Tutaq ki, azıq…

İsa Qəmbərin prezidentliyə namizədliyinin müdafiəsi üçün seçki qərargahının yaradılması xəbərinə reaksiya verənlərin çoxu Müsavata uğurlar dilədi.

 

Amma, gözlənildiyi kimi, əks mövqedə olanlar da arqument tapmaqda zorlanmadılar.

 

Biri yazır ki, müxalifət zəifdir… mitinqlərinizə az adam gəlir, nə bilim, icazəli mitinq keçirirsiz, yaxud mitinq yox, piket keçirirsiz.

 

O biri yazır ki, Müsavat 2003-cü ildəki gücündə deyil…

 

Biri də yazır ki, indiki dövrdə hakimiyyətin dəyişəcəyinə inanmaq avamlıq və sadəlövhlükdür… xeyri yoxdur və s..

 

Bunu yazanlar hakimiyyətə qarşı olduqlarını ifadə edir, amma nədənsə özlərini müxalifətçi saymırlar. Özlərini müxalifətçilərdən daha cəsur və çoxbilmiş kimi təqdim edənlərin bəziləri nəinki real bir iş görmək, heç öz səhifələrində rejim əleyhinə nəsə yazmağa cürət etməyənlərdi. Bəziləri isə vaxtıyla mənsub olduqları düşərgənipul və imtiyaz müqabilində, yaxud qorxularındantərk edib, indi də ayıblarına utanmaq əvəzinə meydandakı keçmiş məsləkdaşlarını azlıqda qalmaqda qınayanlardı.

 

Bu gün ölkənin 70-dən artıq rayonunda Müsavatın ciddi təşkilatları var. Partiyanın indi üzdə olmayan, amma həlledici məqamda potensial olaraq ortaya çıxa biləsi on minlərlə üzvü və tərəfdarı var. Mərkəzi strukturları saat kimi fəaliyyətdədir. Mühacir müsavatçılar bir virtual siqnal ilə Avropanın 5-6 şəhərində eyni gündə aksiya keçirə bilirlər. Müsavatın Türkiyədə, Gürcüstanda, Ermənistanda, Rusiyada, Ukraynada, Belarusiyada partnyorları var. ALDE-nin üzvü olaraq, Müsavat Avropanın bütün liberal-demokrat yönümlü partiyaları ilə müttəfiqlik münasibətlərindədir. Müsavat müqayisəyə gəlməz demokratik idarəetmə təcrübəsinə malikdir – gizli səsvermə, bir nəfərin iki dəfədən artıq eyni vəzifəyə seçilməməsi, praymeriz, qadınlara kvota ayrılması və s. və i.a.. Amma…

 

Amma ola bilər ki, bu gün meydanda az görünürük, yaxud, tutaq ki, siz deyən kimi, azıq. Sonra?! Nə təklif edirsiz? Yaxşı şey həmişə az olur da. Ermənilər Şuşaya hücum edəndə də onu müdafiə edənlərin sayı indi mitinqə gələnlərin sayından daha az idi. Bu, o demək deyil ki, orada vuruşanlar avam, sadəlövh idilər. Vuruşmamalıydılar? Onların az olmasına görə, onların özlərini qınamalıyıq, yoxsa başqalarını?

 

İndi nə təklif edirsiz? Sizi qane edən sayda və gücdə deyilik deyə, əliyevlərin əbədi hakimiyyətdə qalacağı fikri ilə, ölkəmizin, cəmiyyətimizin və özümüzün acı taleyi ilə barışıb soğan əkməyə gedək? Mübarizəmizi dayandrıb təslim olaq?

 

Biz əminik ki, əliyevlərin hakimiyyətdən devriləcəyi gün Azərbaycanda böyük bir bayram olacaq, heykəllər yıxdırılacaq, məktəblərin və idarə binalarının qarşısında tonqallar qalanacaq. Həmin tonqallarda əliyevlərin portretləri, onlar haqında yazılan mədhiyyə kitabları yandırılacaq. Buna əminik və mübarizəmizlə o bayramı sadəcə tezləşdirməyə çalışırıq. Çalışmayaq?

 

Əgər sıralarımızın sıxlığı hakimiyyətin dəyişməsini bizdən daha çox arzulayanları qane etmirsə, yeni sıra yaratsınlar, müxalifətdə yerimizi dar eləsinlər.

