"McDonalds” və "KFC”-dəki qıdalar zəhərdir, genetik
silahdır-həkim dəhşətli faktlar açıqladı
Vüqar Rəsulov: "Fastfood yeməkləri konkret olaraq zəhər, genetik silahdır”
"Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetikdir”
Son zamanlar mədə-bağırsaq xəstələrinin sayında artım müşahidə edilir. Maddələr
mübadiləsinin pozulması, qida rejiminə riayət olunmaması, genetik və xarici
faktorlar bu xəstəliyin əsas səbəbləri sırasında sadalanır.
AFN Modern.az-a istinadən xəstəlik və onun əsas səbəbləri və müalicə
yolları barədə Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov
ilə müsahibəsini təqdim edir:
- Doktor, mədə-bağırsaq xəstəliklərini yaradan əsas faktorlar nədir?
- Əsas səbəb qida rejimi və stresdir. Eyni zamanda, ekologiya, mühit, hava, su
da çox önəmlidir. Problem bilavasitə qida məhsulunun özü ilə bağlı deyil. Qida
məhsulunun istehsalı, saxlanması, istifadə qaydalarına diqqət edilməməsi, eyni
zamanda düzgün qidalanmamağın özü orqanizm üçün zəhərə çevrilə bilər. Normal,
zamanında yeyilən yemək fayda verdiyi halda, gecə yatmazdan qabaq yeyiləndə həzmə
getmir. Əmələ gələn ara məhsullar qana sovrulur və orqanizmə zəhər kimi təsir
göstərir. Bu bir tərəfə, son vaxtlar insanlar çöldə, ayaqüstü yeyilən fastfood,
lahmacun, dönər, pide, peraşki və s. kimi qidalara üstünlük verirlər. Bəzən də
stresli həyat, qaçaqaç deyərkən, günorta yemək yemirlər, axşam bir oturuma
bütün günün əvəzinə qidalanırlar. Fastfood yeməkləri isə konkret olaraq zəhərdir,
hətta mən deyərdim genetik silahdır. Hətta elə ailələr var ki, uşaqlarının
şıltaqlığının ardınca gedərək, "McDonalds”da oturub çipsi yeməyi özlərinə
istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş
qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan
qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən
sertifikat almalıdır. "McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy
ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr
aşkarlanıb.
- Söhbət "McDonalds”dakı yeməklərin menyusundan gedir?
- "McDonalds” bir nümunədir, əslində bütün "KFC”lərdə vəziyyət bu cürdür. Biri
bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm
üçün zərərlidir. "KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız
toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı
broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi,
evimizə aldığımız "doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür?
4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5
manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki,
istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri
qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan
yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı
olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu
sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının
çoxunun tərkibi sintetik yağlardır. Əvvəl "Teksun”, "Sana”nın adı çəkilirdi.
Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı
hamısından ləzzətli və keyfiyyətlidir.
- Əslində kərə yağlarının keyfiyyətinə də zəmanət verilmir...
- Doğrudur, hazırda bazarda kərə yağı adı altında çox şey satılır. Mən əsl kərə
yağını nəzərdə tuturam. 3-4 manata kərə yağı satılır, çoxu da bitki mənşəlidir.
Bitki yağları doymamış yağlardır. Kərə yağı doymuş yağdır. İndi süni
doydurulmuş yağları kərə yağı adı ilə əhaliyə satırlar. Mən kərə yağı deyəndə əsl
nehrə yağını nəzərdə tutdum.
- İndi elə kiloqramı 6-7 manata nehrə yağı da bazarları cənginə alıb. Xüsusilə
ötən il kərə yağının qiymətindəki sürətli artım əhalini həmin "nehrə yağları”na
möhtac qoyub...
- Yenə də deyirəm, ki mən əsl nehrə yağından bəhs edirəm. Təbiidir ki, 6 manata
satılan yağ quru süddən, marqarindən hazırlanmış "nehrə yağı”dır. Fikir
vermisinizsə, həmin yağları əridəndə çox pis qoxu yayılır. Bir az da
insanlarımız öz səhhətlərinə səhlənkar yanaşırlar. Axı normal insan bilməlidir
ki, indiki bazar iqtisadiyyatı şəraitində nehrə yağının bir kiloqramının 6
manata satılması anormal haldır.
- Doktor, azərbaycanlıların əsas problemlərindən biri də qidalanma ilə
bağlıdır. Qidanı çayla, qazlı içkilərlə birlikdə qəbul edirik. Yeyirik, dərhal
çay süfrəsinə otururuq. Şirniyyatla pürrəngi çay içirik. Sonra da...
