Savaşımız Qarabağ deyil - bütöv Azərbaycandır!
Umuxanım Hüseynzadə: "Amalımız Azərbaycan türkünün
haqq səsinin dünyaya yaymaqdır"
"Bizi din və təriqətlər vasitəsilə bu boyuk ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə
salmaq istəyirlər. Məqsədimiz böyük amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk
xalqlarının birliyi məsələsindəki gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan
torpaqlarının birləşdirilməsi düşüncəsidir”
Sosial şəbəkələr xəbəri mətbuat qədər peşəkar yaymasalar da, informasiya
ötürücülüyündə jurnalistlərin sağ əlinə çevriliblər. Onların bir qismi sırf
populyarlıq, özünü tanıtmaq, reytinq, pul qazanmaq məqsədində olsalar da, digər
qismi isə gerçəkdən fayda vermək, cəmiyyətə yararlı informasiyalar ötürmək və
çiyninə götürdüyü xeyirxah missiyanı gerçəkləşdirmək üçün xəbər yayımında
liderlik etməyə çalışır. Bu məqsədlə də çoxsaylı üzvü olan aktiv qruplar
yaradırlar.
İndi haqqında danışacağımız qrupa kimlərisə cəlb eləməyə ehtiyac yoxdu. Çünki
bu qrupun məramı özünü türk sayan hər bir kəsin ürəyindən xəbər verir. Həmsöhbətimiz
"Bütün dünya türkləri birləşin!” qrupunun yaradıcısı Birləşmiş Dünya Azərbaycanlıları
(BDAT) Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəriUmuxanım
Hüseynzadədir:
Dosye: Umuxanım Hüseynzadə 19 oktyabr 1974-cü ildə anadan olub. Əslən
Bakılıdır. Yaradıcı, istedadlı nəslin nümayəndəsidir. Zamanında çox tanınmış
xanəndə Məşədi Məmməd Fərzəliyevin, Azərbaycan rəqqası, Azərbaycan SSSR xalq
artisti, rəqs quruluşçusu, Əlibaba Abdullayevin nəslindədir. 1999-cu ildə Qərb
Universitetinin Politologiya fakultəsini, 2003-cü ildə isə Beynəlxalq Əlaqələr
üzrə Magistratura dərəcəsini bitirib, politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis
ixtisasına yiyələnib. Ailəlidir, iki övladı var. Birləşmiş Dünya Azərbaycanlıları
Təşkilatında (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəridir. Özünün
dediyi kimi Azərbaycanı dünya arenasında mükəmməl şəkildə təbliğ etmək, dövətçiliyimizin
qorunmasında bacardığı xidməti göstərmək, Azərbaycan türkünün haqq səsini
dünyaya yaymaq kimi amalı var.
"Fəxrlə deyirəm : Mən qeyri-şovinist türk millətçisiyəm”
- Statuslarınızda Şuşa nisgili qabarıq görünür. Sizi Şuşaya bağlayan nədir?
- Vətənin Şuşası, Qarabağı olmaz, mənim üçün hər yer vətəndir, hər torpağımız əzizdir…
Məgər Zəngəzur, İrəvan vətən torpağı deyilmi? Qarabağ sadəcə bu torpaqlar üçün
savaş aça biləcəyimiz muqəddəs yerdir.Savaşımız Qarabağ deyil - bütöv Azərbaycandır!Doğma
Azərbaycanımızı bölgələrə bölməyi sevmirəm.
Sizə tərəfimdən yazılan kiçik bir şeir ilə "məni Şuşaya nə bağlayır” sualınıza
cavab verirəm:
Məndən soruşmayın haralıyam..!
Şuşalı, Bakılı, yoxsa Təbrizli?
Bəlkə Şəki, Şirvan, Turan, İrəvan?
Deyirəm sözümü mən birdəfəlik.
Cənublu, Şimallı, Qərbli, Şərqliyəm...
Mən bir olan Azərbaycan Türküyəm!
