"Bizi həbsə atacaqsız, başqaları yazacaq"-Əfqan Muxtarlı

 

Jurnalist 6 il azadlıqdan məhrum edildi

 

Yanvarın 12-də Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Onun özü var ki, fikri də ola?

 

Proses sübutların qiymətləndirilməsi ilə başlayıb.

 

Müdafiə tərəfi Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun veb-saytından çıxarışları sənədlər siyahısına əlavə edilməsi ilə bağlı vəsatət verib. Həmin çıxarışlarda Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyi qeyd olunur. Bundan başqa, vəkillər Dövlət Sərhəd Xidməti ilə Baş Prokurorluğun Əfqan Muxtarlının həbsi ilə bağlı yaydıqları birgə məlumatda jurnalistin təqsirsizlik prezumpsiyasının pozulduğunu deyiblər.

 

Dövlət ittihamçısı Qürbət Məmmədov həmin sənədlərin əsassız olduğunu bildirib və vəsatətin təmin edilməməsini istəyib.

 

Zərərçəkən kimi tanınan Qafur Məmmədov da ittihamçının fikirlərini dəstəkləyib.

 

Bundan sonra hakim qərarını elan edib. Bildirib ki, həmin sənədlər hazırda məhkəməsi gedən işlə bağlı olmadığından vəsatət təmin olunmur. Təqsirsizlik prezumpsiyası ilə bağlı vəsatətə isə hökm verilərkən münasibət bildiriləcək.

 

Bundan sonra vəkil Elçin Sadıqov daha bir neçə sənədin işə əlavə olunmasını istəyib. Həmin sənədlərdə Əfqan Muxtarlının Gürcüstanda dəfələrlə izləndiyi göstərilir:

 

"Biz xahiş edirik ki, həmin sənədlər cinayət işinin materiallarına əlavə olunsun. Bu sənədlər bir daha sübut edir ki, Əfqan Muxtarlı oğurlanaraq Azərbaycana gətirilib”.

 

Dövlət ittihamçısı isə deyib ki, Əfqan Muxtarlıya konkret olaraq Azərbaycan Respublikasının ərazisində baş vermiş cinayət faktı üzrə ittiham verilib:

 

"Ona görə də hesab edirəm ki, Gürcüstanda və ya başqa ölkədə baş vermiş hadisə ilə bağlı sənədlərin işə əlavə edilməsinə ehtiyac yoxdur”.

 

Hakim zərərçəkmiş kimi tanınan şəxsin fikrini soruşub. Bu zaman Əfqan Muxtarlı "onun nə fikri olacaq? Onun özü var ki, fikri də ola?” – deyə replika atıb.

 

Qafur Məmmədov yenə dövlət ittihamçısının dediklərini dəstəkləyib.

 

Məhkəmə bu vəsatəti də təmin etməyib. Bundan sonra məhkəmə istintaqı yekunlaşıb.

 

8 il iş istənildi

 

Çıxış üçün söz dövlət ittihamçısı Qürbət Məmmədova verilib. O, Əfqan Muxtarlının dövlət sərhədini pozduğunu, ölkəyə külli miqdarda xarici valyuta gətirdiyini və onu saxlamaq istəyən dövlət qulluqçusuna xəsarət yetirdiyini deyib. Hesab edib ki, bunlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapıb. Qürbət Məmmədov Əfqan Muxtarlının işində yüngülləşdirici hal olmadığını deyib. O, jurnalistin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qafur Məmmədov prokurorun çıxışı ilə razılaşıb.

 

Şahidlərin dindirilməsi qaydası pozuldu

 

Bundan sonra Əfqan Muxtarlının vəkilləri çıxış ediblər. Vəkillər deyiblər ki, Əfqan Muxtarlı əvvəllər də Gürcüstanda izlənilib və o, oğurlanaraq ölkəyə gətirilib. Elçin Sadıqov çıxışında bildirib ki, məhkəmə zamanı müdafiə tərəfinin heç bir vəsatəti, sübutu qəbul olunmayıb.

 

"Biz qeyri-bərabər şəraitdə, ittiham tərəfinin qarşısında əlverişsiz şəraitdə müdafiə etməyə çalışdıq. Məhkəmə həmin sübutları qəbul etsəydi, birmənalı olaraq müdafiə etdiyim şəxsin təqsirsizliyi tam sübut olunardı”.

 

Vəkil deyib ki, məhkəmədə şahidlərin dindirilməsi qaydası pozulub, onlar bir-birinin ifadələrini eşidiblər:

 

"Məhkəmə onlardan yalnız birinin – Azər Şirinovun ifadəsini sübutlar siyahısından çıxardı. Dövlət ittihamçısının təzyiqi nəticəsində məhkəmə bizim bununla bağlı vəsatətlərimizi təmin etmədi və müdafiə hüququmuzu pozdu”.

