İran niyə Ermənistanı darda qoymur?

 

İstədiyimiz odur ki, Tehran daha səmimi siyasət yürütsün, kiçik ölkəmizdəki erməni separatizminə, erməni işğalına son qoymaqda bizə yardımçı olsun

Sözsüz, İrana yönəlik siyasətimizi tamam qeyri-qənaətbəxş saymaq üçün ciddi əsaslarımız yoxdur. Şimal-Cənub tranzit dəhlizi istiqamətində, eləcə də Moskva - Bakı - Tehran formatı çərçivəsində qurulan siyasət vəziyyətin heç də narahatlıq doğuran durumda olmadığını deməyə əsas verir.

Amma hamımızı neçə illərdir ki, qayğılandıran bir məqam var - bu, da İranın Qarabağ probleminə münasibətdə yürütdüyü siyasətdir. Zərrə qədər şübhə yoxdur ki, Tehranın bu səmtdəki potensial imkanları indiki mənzərəyə köklü dərəcədə təsir etmək iqtidarındadır.

Bəli, kimsə üçün gizlin deyildir ki, İrəvanın əsas hamisi Moskvadır. Amma Moskva bütün hallarda coğrafi baxımdan "uzaq qohum” statusu ilə barışmağa məhkumdur - Ermənistanla bilavasitə coğrafi sərhədləri olmadığından "kiçik qohum”una heç də həmişə əli çatmır...

İran isə tamam başqa məsələdir, Rusiya kimi varlı-karlı və qüdrətli olmasa da, hər halda, Ermənistanı darda da qoymur. Ona görə də yetər ki, Tehran İrəvanla ticari - iqtisadi əlaqələrini azacıq məhdudlaşdırmağa qərar versin, o halda, sözün elə birbaşa mənasında hayların beli qırılar...

Amma İransa bunu etmir. Bəyanatlar şəklində Ermənistanın Azərbaycana təcavüzünü pisləsə də, yenə öz işindədir - İrəvanla geniş iqtisadi-ticari əqaqələr saxlayır.

Elə bu günlərdə gözümüz saytların birində maraqlı xəbərə sataşdı. Deyilirdi ki, İranın xarici işlər naziri böyük bir biznesmen dəstəsi ilə yenə Ermənistana səfər edib, hətta məlum olurdu ki, dekabrın 15-də Meğridə "azad iqtisadi zona”nın açılışını keçirməyi də planlaşdırırlar.

Bəli, yenə də, necə deyər, köhnə hamam və köhnə tas - İran bildiyini etməkdədir. Elə bu səbəbdən dəfələrlə yazmışıq ki, Tehranı "sıxmağ”ın yollarını aramalıyıq.

Düzü, bu kontekstdə cənublu soydaşlarımıza müəyyən ümidlər bəsləyirik. Baxın, ötən dəfələrdə də yazmışdıq ki, ABŞ və Fransa kimi ölkələri Ermənistan haqda düşünməyə vadar edən o ölkələrdəki erməni əsilli seçicilər, ümumiyyətlə, ermənilərdir.

Amma bizim İrandakı otuz milyondan çox soydaşımız Dağlıq Qarabağ, ümumiyyətlə, Azərbaycan kontekstində hökumətlərinə azacıq da olsa, təzyiq etmirlər. Söhbət heç İranda separatist tendensiyalara təkan verməkdən də getmir, istədiyimiz odur ki, Tehran daha səmimi siyasət yürütsün, kiçik ölkəmizdəki erməni separatizminə, erməni işğalına son qoymaqda bizə yardımçı olsun.

Amma cənublu qardaşlarımızdan bu istiqamətdə hər hansı səy görmürük. Başa düşürəm, İran ABŞ və ya Fransa deyildir, avtoritar bir ölkədir, burada ictimai və siyasi fəallıq müəyyən maneələrlə üzləşir. Amma İranda da məhdud şəkildə olsa da, seçkilər var axı! Ən azı təqdim olunan namizədlər siyahısından Azərbaycana və azərbaycanlılara daha səmimi olanlara dəstək vermək və İranın siyasi elitası ilə bu istiqamətdə müəyyən dialoq qurmaq olar.

Hələ heç onu demirəm ki, İranın mövcud siyasi elitasında azərbaycanlılar çox ciddi çəkiyə malikdirlər. Adam sözün əsl mənasında lap məəttəl qalır: doğrudanmı, bu insanlar milli kimliklərini büsbütün unudublar?

Mahmudəli Çöhrəqanlıdan sonra cənublu soydaşlarımızın fəallığı sezilmir. Təəssüf ki, o, da İranı tərk edəndən sonra ciddi fəaliyyət qura bilmədi. Sözsüz, bunun bir günahı da elə bizdədir: bu adam Bakıya gəldi, amma ona heç bir diqqət göstərilmədi...

Üstəlik, Cənubla bağlı təbliğatımız da yox dərəcəsindədir. Vaxtilə "Azadlıq” radiosu bu səmtdə çox böyük işlər görürdü, hər gün bir saatlıq efirin azı 20 dəqiqəsi Cənub mövzusuna həsr olunurdu! Sonra bunu bir az da artırdılar.

Amma Azərbaycan redaksiyasının rəhbərliyi dəyişdiriləndən sonra mövzu demək olar ki, qapadıldı. Hətta sonrakı vaxtlarda, rəhbərlik təkrarən dəyişdiriləndən sonra da Cənub mövzusu əvvəlki aktuallıqla gündəmə gəlmədi və bizə artıq yazılarda "Cənubi Azərbaycan” ifadəsini işlətməməyi məsləhət görür, bunun əvəzində isə "İran Azərbaycanı” kəlməsini yazmağı, ümumiyyətlə, isə Cənubi Azərbaycan mövzusunu qabartmamağı tövsiyə edirdilər...

Bilirsiniz, Azərbaycan türklərinin bir ovuc erməninin əlində girinc qalması, hətta farsların da siyasi aləti olması ürəkağrıdan haldır və çox anlaşılmaz mənzərədir.

Demirik ki, gəlin, İranı vuraq-yıxaq və yaxud da bölək! Sadəcə, həm oradakı soydaşlarımızın milli-mədəni haqları, həm də Şimali Azərbaycanın üzləşdiyi problemlər prizmasından yanaşanda ictimai fəallığın hazırkı durumu utanc gətirəcək səviyyədədir.

Amma kiçik millət deyilik axı biz! Bizi belə kiçik duruma nə gətirdi? Niyə biz kiçik qayğılarımızı, mədəmizin-nəfsimizin ehtiyaclarını öz həyatımızın ən ali amalına çevirdik?..

Hüseynbala Səlimov, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300