- Belə təsəvvür edin ki, insan vücudu bir filterdir. Oraya kirli su, palçıq, doldursan,
nə baş verəcək? Filter tez bir zamanda tutulacaq. Vücuda da ağızdan təbii
olmayan nə versən, sidik və nəcislə ifraz olunacaq. Bunların hamısı bağırsağın,
böyrəyin divarından keçir və ifraz olunur. O kubik şəklində yığılmır ki, sən
çıxarıb atasan. O görünən və görünməyən tərəfdən yığılır vücuda. Yığıldıqca
toksikasiya nəticəsində səthi dəri problemləri, allergik reaksiyalar və daha da
dərinə gedir. Mədə-bağırsaq, böyrək xəstəlikləri yaranır, bir qədər də dərinə
gedir və ağır xroniki xəstəliklərə-oynaq, qaraciyər xəstəliklərinə yol açır,
sonda xərçənglə nəticələnir. Bəzən isə heç xərçəng mərhələsinə çatmır, böyrək,
qaraciyər xəstəliyi diaqnozu ilə dünyasını dəyişir. Amma xərçəngə çatanların da
yaşı gəncləşib. Niyə? Çünki genetik yük aktivləşib. Təsəvvür edin, 30-35
yaşında dünyaya uşaq gətirən qadın, ana bətnində uşağa qida ilə yanaşı öz
toksinlərini də verir. 35 ilə yığdığı "şlak”ı da verir ona. Çünki orda mexanizm
belədir. Ana hər şeyini paylaşır. Toksinlər piy qatında, bağırsaq ətrafında
toplaşır. Əvvəllər süni qidalar yox idi. Ağacda necə bitirdirsə, yerdə necə
çıxırdısa, insanlar eləcə qəbul edirdi. Maksimum onu texniki emal edirdilər.
Qidalar əsasən sulu formada qəbul edilirdi. Kasıblıq vaxtında kim idi hər gün
qızartma yeyən? Son 1 əsrdə texnologiya o qədər inkişaf edib ki, yeməyə nə desəniz
qatılır, hansı formaya deyirsiniz salınır. Araşdırma aparsaq, marketlərdə
satılan məhsulların 90 faizi süni formadadır. Süni formada vücuda daxil olan məhsul,
heç vaxt təbii yolla bədəndən çıxa bilməz.
- Günümüzün əsas problemlərindən biri də oturaq həyat tərzidir. Biz oturduqca,
sanki orqanizm tənbəlləşir, geri gedir.
- Oturaq həyat tərzinin zərərləri o qədərdir ki, saymaqla bitməz. Həyat hərəkətdir.
Mən çalışıram ki, misallarla izah edim fikirlərimi. Adi su borusu götürün. Əgər
o borunun içərisində su varsa və onun axarı yoxdursa, nə olacaq? O su, borunun
içərisində iylənəcək, çamurlaşıb, mamırlaşıb divarına yapışacaq. Bir müddət
sonra boru tutulacaq. Gün ərzində vücudda müəyyən intensivlikdə dövriyyə olmalıdır.
İnsanın ağciyər yollarını işlək oksigenin qana keçməsini təmin edən şar kimi təsəvvür
edin. O şarların ətrafı da kapillyarlardır. Hava şarın içərisinə daxil olur, o
zaman sahə böyük olur. Kapilyarlar həmin havanı əmir. Sakit halda 30 faiz
alveollu borular işləyir. İnsan dərindən güləndə daha dərin qatlar açılır.
Alveolluların tam işləməsi üçün gərək qaçasan, təngnəfəs olasan. Təngnəfəs
halda, əlin dizinin üstündə əyilib dərindən nəfəs alanda alveolluların hamısı
işləməyə başlayır. İşləməyənlər getdikcə sönür, fəaliyyətdən düşür, yatır, daha
sonra gücsüzləşərək ölür. Eləcə də əzələlər, böyrək, qaraciyər və s. Sürətli
qan dövranı olmayanda böyrəyin də toxumasının bir hissəsi işləməyəcək. İşləməyəndə
məhv olacaq. Eləcə də digər orqanlar. Hətta nəzərə alsaq ki, hansısa xəstəlik əmələ
gəlib, "şlak” bir orqanda toplaşıb, onun da xaric olması üçün qan bol gəlməlidir
ki, o, xaric olsun. İnsan hərəkət etmirsə, qan dövr etmirsə, xəstəlik çözülmür.
- Söhbətimizin nəticəsi olaraq bu qənaətə gəlinir ki, bütün xəstəliklərin mənbəyi
mədə-bağırsaqdan qaynaqlanır.
- Hətta bizim ürək, böyrək, beyin, qan-damar, oynaq xəstəliyi bildiyimiz xəstəliklərin
hamısının zəminində mədə-bağırsağın fəaliyyətindəki pozulmalar durur. Çünki mədə-bağırsaq
maddələr mübadiləsini təmin edən orqandır. Həm maddələri qəbul edən, həm də
qaraciyər vasitəsilə toksikasiyanı bədəndən xaric edəndir. Qaraciyər filterdir,
laboratoriyadır, iki yüzdən çox funksiyası var. Bütün bunlar işləməyəndə digər
orqanlarda da problemlər çıxır. Amma müalicə zamanı diaqnoz qoyulmasında bu
amillər nəzərə alınmır. Açıqlama zamanı deyilir ki, əksəriyyət infarkt, ürək
çatışmazlığından ölür, problem ürəkdədir. Amma problemin kökü ürəkdə deyil, mədə-bağırsaqdadır.
