Cənubi Azərbaycanda 21 Azər Hərəkatı haqqında xatirələr

 

1945-46-ci illərdə Seyyid Cəfər Pişəvəri öndərliyində qurulan Azərbaycan Milli Höküməti dövrünü yaşamış Şapur Ənsari Amerikanın Səsinə müsahibədə o illərdən xatırladıqlarını anladıb.

Hazırda ABŞ-da bacarıqlı bir kardiotorasik cərrah kimi tanınan Ənsari milli hökümət qurulduğunda üçüncü sinifdə təhsil alırdı. Onun atası bölgədə xirda-malik kimi tanınan bir torpaq sahibi idi.


1945-in dekabrında milli hökümətin təsisindən əvvəl İran Azərbaycanında baş verən ictimai-siyasi olayları şərh edən Ənsari həmin dövrdə yaşananları uşaqlığının ilk önəmli xatirələri kimi dəyərləndirir:

Qızıl Ordu Təbriz küçələrində - Sentyabr 1941

 

Qızıl Ordu Təbriz küçələrində – Sentyabr 1941

"5 yaşında idim ki, Sovet təyyarələr hücum etdi İrana. Marağaya bomba salırdılar. Biz səhər tezdən yuxudan oyandıq. Mənim uşaqlığımdan ilk mühim xatirə o olaydır. Sovetlərin qoşunu gələndə mən kiçik idim, məktəbə getmirdim. Lakin o olaylar və dəyişiklikləri gördüm. Hamı gördü. Qaçqınlıq oldu. Şəhər əhalisi dağıldı, qaçdıq kəndlərə, bağlara. Açıq bir mağaza, dükan yox idi. lər hərbi vəziyyət elan etmişdi,” deyə Ənsari 1941-ci ilin avqustunda Ordusunun İran Azərbaycanına daxil olduğu günləri təsvir edir.

​Milli Hökümətin təşkilindən əvvəl şəhərlərimizdə çox şey dəyişmişdi

Tanınmış cərrah 5 yaşında ikən Təbrizin cənubunda yerləşən doğma şəhəri Marağanın küçələrində təşkil olunan konsertlər, paradlar və siyasi mitinqləri coşqu və həyəcanla izlədiyini xatırlayır:

"Demokrat Firqəsinin təşkilindən bir-iki il əvvəl şəhərdə çox dəyişikliklər olmuşdu. Bir çox mitinqlər, konsertlər və paradlar olurdu. Xüsusilə, azad libas geymiş xanımlar şüarlar verib, himnlər oxuyaraq yürüş keçirirdilər. Biz uşaqlar onların arxasından gedirdik. Mən şüarları xatırlamıram. Amma çox hissiyatla oxuyurdular. Şəhərin mərkəzində Xan Hamamı meydanı var idi. Orada mitinqlər və nitqlər olurdu. Bizim evə yaxın idi. Dostlarımla gedərdik o mitinqlərə. Nitqlər elə odlu və hissiyatlı olurdu ki, mən bunları əzbərləyib gedib evdə təkrar edirdim.”

Azərbaycan Demokrat Firqəsinin üzvü Raziyə Şabani İbrahimzadə 2013-ci ildə vəfat etdi

 

Azərbaycan Demokrat Firqəsinin üzvü Raziyə Şabani İbrahimzadə 2013-ci ildə vəfat etdi

​İran Mərkəzi Dövlətinin bölgədəki nüfuzu tədricən azaldı

Şapur Ənsari Azərbaycan Milli Hökümətinin təşkilindən öncə də Tehranın bölgə üzərində nəzarətının güclü olmadığını ifadə edir.

