AXC-nin lll Konfransının 2-ci günü də 1-ci gün kimi çox gərgin şəraitdə keçdi …açıq görünməsə də zalda xeyli silahlı adam vardı.

 

İsa Qəmbər yazır…

7 yanvar 1990

AXC-nin lll Konfransının 2-ci günü…

zəruri qeyd:
5 yanvar və 6 yanvarda yazdığım statuslar FB-da və bir çox saytlarda paylaşılıb, bir çox şərhlər yazılıb, əksəriyyət bu statuslarda deyilənləri bəyənib, həqiqət olduğunu təsdiq edib. Diqqət göstərən hər kəsə təşəkkür edirəm.
Bəzi dostlar bunları mənim memuar yazmağa başlamağım və ya hazırlaşmağım kimi qiymətləndirib. Belə deyil, bunlar memuar deyil. Sadəcə FB-un "bu gün” funksiyası mənə belə bir ideya verdi ki, burda yazdığımız və ya oxuduğumuz statuslar hər il dönümündə qarşımıza çıxır, amma biz axı fb-dan əvvəl də yaşamışıq, nələrsə etməyə çalışmışıq, nələrisə görmüşük. Bəlkə onları da yada salaq?!
Ona görə də #Filanıncıilinbugünü haştaqını istifadə etməklə mənim üçün önəmli olan günləri, hadisələri status şəklində qeyd etmək qərarına gəldim. Və janrın tələbinə uyğun olaraq yadımda olan hadisələri çox qısa, mümkün qədər qısa yazmağa çalışıram, yoxsa yaddaşımda həkk olunan bir çox hadisə ayrıca kitaba yetəcək qədər mürəkkəbdir. Yazmaqla bitməz. Mən burda sadəcə o hadisələri punktirlə qeyd edirəm.
Əgər yazdıqlarım kimin üçünsə yenilikdirsə, əla!
Kiminsə yaddaşını təzələyirəmsə, bu da gözəl!
Kimsə ya ilhama gəlib, ya da fərqli baxış sərgiləmək istəyib öz yanaşmasını ortaya qoyacaqsa, bu lap əla!
Hər zaman dediyim kimi, tarixini bilməyən xalq, amneziya xəstəliyinə düçar olmuş insan kimi onun-bunun əlində oyuncağa çevrilə bilər.
Odur ki, tariximizi yazaq, öyrənək, müzakirə edək!

Nə isə, mətləbə keçək.

