DİQQƏTLƏR TÜRKİYƏDƏ: İƏT ABŞ-a qarşı hansı qərarı verəcək?

 

Natiq Miri: "İslam dövlətləri Qüdsü Fələstinin yeganə paytaxtı kimi tanıya bilər”

"İslam Əməkdaşlıq Təşkilatının toplantısında strateji qərarların qəbul olunması gözlənilir”

Ərəb Dövlətləri Liqası (ƏDL) ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib. Bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin dünən Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.

"Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, - deyə bəyanatda qeyd olunur.

Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu deyiblər.

"Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, - deyə bəyanatda vurğulanır.

Qüdsün İsrailin paytaxtı kimi tanınmasına cavab tədbiri kimi Ərəb Dövlətləri Liqasının fövqəladə toplantısı keçirilsə də, təəssüf ki, ABŞ-a qarşı konkret heç bir addım atılmayıb. Toplantıda ABŞ-a qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, lakin yekun qətnamədə heç bir sanksiya nəzərdə tutulmayıb. Maraqlıdır ki, 300 milyonluq ərəb dünyası nədən çəkinərək, ABŞ-a qarşı heç bir sanksiya tətbiq etmir?

"Bütün proseslər Trampın Səudiyyə Ərəbistanı səfəri çərçivəsində razılaşdırılmış qərarlar çərçivəsində baş verir”


Hurriyyet.org-un sualına cavab verən politoloq Natiq Miri xatırlatdı ki, ABŞ prezidenti Donald Tramp Qüds haqda qərar qəbul etməmişədən öncə, may ayında Səudiyyə Ərəbistanına, yəni Yaxın Şərqə ilk rəsmi səfər etdi:"Tramp burada bütün ərəb liderlərini toplayaraq, böyük bir iclas keçirdi və bu qapalı müşavirədə bir çox strateji qərarlar qəbul edildi. Bu gün Yaxın Şərqdə, o cümlədən Səudiyyə Ərəbistanında, Yəməndə, Livandakı baş nazir Həririnin istefasından tutmuş Qüds və Fələstin hadisəsinə qədər bütün proseslər məhz Səudiyyə Ərəbistanı səfəri çərçivəsində qəbul olunub, yəni razılaşdırılmış qərarlar çərçivəsində baş verir. Ona görə də Qüds qərarına əvvəlcədən ərəb dövlətlərinin ipini çəkən və önündə gedən Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının bir növ "poçtalyon”u rolunda olan kiçik Bəhreyn ölkəsi kimi ölkələr bu layihənin içində yer alıblar. Yəni bu ölkələr ərəb dünyasına və Fələstinə, Qüdsə xəyanət etmiş ölkələrdir. Məhz ona görə, rahatlıqla ABŞ-ın prezidenti Qüds qərarını qəbul edə bildi və hesab etdi ki, aparıcı ərəb ölkələri bu planda ABŞ-a dəstək verəcəklərsə, bu plan çərçivəsində ərəb ölkələri ilə İsrail arasında bir əməkdaşlıq körpüsü yaranacaqsa, bundan sonra, Qüds layihəsini və digər gizli planda nəzərdə tutulmuş məsələləri həyata keçirmək asan olacaq. Ancaq göründüyü kimi, bu məsələ o qədər də asan deyil”.

"Ərəb Dövlətləri Liqasının bəyanatı ABŞ və İsraillə razılaşdırılmış bir məqam çərçivəsində baş verdi”