"Xatırlayıram ki, İran Dövləti hərbi vəziyyət elan etmək istəmişdi. Amma Sovetlər demişdi, bunların belə bir haqqı yoxdur, bura müharibə bölgəsidir və nizamı bizim əlimizdə… Hər şey rusların əlində idi… Biz Milli Hökümətin qurulmasını elə ani olaraq hiss etmədik. Lakin dövlət qurumlarını tədricən ələ keçirirdilər. Milli hökümət qurulmadan əvvəl də, mərkəzi dövlətin valisinin, qubernatorunun bir qüdrəti yox idi. Mən sonralar bildim ki, Marağa şəhərinin qubernatoru şəhərin xaricinə çıxmaq üçün gedib ruslardan icazə almalı imiş. Yəni, 1941-dən 1945-ə qədər mərkəzi dövlətin nüfuzu yavaş-yavaş yox olmuşdu,” deyə, o dilə gətirir.

Ənsarinin fikrincə, həmin illərdə, Sovet qüvvələri üçün önəmli olan məsələ, Almaniya ilə müharibə idi: "Mən fikirləşəndə, baxıram ki, ruslar İranda baş verənlərə heç önəm vermirdi. Onlar öz çullarını sudan çıxarmağa fikir verirdi. Öz təhlükəsizlikləri və Almaniya təhlükəsinə fikir verirdilər…”

O, yerli əhalinin Sovet Ordusu tərəfindən basqı və əziyyətə məruz qalmadığını vurğulayır: "Mən hərdən İraqda və Suriyada olanlara baxıb fikirləşirəm. Sovet qoşunu səbəbi nə idisə, əhali ilə mehriban keçindi. Heç bir mülki vətəndaşı öldürmədilər. Qadınları incitmədilər. Bunun səbəbi nə idi? İndi mən özüm düşünürəm ki, bəlkə bu əsgərlərin bir çoxu Azərbaycan Respublikasından gəlmiş idi və Mir Cəfər Bağırovun əmri idi [ki əhali ilə yaxşı keçinsinlər]. Ya da, komunistlərin təfəkkürü bu idi ki, bizimlə düşmənlikləri yox idi və sadəcə almanları məğlub etmək üçün gəlmişdilər.”

Seyid Cəfər Pişəvəri

 

                                                 Seyid Cəfər Pişəvəri

​Kəndlilər Fədai dəstələrinə qatılırdı

Şapur Ənsari 1945-ci ilin qışında Azərbaycan Milli Hökümətinin təsis edildiyi zaman artıq məktəbə gedirdi. Üçüncü sinif şagirdi idi. O, hökümətin təsisini böyüklərin gördüyü kimi, görüb və hiss etməsə də, Fədai dəstələrinə (Milli Hökümətin silahlı qüvvələri) qatılan kəndliləri görmüşdü.

Cənab Ənsari deyir ki, "biz kəndlilərdən bəzilərinin Fədai olduğunu bilirdik. Mənim atam xırda-malik idi. Kəndlilərin malik və ərbaba (ağaya) bir növ hörmətləri var idi. Birdən-birə, o hörmət aradan getməyə başladı. Bizim kənddən Fədai olanların bir-ikisi əllərində tüfənglə bizim evə gəlib, kürsü başında otururdular. O zamana qədər, o kəndlilər icazəsiz gəlib bizimlə bərabər kürsü başında oturmazdılar. Fədai olmaq onlarda o qədər özünə-inam yaratmışdı ki, gəlib otururdular. Əlbəttə bizimlə hörmətlə danışardılar. Deyərdilər, biz məmləkəti azad edəcəyik. Mən uşaq idim, qulaq asardım. Fədailər Təbrizi alanda bizim bu kəndlilər də var idi…”

Türk dilində nitiqlər mənə ləzzət edirdi

Şapur Ənsarinin dediklərinə əsasən, türk dilində qəzetlər və elanların yayımlanması, nitqlərin söylənməsi və daha sonralar türkcənin məktəblərdə tədris edilməsi əhaliyə zövq verirdi.

