Çini ABŞ-ın qorxacağı qədər güclü edən səbəb nədir?

 

Qabil Hüseynli:"Senatorların irəli sürdüyü fikir onu göstərir ki, ABŞ-ın Çinə qarşı müəyyən strategiyası formalaşır”

"Çin ABŞ üçün indiyə qədər görülməmiş təhdiddir”. Axar.az-ınxəbərinə görə, bu sözləri Senatda çıxışı zamanı amerikalı senator Mark Rubio söyləyib.

"Düşünmürəm ki, 240 illik tariximiz ərzində bizim ölkə bu qədər gücü və miqyası olan potensial düşmənlə toqquşub. Çin ABŞ-ın liderliyini əlindən almaq istəyir və biz səssiz qalmamalıyıq”,– deyə o, bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey də deyib ki, Çin aktiv şəkildə ABŞ-ı qlobal lider statusundan məhrum etməyə çalışır. Onun sözlərinə görə, Çin bu işdə özünün ABŞ təhsil sistemindəki və elmi idarələrindəki xəfiyyələrindən istifadə edir:"Biz bütün ölkənin akademik dairələrində qeyri-ənənəvi informasiya toplayıcılarından istifadə edildiyini müşahidə edirik. Bu hal təkcə böyük yox, həm də kiçik şəhərlərdə də görünür. Çin xəfiyyələri elmi cəmiyyətlərin açıqlığından yararlanırlar ki, lazımlı mənbələri əldə etsinlər. Bu, təkcə Amerika dövləti üçün yox, bütün dünya ictimaiyyəti üçün təhlükəlidir və bu, cavabsız qalmamalıdır”.

Bəs, Çinin ABŞ kimi dünya nəhəngini qorxudacaq qədər güclənməsinin kökündə hansı səbəblər dayanır?

Bu sualı cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ senatorları bir çox hallarda müəyyən faktları şişirdirlər:"Bu həyəcan təbilini vaxtından xeyli qabaq çalırlar. Ancaq etiraf etmək lazımdır ki, Çin xeyli sürətlə inkişaf edir, yeni texnologiyaya çox böyük vəsait ayırır. Bununla həm iqtisadiyyatı , həm də hərbi sahəni modernləşdirir. Dünyanın 5-ci nəsil qırıcı təyyarələrini ilk olaraq Amerika istehsal edib. Bu çox güclü döyüş qabiliyyətinə malik olan təyyarələrdir. Artıq bir neçə aydır Çin elan edib ki, 5-ci nəsil qırıcı təyyarələrin seriyalı istehsalına başlayıb. Digər sahələrdə , atom sualtı qayıqları və ya müasir texnologiyalar sahəsində Çinin etdiyi kəşflər onu "Asiyanın pələngi”nə çevirib. Onu belə adlandırırlar. Amerika senatorlarının bu fikri irəli sürməsi onu göstərir ki, bu ölkənin Çinə qarşı müəyyən strategiyası formalaşır. Bu həm siyasi, həm də hərbi strategiyadır”.

Politoloqun sözlərinə görə, bu strategiyanın mahiyyətində Çinin dünyan miqyasında nüfuzunun qarşısını almaq, onun bir sıra dövlətlərlə ittifaq qurmasına mane olmaq, nəticədə Çini təkləmək siyasəti dayanır:"Ancaq hərbi strategiya daha böyük miqyaslıdır və daha uzağa gedən məqsədlər güdür. Söhbət Çinin hər bir tərəfini mühasirəyə almaq, bu dövlətə hərbi zərbə endirmək üçün ən strateji mövqeləri tutmaq və həmin mövqelərdə böyük həcmdə, çoxçeşidli silahlı qüvvələri yerləşdirməkdən gedir. Bu Amerikanın hərbi doktrinasına daxil olan müddəalardan biridir. Bu addımı malalamaq üçün, diqqət mərkəzinə çıxartmamaq üçün onlar Çinin güclənməsi, həddindən artıq qüdrətli dövlətə çevrilməsi barədə olduğundan daha çox miflər uydurur, dövriyyəyə buraxırlar". Bəli Çin güclənir, ancaq Amerika üçün təhdid təşkil edə biləcək potensial qüvvə deyil. Çinin nüvə potensialı Amerikanın nüvə potensialının heç 5 faizi qədər deyil. nüvə potensialına görə Amerikaya ən böyük təhdid Rusiyadır. Çünki hər ikisində nüvə cəbhəxanası bərabər imkanlara malikdir”.

Qabil Hüseynli onu da vurğuladı ki, ABŞ hökuməti dünyadakı hegemonluğunu bölüşməmək üçün ölkəsinin sürətli iqtisadi və hərbi inkişafına nail olmağı qarşısına məqsəd qoyub:"ABŞ-ın yeni büdcəsi elan edilib, orada hərbi və digər xərclər də çox böyükdür. ABŞ dövlət büdcəsi Çinin büdcəsindən ən azı 8 dəfə, Rusiyanın büdcəsindən 12 dəfə çoxdur. Yəni, istisnasız olaraq Amerika hazırda dünyanın ən güclü dövlətidir. Sadəcə olaraq sürətlə silahlanmada, iqtisadi yarışda Amerika ilə Çin arasındakı fərq getdikcə azalır. Onlar belə hesab edirlər ki, bu fərqin azalması getdikcə sürətlənəcək. Mən hesab edirəm ki, bu fərqin aradan qalxması üçün ən azı 30 il lazımdır. Bəziləri bu müddətin daha qısa olacağını düşünür. ABŞ senatorları onu nəzərdə tutaraq Çini təhdid obyekti kimi görürlər. Ancaq bu gün Çinin Amerikanı təhdid edəcək qüdrətə və ya bazarlarda güclənərək ABŞ-ı sıxışdıracaq iqtisadi gücə malik olduğu qənaətində deyiləm. Çinin əhalisi də çoxdur və bu da böyük potensial qüvvədir. 1 milyard 250 milyon nəfər az qüvvə deyil. Çin həm bu baxımdan, həm də iqtisadi inkişafı baxımından çoxlarını həyəcanlandırır, o cümlədən də Amerika Birləşmiş Ştatlarını...”

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300