Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri 

 

I YAZI

XIX-XX əsrlərdə Azərbaycan türk fəlsəfi və ictimai fikrini, onun inkişaf yollarını öyrənmək, dərk etmək və idrak etdiklərimizi Azərbaycan türk xalqının gələcəyi üçün yönləndirmək çox vacibdir. Çünki bu dövrün fəlsəfi və ictimai fikri bu günümüz və gələcəyimizlə birbaşa bağlıdır. Bu anlamda son əsrlərdə Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixini araşdırmaq və təhlil etmək həm çox vacib, həm də çox məsuliyyətli məsələdir. Ən azı ona görə ki, bu dövrdə Azərbaycan türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti bütün anlamlarda yeni bir mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələyə baxışın müsbət ya da mənfi çalarlar daşımasından asılı omayaraq bir şey həqiqətdir ki, Azərbaycan türk xalqı bir tərəfdən yeni ictimai-siyasi və elmi-fəlsəfi həyata bütöv şəkildə daxil ola bilməmiş və fərqli mədəniyyətlər izləmək məcburiyyəti ilə üzləşmiş, digər yöndən isə Qərbdə-Avropada baş verən yeniləşmə hərəkatının ciddi təsirinə məruz qalmışdır. Hər iki amil son iki əsrdə Azərbaycan türk fəlsəfəsinin, Azərbaycan türk tarixinin, Azərbaycan türk mədəniyyətinin, Azərbaycan türk ədəbiyyatının, Azərbaycan türk siyasətinin başlıca problemləri sırasında qalmaqdadır. Əgər son iki əsrdə Azərbaycan türk xalqı maddi-fiziki və mədəni-mənəvi anlamda bütünlüyünü itirmişdirsə, bu dolayısıyla onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarımçıqlıq, natamamlıq kompleksinin ortaya çıxmasına səbəb olmuşdur. Etiraf edib etməməyimizdən ya da bunun, fəlsəfə ilə nə qədər bağlı olub olmamağımızdan asılı olmayaraq, bu bir həqiqətdir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, ədəbiyyatı yarımçıqlıq, natamamlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin xalqın sözün həqiqi mənasında milli ruhunu əks etdirə biləcək fəlsəfədən, tarixdən, ədəbiyyatdan, mədəniyyətdən söbət gedə bilməz. Yəni natamamlıq kompleksi şərtləri altına yazılan hər hansı millətin tarixi, fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi və s. milli ruhdan başqa nə varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən ya da gözlə görünməyən saysız-hesabsız sədlər çəkilir. Son iki əsrdir ki, Azərbaycan türk xalqı da məhz maddi-fiziki və milli-mənəvi parçalanma nəticəsində natmamalıq kompleksinə doğru sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniyyətini, hüququnu, ədəbiyyatını yazmışlar ya da yazmaqdadırlar. Bir sözlə, 19-cu əsrin əvvəllərində Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni bir mərhələyə qədəm qoyması, onun həm maddi-fiziki, həm də milli-mənəvi parçalanması fonunda baş vermişdir ki, bununla da bu gün altında çıxa bilmədiyimiz onlarla, bəlkə də yüzlərlə problemlərin təməli qoyulmuşdur. Hər halda Səfəvi Türk imperiyasınıın süqutundan sonra onun yerində yeni imperiya quran Əfşar Türk dövlətinin az bir müddət ərzində uğursuzluğa düçar olması Azərbaycan türkləri üçün, bu günə qədər çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problemlərə yol açmışdır. Doğrudur, 18-ci əsrin sonlarına doğru keçmiş Səfəvi Türk və ya Əfşar Türk imperiyalarının qalıqları üzərində Qacar Türk dövlətinin meydana çıxması Azərbaycan türkləri üçün yeni bir ümid işığı olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz problemlərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacar Türk dövləti çar Rusiyasıyla Böyük Britaniyanın hərbi-siyası oyunları nəticəsində keçmiş Səfəvi Türk dövlətinin bütün ərazilərinə, o cümlədən Cənubi Qafqaza, eyni zamanda Azərbaycanın şimal hissəsinə sahib ola bilmədi. Bununla da Azərbaycan xalqının, Azərbaycan torpaqlarının bir hissəsi çar Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və fəlsəfə sahəsində də xeyli fərqliliklərə, problemlərə yol açdı. Hər halda Azərbaycan türk torpaqlarının, Azərbaycan türk xalqının çar Rusiyasının işğalı altında qalan bir hissəsiylə, Qacarlar dövlətinin tərkibində qalan böyük hissəsi arasında baş verən maddi-fiziki və milli-mənəvi ayrılıqlar, antitürk ideyalarında birbaşa təsiri ilə onların mütəfəkkirlərinin dünyagörüşündə yarımçıqlığa, natamamlığa hətta, bəzən qeyri-milli düşüncələrə yol açmış oldu. Bu gün, Azərbaycan türk elm adamlarının boynuna düşən əsas vəzifə bir tərəfdən təxminən 19-cu əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa məcbur olan Azərbaycan türk xalqı və onun mütəfəkkirlərinin dünyagörüşləri ilə, Qacarlar dövlətinin tərkibində, ancaq onun ana sütununu təşkil edən Azərbaycan türklərinin, onun aydınlarının dünyagörüşlərindəki oxşarlıqları və fərqlilikləri çox həssaslıqla tədqiq edib obyektiv qiymətini vermək, digər tərəfdən bütövlükdə fəlsəfi və ictimai fikirmizin əsas inkişaf yollarını, onun mahiyyətini ortaya qoymaqdır. Bu anlamda son iki əsrdə ayrı-ayrılıqda yaşamağa məcbur edilmiş türk nüvəli Şimali Azərbaycan xalqı ilə Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Azərbaycan türk xalqının bu dövr ərzində yaşadıqları ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi mühiti ayrı-ayrılıqda ələ almaqdan daha çox bir bütünün, vəhdətin tərkib hisssi kimi tədqiq etmək lazımdır. Başqa sözlə, çar Rusiyası ilə Qacar türk dövləti arasında bağlanmış 1828-ci il Türkmənçay müqaviləsindən sonra, bəlkə məcburiyyətdən bir çox hallarda vahid Azərbaycan türk xalqının deyil də, "Şimali Azərbaycan xalqı”nın və "Cənibi Azərbaycan xalqı”nın tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən bəhs etmişik ya da etməyə davam edirik. Bizcə, artıq bu ənənəyə birmənalı şəkildə son verilməli, yəni vahid Azərbaycan türk xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən kitablar, dissertasiyalar yazılmalıdır. Əlbəttə, bu o demək deyil ki, biz 19-cu əsrin başlarından etibarən çar Rusiyasının işğalı altında qalan Azərbaycan xalqının bir hissəsinin ya da Qacarlar dövlətinin ana sütununun təşkil etmiş Azərbaycan xalqının böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi, fəlsəfəni, mədəniyyəti, ədəbiyyatı da mütləq şəkildə, heç bir məntiq olmadan vahidləşdirməli, bütövləşdirməliyik. Əsla, belə bir şeyə yol verilməməlidir. Sadəcə, burada əsas məqsəd Azərbaycan türk xalqının parçalanmadan sonra yaşadığı tarixi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti oxşarlıqları və ziddiyyətləri ilə yanaşı, vahid bir çətir altında ümumiləşdirməyi, bütün şəkildə görməyi bacarmaq, yəni natamamlıq kompleksindən qurtulub təxminən 50 milyonluq vahid bir xalqın fəlsəfəsini, tarixini, ədəbiyyatını, mədəniyyətini yazmaq olmalıdır. Bu anlamda Cənubi Azərbaycanda daxil olmaqla böyük bir tarixi ərazidə hökm sürən Qacarlar dövlətinə və həmin dövrün Türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır. Burada öz əksini tapmış ən önəmli məsələlərdən biri də, çar Rusiyasının işğalı altında qalan Azərbaycan türklərinin bundan sonarkı həyatının hansı formada davam etməsi ilə bağlı problemlərin, yəni bütün sahələrdə (sosial, iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin, müsbət ya da mənfi anlamda olsun, mümkün olduğu qədər obyektiv şəkildə qiymətləndirilməsidir. Yəni bizlər bu məsələni, Azərbaycanın şimal hissəsinin çar Rusiyasının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, nə birmənalı şəkildə mütərəqqi hadisə kimi qələmə verməli, nə də bu məsələdə həddən artıq ifrata vararaq, çar Rusiyası dövründə hər hansı bir müsbət məsələ olubsa onu da görməzdən gəlməməliyik. Ancaq bütün hallarda çar Rusiyasının işğalı altında ya da SSRİ-nin tərkibində birgə yaşadığımız dövrdə baş vermiş istənilən "müsbət məsələ”yə də həssaslıqla yanaşılmalıdır. Şübhəsiz, bir tərəfdən Rusiyaya münasibətdə həssaslıq nümayiş etdirmək, digər tərəfdən isə milli maraqlarımızı qorumaq bir çox hallarda böyük şimal qonuşumuzun mənafeləri ilə üst-üstə düşmür ki, bu zaman isə bizim üçün önəmli olan obyektivliyin özündən çıxış etməliyik. Bütün hallarda bizlər tariximizi, ədəbiyyatımızı, fəlsəfə tariximizi millətimizin bu günü və gələcəyi üçün qələmə alırıqsa, o zaman ilk növbədə, milli maraqlarımızın hər şeydən bir addım öndə olması bir an olsun unudulmamalıdır. Bir sözlə, Azərbaycan xalqının fəlsəfəsi qələmə alınarkən Rus-Sovet metodologiyasından və həmin dövrün təfəkküründən uzaq durulmalı, Avropa-Qərb metodologiyasına isə həsaslıqla yanaşmalıdır. Çünki birinci metodologiya qədər Qərb metodologiyası da İslam Şərq mədəniyyəti və Türk mədəniyyəti (fəlsəfəsi) ilə xeyli dərəcədə uzlaşmır. Hesab edirəm ki, yalnız uzun müddət çar Rusiyasının, Sovet Rusiyasının işğalı altında qalmış Azərbaycanın şimal hissəsindəki xalqımızın, onun mütəfəkkirlərinin deyil, eyni zamanda Qacarlar dövlətinin əsas sütunu kimi uzun müddət təsir gücünü qoruyub saxlamış Azərbaycanın güneyindəki xalqımızı, onun mütəfəkkirlərinin dünyagörüşünün də obyektiv və milli maraqlarımız baxımından ciddi tədqiqatlara ehtiyacı vardır. Hər halda Təbriz mərkəzli Azərbaycan vilayəti Qacarlar dövlətinin ictimai-siyası həyatında əsas rol oynadığı kimi, Azərbaycan türk mütəfəkkirləri elm-mədəniyyət və fəlsəfi mühtin formalaşmasında da öncüllər sırasında olmuşdur. Yəni çar Rusiyasının işğalı altında olan Azərbaycanın şimalında yaşayan mütəfəkkirlərimiz kimi, Azərbaycanın cənubunda öz soydaşlarının qurduqları Qacarlar dövlətinin tərkibində yaşayan aydınlarımız da elm-mədəniyyət və fəlsəfi mühitdə ön planda olmuşlar. Eyni zamanda unutmamalıyıq ki, fərqli dövlətlərin, yəni doğma və yad dövlətlərin tərkiblərində yaşamalarına, yaratmalarına baxmayaraq bütün Azərbaycan türk mütəfəkkirləri əsasən, vahid amala, vahid ideyaya xidmət etmişlər. Burada vahid amal, vahid ideya deyə bəhs etdiyimiz, Azərbaycan türklərinin birləşməsi və dövrün şərtləri altında yeniləşməsidir. Biz görürük ki, Azərbaycan türklərinin, onun mütəfəkkirlərinin dünyagörüşündə milli bütövlük məsələsi, yeniləşmə və Azərbaycan milli ideyası ətrafında birləşmə daima əsas fəlsəfi və ictimai məsələlərdən biri olmuşdur.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300