"Türk dilinin tədrisi Milli Hökümətin qurulduğu ildə başlamadı. Amma hər şey türk dilində idi. Məktəblərdə nitqlər olurdu. Mən bu nitqləri əzbərlərdim. Öz dilimizdə olduğu üçün mənə ləzzət verirdi. Gəlib bunları evdə deyirdim. Bəzi sözlər deyilirdi ki, mənasını başa düşmürdüm. Anam mənə deyirdi, kəs səsini, bu sözlər sənə yaraşmaz, niyə deyirsən bunları? Amma mən mənasını başa düşməsəydim də, onlar elə hissiyatla danışırdılar ki, xalq alqışlayırdı. Bu mənə təsir edirdi,” deyə Ənsari xatırlayır.

O, əlavə edir, "o zamana qədər, Rza Şah zamanından bizim dilimiz qadağan idi. Heç kəs türkcə yazanmazdı. Məktəblərdə türkcə danışanları cərimə edirdilər. Böyük uşaqlara kötək də vururdular. Sonra rus qoşunu gəldi. İşğal edən xarici bir qoşun gəldi və bir neçə ay ərzində azadlıq oldu. Musiqi olurdu, nitqlər olurdu. Xalq qorxmurdu. Türk dilində qəzetlər çıxdı. Bu xalqa bir növ ləzzət edirdi. Amma rusların orada olması şübhələrə səbəb olurdu. Mən bunu ailəmdə görürdüm.”

Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (S.C. Pişəvəri şəkilin ortasında)

 

               Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (S.C. Pişəvəri şəkilin ortasında)

​Firqəyə rus damğası vururdular, gözdən salırdılar

"Türk dili əhaliyə ləzzət etsəydi də, rusların orada olması şübhə yaradırdı,” deyə söyləyən Şapur Ənsari, bunun Rus əsgərlərinin keçmişdə törətdikləri cinayətlərdən asılı olduğunu önə çəkir.

"Ruslardan çox pis xatirələr var idi. Mənim atam həmişə öz uşaqlığından, bacısının öldüyünü, anasının yaralandığını anladardı. Deyərdi, ‘əvvəl rus gəldi’də, ‘ikinci rus gəldi’də belə oldu. Məşrutə Hərəkatı dönəmi, ya başqa dönəmlərdə, oralar olmuşdu rusların arxa bağçası. Hərdən gəlib işğal edirdilər… Buna görə də, [əhali] qorxurdu. Demokrat Firqəsinin təşkilində nə var idi, səbəbi nə idi? Demokrat Firqəsi nə etmək istəyir? Bunları başa düşmürdülər. Adlı-sanlı adamlar firqəyə bir rus damğası vurub və xalqın gözündən salırdılar.”

Kəndlərdə torpaq islahatı

Şapur Ənsarinin bir torpaq sahibinin övladı kimi Azərbaycan Milli Höküməti dönəmində həyata keçirilən torpaq islahatı ilə bağlı da xatirələri var:

"Hökümətin bütün torpaqları bölmə fürsəti olmadı. Bizim iki növ yerlərimiz var idi. ‘Hampalıq’lar var idi ki, kəndlilərin əlində idi. Onlar əkib biçərdi və onun üçdə biri ya beşdə birini məhsul zamanı bölüb, mənim atama verərdilər. Bir də, bizim öz əlimizdə olan yerlər var idi, bağlar, almalıq və meşələr. Bunları atam özü idarə edərdi. Nökər deyərdilər, amma, atam hər il bir neçə nəfəri işçi kimi işə alardı. Onlar maaş alıb bu yerləri idarə edərdi. Bu yerlərə heç əl dəymədilər. Amma kəndlilər Hampalıqları öz əllərinə keçirib, sahibləndi. Bizim tamam ərzaqımız bu Hampalıqlardan gələrdi, buğda və ləpə, filan. Demokrat Firqəsindən əmr var idi ki, kəndlilər ərbaba (torpaq sahibinə) heç nə verməsin. Lakin mənim atam yaxşı ad çıxarmışdı… Kəndlilər gecə qaranlığında bizə bir neçə yük un, ləpə və kömür yolladılar.”

"Yəni, mənim ailəmin və bizim kimilərinin durumu Demokrat Firqəsinə müxalif olmaq üçün anlaşıla bilən bir durum idi,” deyə Şapur Ənsari əlavə edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300