 

"Müxalifətçilik” peşə deyil, imtiyaz deyil. Müxalifətçilər, cəmiyyətin əksər hissəsi kimi, banka, marketə borcu olan, keçən ildən qalan ayaqqabılarla, inişildən qalan gödəkçələrlə keçinən insanlardır. Aralarında maşını olan tək-tük insanlar da var, amma bu da sözün hərfi mənasında keçən əsrdən qalan maşınlardır və xarab olduqda təmir üçün ya qohum olan, ya da müxalifətçi olan ustalara aparılır. Müxalifətçilər hər an həbs təhlükəsi ilə, daimi təzyiqlə üz-üzədirlər. Özləri bir yana, heç övladlarını da işə götürmürlər, hətta azyaşlı uşaqlarını belə məktəblərdə son partalarda oturdurlar. Fərq yalnız odur ki, bütün bunlara rəğmən təslim olmayıblar, yenə meydandadırlar, cəmiyyətdə ədalət hissini, gələcəyə ümidi ölməyə qoymayıblar.

 

Bunu qiymətləndirmək, təqdir etmək əvəzinə bəzən elə bir tərz seçilir ki, sanki ölkədə siyasi fəaliyyət üçün, kütləvi mitinqlər üçün, geniş təbliğat üçün hər bir şərait var, müxalifət bundan bəhrələnmir. Yaxud sankimüxalifət indikiirtica şəraitində də qüdrətli olmağa borcludur. Sanki, ümumiyyətlə, müxalifətin kimlərəsə borcu var.

 

Bizim "yalnız filankəs prezident olmalıdır” kimi dərdimiz də yoxdur. Biz deyirik ki, Azərbaycanda sülalə rejiminə son qoyulsun, hakimiyyət xalqa qaytarılsın, haqsızlıq, ədalətsizlik, talan aradan qaldırılsın.

 

Biz deyirik ki, Əliyevlərdən əvvəl hakimiyyətdə olanların heç biri bunlar qədər vəzifə hərisi, bunlar qədər pul hərisi olmayıblar. Nə Vəzirovun, nə Mütəllibovun, nə Elçibəyin hər rayonda imarətləri, Dubayda villaları, Londonda, Karlovı Varıda malikanələri, Bodrumda otelləri, ofşorlarda valyuta hesabları vardı. Onların heç biri hakimiyyətdə qalmaq üçün bu qədər feil işlətməyiblər. Əliyevlərdən sonra gələnlər də bunlar qədər acgöz ola bilməz deyirik.

 

Biz həm də cəmiyyətə seçim təqdim edirik, namizəd irəli sürürük, çünki indiki şəraitdə namizəd olmağın özü də böyük fədakarlıq və cəsarət tələb edir. Biz İsa Qəmbərin namizədliyini irəli sürməklə, əslində "zınqırovu pişiyin boynuna kim assın” sualına da cavab veririk.

 

Bacarırsa, bu zınqırovu başqası assın, buna da Amin deyirik. Necə ki, 2013-də dedik və dəstək verdik.

 

Biz başa düşürük ki, hakimiyyət öz xoşuna demokratik şərait, azad seçki mühiti yaratmayacaq. Cəmiyyət olaraq, onu buna məcbur etməliyik. Biz deyirik ki, hakimiyyətin dəyişməsini bizdən daha çox arzulayanlar varsa, onlar ya özləri önə çıxsın, ya da meydanda olanlara dəstək versinlər. Kimisicanı, qanı ilə; kimisi qələmi, sözü, səsi ilə, – kimin nəyə gücü çatır, – ümumi işə öz tövhəsini versinlər. Yox, əgər heç bir dəstək verə bilmirlərsə, vermək istəmirlərsə, heç olmasa "xeyri yoxdur”, "mümkün deyil” deyib mübarizə aparanları ruhdan salmasınlar.

 

SSRİ-nin dağılmaz olduğunu deyənlər, yazanlar vardı. Amma dağıldı. Azərbaycanın yaşlı nəslinin gözünün qarşısında əvvəlcə Stalin, sonra Xruşşov boykot edilmədimi? Stalinin, Leninin heykəlləri aşırılmadımı? Yarım əsrlik "öndərlər” olan Hüsnü Mübarək, Qəddafi, digərləri devrilmədimi? Biz deyirik ki, Əliyevlərə də qalmaz bu dünya!

 

Biz "Xeyri var!” deyirik. "Qələbə qaçılmazdır!” deyirik. "Bu vətən bizimdir!” deyirik.

 

Biz qalib gələcəyik!


Mustafa HACIBƏYLİ

Bastainfo.com

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300