Qarabağ, Şuşa, parçalanmış Azərbaycan nisgili mənim ürəyimdə vətənsevər bir Azərbaycan
vətəndaşı kimi torpaqlarımızın işğalçı xain qonşularımızdan azad olunduğu günə
qədər davam edəcək. Bu nisgil yalnız Azərbaycan bayrağının təkrar əzəli-əbədi
yurdumuz olan torpaqlarımızda sancıldığı zaman bitəcək.
Türkçülüyə önəm verməm soyumdan, kökümdən irəli gəlir. Mən türk millətçisiyəm və
qürurla deyə bilərəm ki, mən öz Türk millətimlə fəxr edirəm. Lakin bununla
yanaşı, qeyd etmək istəyirəm ki, mənim türk millətçiliyim şovnizmə, irqçiliyə və
digər millətlərin mədəni-irsi ənənələrinə qarşı heç bir ziddiyyət əks etdirmir
və sadaladığım anlayışlara tamamilə zidd olan bir ideyadır. Bizim millətçiliyimiz
milli özünümüdafiə, türk milli ruhunun qorunması, onun dirçəldilməsi, dünyaya
çatdırılması və türk birliyinə nail olmaq uğrunda mübarizə olmalıdır.
Mənim üçün millətçilik müqəddəs bir anlayışdır. Stalin deyirdi ki, millətin
millət olması üçün onun ərazi bütövlüyü olmalıdır. Amma Stalin o tərifi verəndə
İsrail dövləti hələ yox idi. Ancaq yəhudi milləti isə var idi. Yaxud heç kim
deyə bilməz ki, qaraçı milləti mövcud deyil, halbuki onun vətəni yoxdur. Biz öz
milli siyasətimizi elə qurmalıyıq ki, ölkəmizdə yaşayan digər etnik kökdən olan
həmvətənlərimizin, azsaylı xalqların da mənafeyi nəzərə alınsın. Onları özümüzə
düşmən etmədən öz birliyimizə nail olmalıyıq. Bunu deməkdə məqsədim əsla dini və
irqi ayrı-seçkilik etmək deyil. Sırf türkçülüyümüzün, milli və mənəvi dəyərlərimizi
dərindən anlayıb, ona sahib çıxmağımızdır. Bunu bir dəfəlik yadda saxlamaq
lazımdır ki, milli ruhumuzu itirməmək, qədim adət-ənənələrimizin, mənəvi dəyərlərimizin
bədhax qonşularımız tərəfindəm oğurlanmaması üçün tariximizi daha dərindən öyrənərək
birliyimizi təmin etməliyik. Türkün qurtuluşu yalnız birliyindədir!
"BDAT - şəffaf, azad , ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüsləri səfərbər
edir
- Birləşmiş Dünya Azərbaycanları Təşkilatını yaratmaqda məqsəd nədir və nə öhdəlikləri
var?
- Təşkilat zərurətdən yaranıb. Müasir və dünya siyasətilə maraqlanan hər bir şəxsə
aydındır ki, xarici lobbiçilik ölkələrin iqtisadi və siyasi maraqlarının təmsilçiliyini
inkişaf etdirən və tamamilə mədəni əlaqələri özündə birləşdirən bir təbliğat fəaliyyətidir.
Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr
hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə əlaqəlidir. "Birləşmiş Dünya Azərbaycanlıları
Təşkilatı” (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə
də Azərbaycanda yaşayan vətəndaşların azad və ədalətli cəmiyyətin inkişafı
istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi
bir platformadır.
Təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlıları bir təşkilat altında birləşdirərək
mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək, eləcə də şəffaf, azad
və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata
keçirməyi özünə məqsəd bilir. "Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”
(BDAT) adlı qurum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının
qatılımı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə
dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı
hörmət və dostluq səviyyəsində fəaliyyət göstərməkdir.
"Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) beynəlxalq təşkilat olaraq
eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına
çatdırmağı özünə məqsəd bilir.