 

E.Sadıqov deyib ki, bunlar bir daha göstərib ki, əslində heç bir hadisə baş verməyib, ittiham aktı uydurulmuş nağıldan ibarətdir. Vəkil deyib ki, Cinayət Məcəlləsi birmənalı olaraq qeyd edir ki, şəxsə təyin ediləcək cəza ən ağır cəza nəzərdə tutan maddənin sanksiyasından artıq ola bilməz:

 

Ancaq prokuror ən ağır cəza 7 il nəzərdə tutulduğu halda heç nəyə istinad etmədən, müstəsna hallar mövcud olmadan 8 il iş istədi. Bu, əslində işin siyasi sifariş olduğunu göstərir”. Vəkil Əfqan Muxtarlının bəraət almasını istəyib.

 

İlk dəfədir görürəm ki, müstəntiq şahid kimi dindirilir

 

Vəkil Nemət Kərimli isə deyib ki, Əfqan Muxtarlının oğurlanaraq ölkəyə gətirilməsini hətta Gürcüstanın prezidenti də öz çıxışında təsdiq edib. Prezident bu hadisəni Gürcüstanın müstəqilliyinə təhdid kimi qiymətləndirib.

 

"Sadəcə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq bir ssenari yazmaq istəyiblər. Bu ssenari də çox zəif yazılıb. İş materiallarında təhqiqatçı tərəfindən alınmış 3 izahat var. Həmin izahatların hamısı eynidir. Hətta birində 16-cı səhifədə "pozmaq” sözü səhv gedib, digərində də var. Görünür ki, həmin şəxslər hazır materiala qol çəkiblər. İş materialında müstəntiq şahid kimi dindirilib. İlk dəfədir görürəm ki, müstəntiq gəlib məhkəmədə şahid kimi dindirildi. Qanunda açıq şəkildə göstərilib ki, yalnız işdə yol verilmiş sui-istifadə hallarına görə müstəntiq və ya təhqiqatçı dindirilə bilər”.


 

                       Əfqan Muxtarlı

 

Nemət Kərimli də şahidlərin dindirilməsi prosesinin pozulduğunu vurğulayıb. Dövlət ittihamçısının çıxışına münasibət bildirən vəkil deyib:"Dövlət ittihamçısı deyib ki, işdə yüngülləşdirici hal yoxdur. Təqsirləndirilən şəxsin iki azyaşlı övladı var. Bu, necə yüngülləşdirici hal kimi götürülə bilməz?”

 

Vəkil hesab edib ki, ortada cinayət hadisəsi yoxdur və buna görə Əfqan Muxtarlıya bəraət verilməlidir.

 

Mənə işi Prezident Aparatından verirlər

 

Vəkillərin çıxışına münasibət bildirən dövlət ittihamçısı deyib ki, hazırkı qanunvericiliyə görə 8 il iş istəyə bilər, ona görə də bu barədə deyilən fikirlər müşavirə otağında sənədlərin tədqiq zamanı sübutlar siyahısından çıxarılmalıdır. Bu zaman Əfqan Muxtarlı deyib: Elə yekə-yekə müşavirə otağı deyirsən ki, elə bil mənə orada iş verirlər. Mənə işi Prezident Aparatından verirlər, nə müşavirə otağı?

 

Bundan sonra hakim jurnalistə "Əfqan Muxtarlı, buyur, sizə son söz verilir”, – deyib.

 

Jurnalist cavabında: "Siz mənə son söz verə bilməzsiz, mən ömrümün axırına kimi danışacam”.

 

Onun bu fikri zalda alqışlarla qarşılanıb.

 

Həbsimin səbəbi Əliyevlərin biznesi ilə bağlı yazılarımdı

 

Əfqan Muxtarlı çıxışa başlayıb:

 

- Mənə qarşı irəli sürülən ittihamlarla bağlı danışıb vaxtınızı almaq istəmirəm. Bir-iki kəlmə deyəcəm. Hər bir işin səbəbi olmalıdır. Dövlət ittihamçısı bu cinayəti guya onunla əsaslandırır ki, 10 min avronu Azərbaycana gətirmişəm. Göstərilən məbləğ çox gülməlidir. Bu, hakimiyyətdə olan Elçin Quliyevin (DSX rəhbəri - red) bir naharının puludur. Həmin pulu ölkəyə gətirmək üçün deklorasiya yaza bilərdim, vergisi yoxdu. İkincisi, mən o pulu bir neçə yerə bölüb, dostlarım vasitəsilə keçirə bilərdim. O halda da heç bir qanunu pozmuş olmurdum. Qondarma ittihamla belə bir görüntü yaratmaq istədilər ki, guya Gözəl Bayramlı ilə mən ölkəyə pul gətiririk. Dövlət Sərhəd Xidmətinə, prokurorluğa bu yöndə tapşırıq verilib. Sadəcə fərsizdilər, bacarıqsızdılar. Hətta qanunsuzluğu belə yerinə yetirə bilmirlər. Ona görə də bu haqda danışmaq istəmirəm. Mənim həbsə düşməyimin əsas səbəbləri vardı. Burada oturan adamların hamısı məni tanıyır. Bilirlər ki, 15 yaşımdan xalq hərəkatına qoşulmuşam, 17 yaşımda Qarabağ döyüşlərinə getmişəm. Bütün şüurlu həyatım boyunca, azadlıq və müstəqillik uğrunda hərəkatda ön sıralarda olmuşam. Xüsusən də Əliyevlərin hakimiyyəti dövründə bu ailənin sərvətləri talamasına göz yummamışam. Jurnalist olduğum müddətdə Əliyevlər tərəfindən dövlət büdcəsinin talanmasına dair bir neçə araşdırmanın müəllifiyəm. Birincisi, Göygölün hasarlanması. Bu məqalə "Demokrat” qəzetində nəşr olunub. Orda dövlət əmlakının İlham Əliyev tərəfindən mənimsənilməsi, böyük bir villanın tikilməsi, həmin villanın gülləkeçirməz aynaları, pəncərələri...