AXC-nin lll Konfransının 2-ci günü də 1-ci gün kimi çox gərgin şəraitdə keçdi. Açıq danışsaq, əslində gerçək bir xaos vardı zalda. Bunun bir çox səbəbləri vardı, mən ikisini qeyd edim.
Birincisi, o zalda Azərbaycanın ən passionar insanlarının bəlkə 70-80 %-i toplaşmışdı. Az qala hər biri bir ölkəni, bir bölgəni, bir sahəni idarə etmək gücündə olan liderlik keyfiyyətlərinə və ya iddialarına malik insanlar idi. Əksəriyyəti yüzlərlə, bəziləri minlərlə, bəziləri isə onminlərlə insanı təmsil edirdi. Hamı danışmaq, öz təkliflərini səsləndirmək, proseslərə yön vermək istəyirdi. 70 il susmağa məcbur edilən xalqın nümayəndələri DANIŞMAQ və EŞİDİLMƏK istəyirdi. Hər kəs, hətta AXC üzvü olmayanlar da cəbhəni ÖZ təşkilatı hesab edirdi. Geniş demokratik əsaslarla qurulmuş AXC-nin rəhbərliyi heç kimin söz haqqını boğmaq istəmirdi. Buna görə də hətta təşkilatın lideri Əbülfəz Elçibəy və konfrans sədrliyinə seçilmiş ən populyar ziyalılar da toplantını idarə etməyə çətinlik çəkirdilər.
İkincisi, dünən qeyd etdiyim kimi, martda parlament seçkiləri keçiriləcəkdi və ölkəmizdə müdhiş nüfuz sahibi olan AXC-nin qalib gələcəyi şübhəsiz idi. İflasa uğramış Sovet kommunist rəhbərliyi və Moskvadan qorxan Azərbaycan rəhbərliyi bunun qarşısını almağın mümkün yollarını axtarırdılar. Çünki AXC-nin parlamentdə əksəriyyət əldə etməsi Qarabağın müdafiəsi və Azərbaycanın SSRİ-dən ayrılması istiqamətində legitim qərarlar və addımlar demək idi. Bu isə SSRİ-nin parçalnmasını şərtrləndirəcəkdi. Bu real perspektivin qarşısını almaq məqsədi güdən kommunistlər üçün ən asan yol AXC-ni parçalamaq, eyni zamanda və ən azı yanlış hədəflərə yönləndirmək idi. Kommunist nomenklatura və KQB həm hərəkatdakı öz adamları vasitəsilə, həm də hərəkatda, cəbhədə rəhbər mövqe tutmaq üçün hər cür avantyuraya hazır olan iddialı şəxslərin yanlışları ilə AXC Konfransının işini pozmağa, toplantının zəruri və gerçəkçi qərarlar qəbul etməsinin qarşısını almağa, rəhbərliyə ancaq özləri barədə düşünən insanların, təsadüfi adamların seçilməsinə nail olmağa çalışırdı.
Konfransdakı atmosferi hiss etmək üçün dəyərli ziyalımız Ədalət Tahirzadənin "Meydan” xronikasını oxumağı tövsiyyə edirəm. O öz gördüklərini və qeydə ala bildiklərini yazıb. Mən isə yadımda qalanı, prosesin mahiyyətini, əsas trendləri yazmağa çalışıram.
Zərdüşt Əlizadə başda olmaqla solçular cəbhədən ayrılaraq Sosial Demokrat qrupu yaratmaq niyyətində idilər və bunu açıq bəyan etdilər. Əslində bir sıra başlıca məsələlərdə onların yanaşmaları bizim mövqeyə yaxın idi, onlar bizə dəstək versələr proseslərə intellektual yanaşma, hərəkatı dinc yolla parlament seçkilərində qələbəyə aparmaq daha rahat olardı. Amma onlar öz yollarını seçdilər. Onların bu qərarı faktiki olaraq hakimiyyətin cəbhəni parçalamaq, hərəkatı radikallaşdıraraq repressiyalara yol açmaq planına xidmət etdi. Əlbəttə Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə pataloji nifrəti bəlli idi, amma hər halda onların qərarını impulsiv hesab etmək, hakimiyyətin kursu ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirmək çox çətindir.

"Radikallar”ın fəaliyyəti fərqli idi. Onlar lap əvvəldən AXC-ni və konfransı nəzarətə götürməyə çalışırdılar. Hətta 20-30 nəfərlik xüsusi mühafizə dəstəsi təşkil etmişdilər, eyni rəngli (səhv etmirəmsə göy) kostyum geyinmiş bu dəstəyə Rövşən Cavadov rəhbərlik edirdi. Dəstə Etibar Məmmədova tabe idi. Təsəvvür edin ki, onlar hətta bizim zala daxil olmaq və zaldan çıxmağımıza da nəzarət etmək iddiasında idilər. Təbii ki, bu alınmadı, alına da bilməzdi, bizim nüfuzumuz və bölgələrdən gələn qətiyyətli və fədakar konfrans nümayəndələrinin sərt mövqeyi bizim toxinulmazlığımızı təmin edirdi.
Zalda dəvət olunmuş və olunmamış xeyli qonaq var idi. Qaragüruhçular da var idi. Onlardan bəziləri səmimi, bəziləri öz kuratorlarının tapşırığı ilə "radikallar”la birgə hərəkət edirdi. Atmosferi tam hiss etməyiniz üçün bir nyuansı da yazım: açıq görünməsə də zalda xeyli silahlı adam vardı. Qarabağdan, sərhəd bölgələrindən gələnlər bunu nümayiş etdirməsələr də, qaragüruh nümayəndələri silahlı olduqlarını bəzən hiss etdirməyə çalışırdılar. Bizim tərəfdarlardan bəziləri də onları dədə-baba qaydasında başa salmağa çalışdılar ki, "liberallar”ı "intelligent” görüb çox əl-ayaq açmasınlar.
Azərbaycan KP-nın Mərkəzi Komitəsindən də qonaqlar var idi. O dövrdə KP MK-də kifayət qədər intellektual şəxslər də çalışırdı. Onlardan bir neçəsi- prof. Rafiq Əliyev, prof. Kamal Abdulla və digərləri AXC Konfransının qonaqları idi. Onlardan biri konfransın kuluar söhbətlərində fikir mübadiləsindən sonra düşüncəli bir əhval-ruhiyyə ilə etiraf etdi ki, bizim üçün ən təhlükəli olan siz "liberallar”ın mövqeyidir. Onları başa düşmək olardı. Çünki bizim mövqeyimiz AXC-nin rəhbərliyi, elmi idarəetməsi, dinc kütləvi hərəkat vasitəsilə xalqın tam qələbəsinə yönəlmişdi.