Təşkilatımız bir çox dovlətlər tərəfindən maliyyələşən yalnız dünya dövlətlərində
apardığı təbliğat işlərinin yarıtmaz səviyyədə olmasını müşahidə edərək,
çatışmamazlıqları aradan qaldırmaq, lobbiçiliyin və diaspora işlərinin
inkişafına təkan vermək və nəhayət xaricdə yaşayan AZƏRBAYCANLILARIN vətənlə
sıx əlaqə qura bilməsi, dərdlərini bölüşə bilməsini təmin etməyi, vahid
ideologiya ətrafinda birləşə bilməyi, mobil olmağı, düşmənə qarşı butun ölkələrdə
səfərbər olmağı özünə məqsəd bilir!
Qeyd edim ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar keçirilən tədbir
üçün Türkiyə koordinatorumuzun dəvətilə İzmir şəhərində səfərdə olmuşuq. Səfər
zamanı təşkilatın rəhbər nümayəndələri İzmir şəhərinin bir neçə rəsmilərilə
görüşüb. Görüşdə Azərbaycan tarixinin qan yaddaşına Xocalı Soyqırımı kimi həkk
olunan faciəmizin təbliğatı ilə bağlı dövlət rəsmilərinə müraciət edildi.
Müraciətdə növbəti ildönümünə qədər Xocalı faciəsini ziyalılarımızın və
tarixçilərimizin vasitəsilə ictimaiyyətə çatdırmaq üçün 3 günlük anım gününün
keçirilməsi, İzmir şəhərinin sahilə açılan parklarının birinə Xocalı parkı
adının verilməsi və qanlı faciəni xatırladan abidənin ucaldılması haqqında
böyük bir işə imza atıldı. Eləcə də bu il 28 May Azərbaycanın müstəqilliyinin
99-cu ildönümü ilə əlaqədar Türk dünyasının vuran ürəyi olan Tatarıstanın Kazan
şəhərində ictimaiyyəti maarifləndirmək və orada yaşayan azərbaycanlıları bu şərəfli
gün münasibətilə təbrik etmək üçün böyük bir tədbir həyata keçirilib. Bu silsilə
tədbirlər təşkilatın könüllüləri tərəfindən maaliyyələşdirilərək həyata
keçirilir. Bizlər Azərbaycanımızın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq
üçün səfərbər olmuşuq. "Hər şey vətən üçün” deyib, bu böyük missiyanın
daşıyıcılarıyıq.
"Dünyanın hər yerində türklər yaşayır deyə, türkçülük ideyamız dünya boydadır"
- Türk xalqlarının birliyi məsələsi həmişəki kimi yenə aktualdır. Bu birliyi nədə
görürsünüz?
- Bu gün insan haqqları deyilən bir kontekst var ki, dünya gücləri dünyanı həmin
prizmadan idarə edirlər. Bura 5 muddəa daxildir. Onlardan biri də insanların
milli və mənəvi dəyərlərinin qorunub saxlanmasıdır. Lakin bizim milli dəyərlərimiz
təkcə Azərbaycan daxilində deyil. Dünyanın hər tərəfində türklər yaşayır. Demək,
ideologiyamız da dünya boydadır! Bizi din və təriqətlər vasitəsilə bu boyuk
ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə salmaq istəyirlər. Məqsədimiz böyük
amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk xalqlarının birliyi məsələsindəki
gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi
düşüncəsidir. Çünki Vahid Azərbaycan Türk dünyasını birləşdirən və bilavasitə
türk xalqlarını eyni ideologiya altında hərəkət etməyə təkan verəcək bir
coğrafiyaya və tarixə malikdir. Bütün hallarda türk dövlətləri sıx birləşərək
ümumi bayraq altında digər dünya dövlətləri tərəfindən özlərini qəbul etdirməlidirlər.