 

Hakim onun sözünü kəsib:

 

- Əfqan Muxtarlı işlə bağlı danış.

 

Əfqan Muxtarlı:

 

- Mən işimlə bağlı danışıram. Sonrakı araşdırmam silahlı qüvvələrdəki oğurluqlarla bağlı olub. Həmin məqalədə mən göstərmişdim ki, Əliyevlər ailəsinə məxsus şirkətlər silahı qüvvələrin ərzaq təminatına ayrılmış pulun böyük bir hissəsini mənimsəyir, əsgərlərə keyfiyyətsiz ərzaq verilir. Daha bir məqaləm Azərbaycandan oğurlanmış pullar hesabına Gürcüstana yatırılan vəsaitlə bağlıdır. Yazmışdım ki, Azərbaycan xalqından oğurlanmış vəsait heç olmasa iqtisadiyyata qoyulmur. Həmin pullar ölkədən çıxarılır, Gürcüstanın ərzaq sənayesinə qoyulur. Mənim həbsimin digər səbəbi siyasi fəaliyyətimlə bağlıdır. Buradakı adamların hamısı bilir ki, Gürcüstanda və digər ölkələrdə Azərbaycan səfirliklərinin qarşısında keçirilən aksiyaların təşkilatçılarından biriyəm. Xüsusən də Gürcüstanda. Azərbaycan hakimiyyəti orada mənim hər addımımı izləyib. Buna görə milyonlarla vəsait xərcləyib, orada gədələr tutub, evimin qabağında post qurub. Gecə-gündüz izləyiblər, telefonlarımı güdüblər. Gürcüstanın hüquq-mühafizə orqanlarında işləyənləri satın alıblar. Bu adamlar ölkənin sərvətlərini xalqın rifahına xərcləmək əvəzinə Gürcüstanda yaşayan bir jurnalistin izlənməsinə sərf ediblər. Oğurlanmamışdan bir neçə gün əvvəl "Amerikanın səsi” və digər media qurumlarına müsahibələr vermişəm, izlənməyim və tutulub Azərbaycan hökumətinə təhvil verilməyim barədə danışmışam. Həmin müsahibələr Gözəl Bayramlının məsələsi ilə də təsdiq olundu.


 

                                                                      Əfqan Muxtarlı

 

Hakim:

 

- Yekunlaşdırdız?

 

Əfqan Muxtarlı:

 

- Yox, mən sabah səhərə qədər danışacam. Çox vaxtım var. Və bu həbslər boş şeydi. Biz həbsdə də yazacağıq. Biz ona görə yazmırıq ki, sabah Əliyevləri devirəcəyik. Ona görə yazırıq ki, insanlara ümid veririk. İnsanlara verdiyimiz o ümidi bizim əlimizdən ala bilməzsiz. Bizi həbsə atacaqsız, başqaları yazacaq. Elmar Hüseynovu öldürdüz, biz yazdıq. Rafiq Tağını öldürdüz, biz yenə yazdıq. Rasim Əliyevi öldüzdüz, biz yenə yazdıq. Dostum, bloger Mehman Qələndərlini Kürdəxanı həbsxanasında vicdansızcasına öldürdüz, qanını batırdız. Onlara baxanda şanslı adamam. Məni tutub aparanda elə bildim öldürəcəklər. Heç vecimə də deyildi. Dedim, bıçaqla vurma, güllə ilə vur. Bizi öldürməklə, həbs etməklə bu xalqın haqq səsini boğa bilməzsiz, cənab hakim. Çünki bu xalq qısır deyil. Ölkədə dəyişiklik aparmaq istəyən böyük kütlə var. Onların da yanında üz ağ olmaq üçün burdayam. Nə həbsxana, nə prokuror kimi qullarınız, nə də Qafur Məmmədov kimiləriniz məni sındıra bilməz.

 

Hakim:

 

- Məhkəmə son sözü dayandırır.

 

Bundan sonra zalda təkrar alqış səsləri ucalıb.

 

Hakim hökm zamanı zaldakıların içəri buraxılmamasını tapşırıb. Bundan sonra qərar vermək üçün müşavirəyə gedib.Müşavirədən sonra hakim Əfqan Muxtarlıya 6 il həbs cəzası verib.

 

Xatırlatma

 

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

 

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

 

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.///arqument.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300