N. Miri qeyd etdi ki, Fələstində başladılan müqavimət getdikcə böyüməkdədir və bu prosesin önündə xəyanətkar ərəb ölkələri deyil, məhz İslam bayrağını uzun müddətdir daşıyan Türkiyənin olacağı görsənir:"Fələstinə səmimi şəkildə dəstək verən bütün İslam ölkələrinin Türkiyəni bu yöndə dəstəkləyəcəyi hiss olunur. Ona görə də Ərəb Liqasının toplantısında o qədər də ciddi bir qərar çıxmadı. Sadəcə, sözdə bir bəyanat qəbul olundu. Düşünürəm ki, bu da əvvəlcədən ABŞ və İsraillə razılaşdırılmış bir məqam çərçivəsində baş verdi. Yəni bu sadəcə sözdə deyilmiş bir bəyanatdır. Bunun mahiyyətində də praktik olaraq heç nə dayanmır. Məhz bu baxımdan, Türkiyə dərhal hərəkətə keçdi və İslam Əməkdaşlıq Təşkilatının müvəqqəti sədri olan Türkiyə və Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan təcili qaydada bütün ərəb dövlətlərinə İstanbulda toplaşmaq üçün bir çağırış etdi. Dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının bütün liderləri Türkiyədə toplaşacaq və burada çox strateji qərarların qəbul olunması gözlənilir. Hətta ola bilsin ki, İslam Əməkdaşlıq Təşkilatının bütün dövlətləri ABŞ-ın Qüdsü tanımaqla verdiyi qərarı eynən təkrar edə biləcəkləri hadisəni yaşaya bilərlər. Yəni bütün İslam dövlətləri Qüdsü Fələstinin yeganə paytaxtı kimi tanıya bilər. Bu da təbii ki, bütün dünyada çox ciddi bir presedent yarada bilər. Bu məsələdən sonra müsəlman ölkələrinin başqa praktik addımları da ortaya qoyula bilər. Belə bir vəziyyətdə isə ABŞ və İsrail çox çətin vəziyyətə düşəcək”.

"Türkiyə-Rusiya-İran üçlüyü formatında Qüdslə bağlı strateji qərarlar verilə bilər”

"Rusiya prezidenti Putinin Türkiyəyə səfərini də qətiyyən gözardı etmək lazım deyil. Çünki bu səfərin altında bilavasitə Fələstin və Qüds məsələsi dayanır. Türkiyə-Rusiya-İran üçlüyü formatında da Qüdslə bağlı strateji qərarlar verilə bilər. Bu baxımdan, biz Ərəb Liqasının sadəcə gözdən pərdə asmaq üçün verdiyi bəyanatlara deyil, daha çox İslam Əməkadaşlıq Təşkilatının Türkiyədə toplanacağı sammitdə verilə biləcək qərarlara baxmalıyıq. Mənə elə gəlir ki, ABŞ və İsrail üçün əsas çəkindirici və strateji qərarlar məhz bu beynəlxalq təşkilat çərçivəsində qəbul oluna bilər. Bunun da önündə gedəcək tək dövlət Türkiyədir”, -deyə politoloq vurğuladı.

"İsrail bütün ərəb dünyasının başında "qoz sındırmağa” davam edir”

"Ərəb dövlətlərinin içərisində xəyanətkar ölkələr olmasaydı, 300 milyonluq ərəb dünyası Amerikaya qarşı sanksiyalar tətbiq edə bilərdimi və bunun bir nəticəsi olardımı” sualına N. Miri belə cavab verdi:"Əlbəttə, İslam dünyasında, ərəb birliyində sözün əsl mənasında birlik olmuş olsaydı və ərəb birliyini sarsıdan bu cür xəyanətlər olmasaydı, inanın ki, İsrail dövlətinə Yaxın Şərqdə nəfəs almağa belə imkan verilməzdi. Təəssüf ki, bütün zamanlarda ərəb birliyi məhz ABŞ və İsraillə əməkdaşlıq etməklə xəyanət edib. Düşünürəm ki, həqiqi ərəb birliyi olsaydı, iqtisadi sanksiyalardan tutmuş hərbi qərarlara qədər İsraili sıxışdıra və ABŞ-ı bütövlükdə Yaxın Şərqdən sıxışdırb çıxarmağa qədər strateji qərarlar qəbul edə bilərdi. Ancaq təəssüf ki, Yaxın Şərqdə "oyuncaq” ərəb ölkələrini yaradan ölkələr məhz ingilislərdir və ABŞ o vaxtdan bu yana o "oyuncaq” ərəb ölkələrini və liderlərini çox asanlıqla idarə edə bilir. Məhz bu cür xəyanətlər mövcuddur deyə, İsrail bu regionda ABŞ-ın dəstəkləməsinə və tək olmasına rəğmən, hələ də bütün ərəb dünyasının başında "qoz sındırmağa” davam edir. Ona görə, bu gün Türkiyəni öz daxilinə sıxışdırmaq, süni terror dövlətləri ilə çevrələməklə tam küncə sıxışdımaq istəyirlər ki, Türkiyə özündən kənardakı geosiyasi proseslərə qarışa bilməsin. Çünki onlar Türkiyənin bayrağı apara biləcək tək lider ölkə olduğunu çox gözəl bilirlər. Ona görə, Türkiyə ətrafında qurulan bu tələlərə məhz bu kontekstdən yanaşmaq lazımdır”.

Şamo EMİN, Hurriyyet.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300