriyyətinin 100 illiyində bununla bağlı araşdırma aparmaq olar”.

 

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə bu barədə onda dəqiq məlumatın olmadığını deyib:

 

"Rəsulzadə həqiqətən Vanda xanıma Leyla deyə müraciət edərdi. Bunun araşdırılmasını çox istəyərəm. Məzarın ona aid olub-olmamasını dəqiq bilərdik”.

 

Könül Şamilqızı və Sabiha Kəngərli


 

Könül Şamilqızı isə tapıntısına əmindir. O, hətta Rəsulzadələri yaxından tanıyan şəxslərlə də görüşdüyünü deyir. Sabiha Kəngərli, Nuri Saryal və Nəriman Saryal adlı şəxslərlə söhbətlərindən müəyyən parçaları paylaşan jurnalist həmin xatirələri kitab halında çap edəcəyini düşünür.



Könül Şamilqızı Nəriman və Nuri Saryalla

 

Könül Şamilqızının həqiqətən də Vanda Rəsulzadənin məzarını tapdığını Leyla Rəsulzadənin ailə dostunun qızı Nilgün Saryal da təsdiqləyir. O, bu barədə öz "Facebook” səhifəsində yazıb:

 

"Mən gəncəli Mir İsmayıl Saryalın (Seyidzadə), Leyla Rəsulzadənin çox yaxın dostu Leyla (Helena) Saryalın (Seyidzadə) nəvəsiyəm. Anamla atamı Leyla Rəsulzadə tanış edib. Çox yaxın idik. Uşaqlığımın ən əziz və gözəl xatirələrini bəzəyir Leyla Rəsulzadə. Onun ölüm xəbərini aldığımız gün anamın axıtdığı gözyaşları bu gün kimi yadımdadır. Qeydlərdən əlavə, atamın dediyi kimi, məzarın Könül xanımın gedib tapdığı yerdə olduğunu təsdiqləyirəm. Bir müddət əvvəl Azərbaycandan bununla bağlı mesaj yazıb, məzarın yerini məndən soruşmuşdular. O zaman da atamdan soruşub məlumat vermişdim. Qeydiyyata baxmayaraq, dəftərə, ada-soyada və bizim dediklərimizə inanmayanların şübhəli açıqlamaları normal deyil. Onlardan xahiş edirəm ki, Məhəmməd Əmin Rəsulzadənin bizə qoyub getdiyi yeganə əmanətinə layiqincə sayğı göstərsinlər. Üstəlik, onun əmanətinə sahib çıxmamaq yetəri qədər böyük ayıb və utançdır. İndi bu böyük ayıbı düzəltməyə çalışan dürüst bir xanımın əməyinə hörmətlə yanaşın”.


Azərbaycanın Türkiyədəki səfirliyindən bununla bağlı ətraflı məlumat almaq mümkün olmayıb. Yalnız məsələnin diqqətdə olduğu bildirilib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadə sonradan Türkiyədə siyasi mühacir həyatı yaşayıb. Onun birinci həyat yoldaşı Ummulbanu ilə nikahından dörd uşağı – iki qızı (Lətifə və Xalidə) və iki oğlu (Rəsul və Azər) olub. Rəsulzadənin bütün yaxın qohumları 1937-ci ilin repressiyalarına tuş gəlib.///meydan.tv

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300