Türklər bəşər tarixi yazıldığı gündən bu günə qədər böyük imperiyalar quran və
olduqca adil idari-üsulla dövlət idarəçilik sisteminə malik olmuşlar. Lakin güc
dövlətlərinin siyasi manevrləri və dini etiqadlarına uyaraq xarici güclərin
dağıdıcı ideoloji basqısı nəticəsində hər dəfə içdən-içə parçalanmışlar. Fikrimcə,
əgər türk dövlətləri vahid bir güc tərəfindən, milli məfkurəyə dayanan
idealogiya altında birləşərsə, bu böyük dünya güclərə meydan oxuyacaq.
Bildiyimiz kimi uzun illər Rusya sovetləri ərazisində yaşayan turkdilli
xalqları bir millət olaraq nəinki inkişaf etməyə qoyub, hətta deyərdim ki,
bacardığı qədər önünü kəsib. Əgər bu belə olmasaydı, tariximiz təhrif olunaraq
min bir parçaya bölünüb, torpaqlarımız ucdan-uca satılmaz və hərəmiz ayrı-ayrı
bir millət adıyla damğalanmazdıq. Məhz türklərin eyni coğrafiyada birləşib
inkişaf etməsi, böyük gücə sahib olması super güc dövlətlərini tarix boyu
qorxuya salıb. Çünki bizə məxsus olan coğrafi landştaft və relyef çox münbit şəraitə
və bol bəhrəli torpaqlara sahibdir. Təbii ki, bu da iqtisadi gucü genişləndirərək
dünya bazarını ələ almağa əsas yaradacaq.
"Bütün dünya türkləri, birləşin” qrupu başqa millətlərə qarşı deyil
- "Bütün dünya türkləri, birləşin” səhfənizin türk xalqlarının mənəvi birliyində
nə kimi rolu var?
- Bu qrupu yaratmaqda məqsədimiz bütün dünyada yaşayan türkdilli xalqlar
arasında vahid informasiya mərkəzi yaratmaq olub. Burada dərdimizi-sevincimizi
bölüşüb, problemlərimizin həlli yollarını müzakirə edir, ortaq dəyərlərimizə
sahib çıxmağın yollarını araşdırırıq. Qrup başqa millətlərə qarşı hər hansı bir
məqsədlər üçün nəzərdə tutulmayıb. Yəni dünyanın harasında olursa olsun Türklər
barəsində nə baş verirsə, ilkin olaraq bunu biz işıqlandırırıq. Qeyd edim ki,
qrupumuzun artıq 70 000 üzvü var. Bu qrupun yaradılmasında əməyi keçən digər
inzibatçılara da öz təşəkkürümü bildirirəm.
Türk birliyinin yaranması üçün vahid, milli ideologiyaya sahib olmaq lazımdır.
Bu gün bu yolda təriqətlər bizi bölür, qarşı-qarşıya qoyur. Çalışıb bu təriqətlərdən
uzaq durmaq lazımdır. Milli məfkurəmizin təbliğatına geniş yer ayırmalıyıq. Bir
daha vurğulamaq istəyirəm ki, milli məfkurə və milli idealogiyanın inkişafı, eləcə
də öz taleyini doğru istiqamətdə dəyişə bilmək hər millətin öz əlindədir. Əgər
biz bir millət kimi öz irsimizi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsilimizin
tükənməyib törəməsini istəyiriksə, bütün yad idealogiyaları özümüzdən uzaq
tutmalı və türk birliyinə nail olmalıyıq. Bu türk irqinin və irsinin xilas
yoludur!
"Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox geniş imkanlar var”
- Profilinzdə yazılıb ki, kənd təsərrüfatı mütəxəssisi olmusunuz. Belə çıxır
ki, tamam fərqli sahələrdə özünüzü sınamısız? Hazırda Azərbaycanın iqtisadi
böhrandan çıxış yolunu bir çox mütəxəssislər kənd təsərrüfatının inkişafında
görürlər. Siz necə?
- 1994-cü ildə Kənd Təssərrüfatı Nazirliyində kargüzarlıq vəzifəsindən başlayaraq
Beynəlxalq Əlaqələr departamentində tərcüməşi-mütəxəssis vəzifəsinə qədər yüksəlmişəm.