Konfransın ikinci günü biz yeddilərin daha bir neçə nümayəndəsi çıxış etdi. Onlar mövcud vəziyyəti dəqiq təhlil etməklə, AXC-nin yaxın dövrdə əsas fəaliyyət istiqamətlərini təqdim etməklə mövqeyimzi daha da güçləndirdilər.
Artıq edə biləcəyimiz etmişdik. Qalanı konfrans iştirakçılarının iradəsinə qalmışdı. Söhbət ondan getmirdi ki, biz həqiqətləri söyləməklə vicdanımızı rahatlamışıdq və kənara çəklimək niyyətində idik. Məsələ bu idi ki, biz Qarabağı qorumaq və müstəqilliyə nail olmaq üçün hansı addımların atıla biləcəyi, xalqımızı dəyə biləcək zərbələrdən, təhlükələrdən qorumaq üçün isə hansı addımlardan çəkinmək gərəkdiyini aydın şəkildə ortaya qoymuşduq. Etiraf edim ki, konfrans öncəsi bir neçə taktiki variant hazırlamışdıq və variantlardan biri mövqeyimiz qəbul edilməzsə AXC rəhbərliyindən çəkilmək, başqa bir təşkilat yaratmaq idi. Lakin konfransın gedişində müşahidə etdik ki, qaragüruhçular və onlardan faydalananlar toplantının demokratik prosedurlar əsasında getməsinə imkan verməsələr də konfrans nümayəndələrinin əksəriyyəti bizim mövqeyə üstünlük verir. AXC-nin güclü bölgə təşkilatlarından Zaqatala, Sabirabad, Lənkəran, İmişli, Göyçay, Qazax, Ağstafa, Xaçmazdan və s. seçilən konfrans nümayəndələri Arif Hacılı, Qurban Məmmədov, Rahim Nuriyev və bir çox başqaları bizi dəstəklədikərini bəyan edirdilər və çox fədakarlıqla çalışırlılar ki, konfrans demokratik prosedurlara uyğun davam etsin. Əksəriyyətin mövqeyinə əsaslanaraq biz AXC-dən istefa vermədik, sadəcə olaraq bəyan etdik ki, yeni İdarə Heyətinə namizədliyimizi irəli sürməyəcəyik. Bununla da mübarizəmizin məqsədinin AXC-də rəhbər vəzifə tutmaq deyil, AXC-nin doğru üsullarla doğru hədəflərə irəliləməsi olduğunu sözdə deyil, əməldə nümayiş etdirmiş olduq.
Bizim mövqeyimiz və sağlam, necə deyərlər "sort” cəbhəçilərin fəaliyyəti və fədakarlığı nəticəsində iki önəmli uğur əldə edildi.
Əvvəla, AXC Nizamnaməsinin sərtləşdirilməsinə, təşkilatda və hərəkatda demokratiyanın məhdudlaşdırılmasına, avtoritarizmin güçlənməsinə yönəlmiş, "radikallar” və onların hüquqşünas dostları tərəfindən hazırlanıb təqdim edilmiş iki layihənin qarşısı alındı.
İkincisi, konfransda açıq səsvermə ilə, "basməmmədi” seçkilərin qarşısı alındı. Konfrans xüsusi qərarla AXC-nin Məsclisinə səlahiyyət verdi ki, İdarə Heyəti 8 yanvarda Məclisin toplantısında gizli səsvermə ilə seçilsin.

Məclsin toplantısı barədə söhbəti isə sabah- 8 yanvar 2018-də edərik…

Yazı Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin facebook səhifəsindən götürülüb

Qeyd: yazının əvvəlini buradan oxuya bilərsiniz:Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə heyətində fikir ayrılıqları artırdı

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300