Siyasilər müasir yazarladan kimləri oxuyur?

 

Fazil Mustafa: "Mütaliə baxımından maraqlı ədəbiyyatımız var”

Sərdar Cəlaloğlu: "Müasir Azərbaycan ədəbiyyatında düşündürən əsəri olan bir adam da yoxdur”

Nemət Pənahlı: "Bir gün kitab oxumasam həmin günümü heçə sayıram”

Tural Abbaslı: "Onlar yaşlı yazar və şairlərin əlinə belə su tökə bilməzlər... "

Hər zaman siyası məsələlər ilə bağlı açıqlamalar, şərhlər verən siyasətçilərin digər maraq dairələri də həmişə cəmiyyət üçün maraqlı olub. Bəs görəsən tanınmış simalar müasir ədəbiyyatdan kimləri bəyənir, mütaliə edirlər? Mövzu ilə bağlı "Yeni Müsavat”ın əməkdaşı bir neçə siyasətçi arasında sorğu keçirib.

Millət vəkili Fazil Mustafa sevdiyi müasir şair və yazarların adını açıqlayıb:"Müasir ədəbiyyatdan Aqşin Yeniseyin, Salam Sarvanının, Aysel Əlizadənin yaradıcılığını oxuyuram. Elçin Mirzəbəylinin də şeirləri çox gözəldir. Gənc yazarlardan Cəlil Cavanşiri də oxuyuram. Ümumiyyətlə mütaliə baxımından maraqlı ədəbiyyatımız olduğunu düşünürəm”.

 

 

MDP-nin sədri Nemət Pənahlı isə ədəbiyyatdan siyasətə gəldiyini xatırladıb:"Yəni mənim ilk fəaliyyətim dram, ədəbiyyat dərnəklərindən başlayıb. Özüm də hələ kiçik yaşlarımdan, 5-ci sinifdən yaradıcılıqla məşğulam. Bir söz var, "Şair istəmədim, şair doğuldum”. Təbii ki, klassik, çağdaş ədəbiyyatı dərin incələmişəm. Bir gün kitab oxumasam həmin günümü heçə sayıram. Ən azı heç olmasa bir fikri düşüncəni televiziya ilə də olsa dinləməyi xoşlayıram.

Müasir ədəbiyyatdan Heydərovun, Kəmaləddin Qədiminin şeirlərini çox bəyənirəm. Həmçinin Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Aydın Vulkanının şeirlərini oxumuşam.

 

 

Məlum səbəblərdən son illərdə təcridxanada oldum və oranın kitabxanasında olan nə qədər kitab varsa oxumuşam... Hazırda isə problemlər üzündən müasir ədəbiyyatdan bir qədər uzaq düşmüşəm”.

ADP sədri Sərdar Cəlaloğlu vaxtilə dövrünün bədii ədəbiyyatını məktəbdə, universitetdə təhsil alarkən oxuyub, baş çatdırdığını dedi:"Bizim dövrün ədəbiyyatı dövrün ruhunu əks etdirirdi. İndi isə əsasən elmi əsərləri mütaliə etdiyimdən indiki müasir ədəbiyyatı o qədər də izləyə bilməmişəm, əsasən vaxtım yoxdur.

Ümumiyyətlə ədəbiyyata baxışım başqalarından fərqlidir. İki cürə - düşündürən və əyləndirən ədəbiyyat var. Əsl ədəbiyyat, düşündürən, tarixdə qalan, insanlığı təbliğ edən ədəbiyyatdır. Əyləndirən ədəbiyyat, o cümlədən dedektiv, fantastika, bunlar yalnız insanı əyləndirir, müəyyən hisslər aşılayır. Yalnız müəyyən dövrlərdə əyləncəyə ehtiyacın olanda bu cür ədəbiyyata meyillik olur. Müasir Azərbaycan ədəbiyyatında düşündürən əsəri olan bir adam da yoxdur. Allaha, dinə, peyğəmbərə, millətə, min illərin sınağından keçən dəyərlərə qarşı üsyan edib özlərini orijinal göstərib, müasir ədəbiyyat yaratdıqlarını düşünənlər var.

 

Ümumiyyətlə incəsənət əsərlərinin bir mənası var, əgər elm artıq kəşf edilmiş bilgilərdən ibarətdirsə, incəsənət əsərləri, o cümlədən də ədəbiyyat kəşf edilməsini gözləyən bilgilərdən ibarət olmalıdır. Yalnız söz yığnağı, qafiyyəyə uyğunlaşdırmaq, bir insanın subyektivliyini əks etdirən əsər olmamalıdır”.

AĞ Partiya sədri Tural Abbaslı isə ümumiyyətlə yazıçı və şairləri gənc və ya yaşlı kateqoriyasına ayırmağın tərəfdarı olmadığını bildirdi:"Odur ki, mənim üçün gənc yazar və ya yaşlı şair anlayışı yox, şair və yazar anlayışı var. Beləliklə maraqlı və mənalı olan hər şeri və əsəri oxumağın tərəfdarıyam. Düşünürəm ki, bu yaşla deyil istedad və bacarıqla bağlı olan bir nüansdır. Əgər kiminsə istedadı varsa 29 il yaşasa belə tarixə adını yazacaq, necə ki, Mikayıl Müşviq, Cəfər Cabbarlı, Əli Kərim və s. Ancaq istedad və bacarıq yoxdursa 100 il də yaşasa bir iz buraxa bilməz. Həm o fikri də yanlış sayıram ki, əgər bu gəncdirsə və hansısa dəyərlərin əleyhinə var gücüylə çıxış edirsə, demək bu istedadlı şair və ya yazardır. Bu gün belə "gənclərin” bəyənmədiyi elə yaşlı yazar və şairlər var ki, bu gənclər onların əlinə belə su tökə bilməzlər.

 

 

Bu o demək deyil ki, gənc istedadlı yazar və şairlərim yoxdur. Ancaq o da faktdır ki, yaşlı nəslin şeir və əsərləri Azərbaycan cəmiyyətində daha populyardır. Bu gün özünü "gənc yazar” sayan bir çoxlarının əsərlərini oxumuşam. Ancaq dediyim kimi hələ o dərəcədə zövq almamışam”.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300