Birləşmiş Millətlər Təşkilatının FAO, UNCİARE TRADİNG WHO İS WHO WORLD HEALTH
ORGANİSATİON kimi bir sıra beynəlxalq təşkilatlarla fəaliyyət göstərmişəm. Azərbaycandan
ilk olaraq FAO təşkilatına nümayəndə heyətinin seçilməsində yaxından iştirak
etmişəm. Daha sonra müxtəlif sahələrdə, eləcə də bir neçə özəl sektorda aparıcı
mütəxəssis və rəhbər vəzifələrdə çalışmışam. Ailə qurduğum üçün nazirlikdən
uzaqlaşdım.
Hazırda sosial-iqtisadi durumumuzdakı sıxıntıya gəlincə, tək Azərbaycan deyil,
bu gün bütün dünyada sağlam qida aktual məsələyə çevrilir. Dünyada aparıcı dövlətlər
qida maddələrinə kimyəvi qatqılar qataraq insan ömrünü təhlükə altına salır, bu
səbəbdən ekoloji təmiz qida dünya bazarlarında çox baha qiymətə satılır. Hətta
Amerikada xüsusi mağazalar fəaliyyət göstərir ki, üstündə - ekoloji təmiz qida
qeyd olunur. Yəni burada olan ət məhsulu adi mağazadakından 5-6 dəfə bahadır.
Sanıram Azərbaycan bu sahədə dünya liderliyini əldə edə bilərdi. Mən dəfələrlə
Türkiyəyə səfərlərdə olarkən ölkədən ət məhsullarının vətəndaşlarımız tərəfindən
gömrük vasitəsilə xaricə daşınmasının şahidi olmuşam. Bu da onu deməyə əsas
verir ki, bizim ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarına
xaricdə təlabat var. Bu işə tək maneə heyvandarlığın və kənd təsərrüfatı məhsullarının
inkişafının Azərbaycanda zəif olması, gömrükdəki rüşvətxorluq və yüksək
rüsumlardır. Eləcə də qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatının
inkişafı üçün çox geniş imkanlar var. Bundan səmərəli istifadə olunarsa, mükəmməl
nəticələr əldə etmək mümkündür. Ölkə iqtisadiyyatının tək neft və qaz
hasilatından əldə olunan gəlirlər hesabına idarə etmək dar çərçivəyə sıxılmaq
anlamındadır. Hal-hazırda dünya bazarında böyük dövlətlər tərəfindən oynanılan
bir sıra siyasi oyunların nəticəsidir ki, Azərbaycanın brend markası olan nefti
ucuza satılaraq, dövriyyədə manatın sıxışdırılmasına səbəb olur və ölkə
iqtisadiyyatının idarə edilməsi çətinləşir.
"Türk birliyi türk dövlətlərinin iqtisadi təcrübələrinin bölüşüdürlməsindən
keçir”
- Kənd təsərrüfatı, iqtisadi inkişaf baxımından türk xalqlarının təcrübələrinin
bölüşülməsinin türk birliyində nə kimi əhəmiyyəti ola bilər?
- Kənd Təsərrüfatı üzrə mütəxəssis olmasam da araşdırmaların nəticəsi olaraq
qeyd etmək istəyirəm ki, kənd təsərrüfatında "Kənd təsərrüfatı mədəniyyəti"
deyilən bir anlayış var. Türk xalqları çox böyük mədəniyyətə malikdir və
düşünürəm ki, bu mədəniyyətin birləşdirilməsi iqtisadiyyata geniş təkan verəcək.
Məsələn, çoxlu sayda heyvan, quş, bitki növləri var ki, bunlar bizə seleksiya
yolu ilə dədə-babadan miras qalib, biz gərək bu mirasa sahib çıxaq. Sadə bir
misal deyim - adi bir Oynaq Bakı göyərçinlərinin bir ədədini ermənilər 5000
dollara alıb kənd təsərrüfatı mədəniyyəti kimi öz adlarına çıxarmaq istəyirdilər.
Bu sizə çəkdiyim sıradan bir misaldır. (hürriyyət.org)