Yetmiş kiloqram çəkiyə malik insanın dəri səthini açsan iki kvadratmetr edəcək.
Onun ağciyərini açsan, 35-40 kvadratmetr edəcək. Bayaq qeyd etdiyim
alveolluları açsan, o da təxminən 40 kvadratmetr edəcək, mədə-bağırsağı açsan
bir futbol meydançası edəcək. İndi müqayisə edin. Biz dərilə fiziki təmasdayıq.
Ağciyərlə hava alıb-veririk. Amma 95 faiz lazımi maddələr bizim vücudumuza mədə-bağırsaqdan
keçir. Mədə-bağırsaq nə dərəcədə düzgün işləyirsə, o, maddələri düzgün həzm
edirsə, bəzilərini passiv buraxacaq, bəzilərini soracaq, toksinləri aktiv ifraz
edəcək. Nəticədə vücud ya tez "şlak”lanacaq, ya da "şlak”dan tez can qurtara
biləcək. Yəni mədə-bağırsağın düz işləməsi digər orqanlara da təsir edir. O düz
işləməsə, "şlak”lar quruluşuna görə hansı orqana uyğundursa, gedib orada
ilişir. Oynağa uyğunsa, oynaq xəstəliyi yaradır, böyrəkdə ilişibsə, böyrək xəstəliyi
yaradır. Sonra da deyirlər "mənim babamda da oynaq xəstəliyi vardı, irsidir”.
Daha demirlər ki, əslində bu xəstəliyi yaradan səbəb vardı deyə, onda da
yaranıb. Nadir genetik xəstəliklər var ki, bilavasitə genlərdəki qüsurlardan irəli
gələrək meydana çıxır. Əksəriyyət meyillilik yaradır, yəni mütləq deyil. İnsan
vücudunda çox maraqlı və qəribə proseslər gedir. Son vaxtlar o fikrə gəlinir
ki, insan vücudunda maddələr sintez olunur. Sadəcə onu registrasiya edə bilmirlər.
Amma söhbət sağlam vücuddan gedir, bizim kimi xəstələrdən yox.
Hazırda tam sağlam insan demək olar ki, yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) statistikasına görə, dünyada cəmi 3 faiz insan sağlamdır, 75-80 faizi
praktiki olaraq sağlamdır. Praktiki sağlam insanın bədənində ağır xroniki xəstəliklər
olmur, amma xəstəlik var. Ağır xroniki xəstəlik daşıyıcıları isə faktiki olaraq
xəstədirlər. Təsəvvür edin biz indi nə gündəyik, qismət olarsa, 50 ildən sonra
nə gündə olacağıq. Qərb ölkələrinin, Şərq ölkələrinin, Şimal və Cənub ölkələrinin
qəsdən, bilərəkdən, qida vasitəsilə zəhərləmə, ərzaqlara qəsdən başqa maddələrin
yeridilməsi və s. halları var. Siyasi müstəvidə, genetik silah kimi istifadə
edilən alkoqol, siqaret, yemək, su, dalğa təsirləri hələ illər sonra bilinəcək.
Hələ demirəm ki, "Ebola”, "Ziko” kimi viruslar laboratoriyalarda süni
yaradılmış viruslardır.
- İnsanların öz səhhətinə qarşı səhlənkarlıqları danılmazdır. Amma həkimlərə,
xüsusilə dərman pereparatlarına qarşı da bir inamsızlıq var. Həkimə gedirsən, səni
evə ən azı 300-400 manatlıq reseptlə yollayır. Məsələ burasındadır ki, yüksək məbləğ
ödəyərək aldığımız iynə-dərmanın da keyfiyyətinə zəmanət yoxdur...
- Tam doğrudur. Hətta Avropada istehsal olunaraq, Azərbaycana gətirilmiş dərmanla,
MDB-də satılan dərmanların tərkibini araşdırsaq, çox böyük fərq görərik. Necə
ki, adi televizorlar kimi. 90-cı illərdə "Panasonik” şirkətinə məxsus televizor
alırdım. Baxdım ki, üzərində "Orta Şərq ölkələri üçündür” yazılıb. Onda anladım
ki, istehsal edilən mallar MDB üçün ayrıdır, Avropa üçün ayrıdır, Amerika üçün
ayrıdır. Eləcə də dərmanlar. Bunlar fərqli-fərqli şirkətlər tərəfindən istehsal
olunur və keyfiyyətləri də fərqlidir. Şimali Amerika öz ölkəsi üçün istehsal
etdiyi dərman pereparatlarını əsas maddə saxlanılmaqla başqa tərkibdə istehsal
edir, ixrac üçün olanları başqa tərkibdə. Və sözsüz ki, ixrac dərman
pereparatlarının keyfiyyəti daha aşağıdır. Onların tərkibində xüsusi qatqı maddələri
var, hansı ki, onların doğuracağı nəticələr barədə yalnız istehsalçılar məlumatlıdırlar.
Ona görə də mən xəstələrimə Avropadan çox, Türkiyə istehsalı dərmanları məsləhət
görürəm.