Bağışlamaq və güzəştlilik -ailə institutunun yenilməz təməlləri

 

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək dinimizin nəzərində ən dəyərli quruluş - ailədir. Ona görə də ailədə nuraniyyətin artması, daimi mehribanlığın hökmranlığı, səfa və səmimiyyətin olması olduqca vacibdir. Ailədə bütün bunlara səbəb olan bir sıra amillər var. Bu amillərdən biri də güzəştdir. Bəhsimizdə ailədə güzəşt mövzusuna bir sıra aspektlərdən toxunacayıq.

İki xarakterli münasibət

Ümumiyyətlə, insanlararası münasibətdə, insanlararası davranışlarda iki xarakterli əlaqələr olur. Bunların ən çox yayılmışı və bizlərin də gündəlik yaşadığımız - adi gündəlik, məişət münasibətləridir. Bir də insanlararası ictimai xarakterli münasibətlər var. Dinimiz nə qədər ictimai məsələlərdə prinsipiallığı, güzəştsizliyi tövsiyə edirsə, ictimai zülmlərə nisbətdə nə qədər tələbkar olmağı istəyirsə, ictimai müstəvidə nə qədər birmənalı davranmanı tələb edirsə, o qədər də adi insanlararası münasibətlərdə güzəştli olmağı tövsiyə edir.

Təəssüflər olsun ki, çox vaxt diametral əks vəziyyəti müşahidə edirik. Bəzən ailədaxili, dostlar arası münasibətlərdə insanlar bir səhvi, xətanı, anlaşılmazlığı onillərlə davam etdirə bilirlər. Amma, ictimai mövzularda ki, buna tələb var, daha güzəştli davranmağa üstünlük verirlər.

İnancımızın güzəşt və bağışlamaqla bağlı tövsiyələri insanlararası gündəlik münasibətlərə aiddir. Ailə münasibətləri də bunun əsasında dayanır.

Güzəşt və bağışlama - ən üstün əxlaqdır

Ümumi olaraq deyə bilərik ki, İslamın ailə ilə bağlı tövsiyəsi güzəştcil olmaqdır. Dinimiz ailədə təğafül etməni, özünü görməməzliyə vurmağı tövsiyə edir. İslamın nəzərində güzəşt və bağışlama - əxlaqi keyfiyyətlərin tacıdır. Həzrət Əli (ə) buyurur: "Güzəşt və bağışlama - pəxlaqi keyfiyyətlərin tacıdır”.

Yəni biz bütün əxlaqi keyfiyyətləri götürsək - təvazökarlıq, ixlas, dürüstlük, doğru danışma - bunların hamısının tacı bağışlama və güzəştdir. İnancımızın nəzərində insanın həm bu dünya, həm də axirət üçün ona hər mənada əl tutan, üzünü ağ edən əxlaqi davranış - güzəşt və bağışlamadır.

Həzrət Rəsulallah (s) buyurur: "İstəyirsiniz sizə dünya və Aaxirətdə ən üstün əxlaqdan xəbər verim? Sənə zülm edənə keçəsən. Səninlə əlaqəni kəsən qohumunla əlaqəni bərpa edəsən. Sənə pislik edən şəxsə yaxşılıq edəsən. Səni məhrum edən kəsə hədiyyə edəsən”.

Təbii ki, öncə qeyd etdiyimiz kimi, burada da söhbət ictimai zülmlərdən deyil, adi məişət mövzusunda olan məsələlərdən gedir. Peyğəmbərimiz (s) bizlərə dünya və axirət əxlaqını tanıtdırır. Bir nəfər ailədə, ya qohumluqda bizi incidibsə, gərək keçək, kin saxlamayaq, əlaqəni kəsməyək.

Təsəvvürümüzə gətirək ki, bir ailədir. Bu ailənin içərisində qarşıdurmanın baş verməsi üçün bunu hər iki tərəfin istəməsi lazımdır. Əgər Həzrət Rəsulallahın (s) buyurduğu prinsiplərdən biri həyata keçsə, ailədə vəziyyət xeyli fərqlənər. Əgər ailə üzvlərindən biri məhrum etsə, o birisi isə ona bu rəftarın qarşılığında hədiyyə etsə - vəziyyət kökündən dəyişər. Biri pislik etsə, o biri qarşılığını yaxşılıqla qaytarsa - ailədə nuraniyyət bərpa olunar.

Həzrət Əli (ə) bizlərə bu müstəvidə ən pis şəxsləri tanıtdırır. Həzrət Əmirəlmöminin (ə) buyurur: "İnsanların ən pisi o kəslərdir ki, digərlərini səhvini bağışlamırlar və onların eyiblərini örtmürlər”.

Hansı insan belə xüsusiyyətə malikdirsə, dinimiz onu ən pis insan kimi dəyərləndirir. Gərək ailədə ailə üzvləri bağışlamağı bacarsın. Kim bağışlaya bilmir, kim digərinin eybinin üzərindən keçə bilmir - o, inancımızın nəzərində ən pis kəsdir.

Məsumlar (ə) güzəşt etməməyi ən pis eyib kimi dəyərləndirir

Məsumların (ə) məntiqində güzəştliliyin, bağışlama, əfv ruhiyyəsinin olmaması çox mənfi dəyərləndirilir. Həzrət Əli (ə) buyurur: "Az güzəştli olmaq - ən pis eyib və intiqam almaqda tələsmək - ən böyük günahdır”.

İnsan üçün ən pis eyib - onun az güzəştli olmasıdır. Əgər insan bir kəsi bağışlamağı bacarmırsa, demək ki, düzəldilməli çox böyük eybə malikdir. Fərdi işlərdə, fərdi həyatda bağışlamağı bacarmaq həm də yetkinlik əlaməti, mənəvi həddi-büluğ əmanətidir. Çünki bunun əksi - intiqam almağa can atmaqdır.

İnsan var ki, çox rahat şəkildə şəxsi məsələlərdə güzəşt edir, insan da var ki, dünya dağılsa da, kiçik bir xəta edən kəsi bağışlaya bilmir. İnsanlar var ki, əlli il, altmış il hansısa bir xırda məsələni ürəyində saxlayır, bağışlaya bilmir, özü ilə qəbrə aparır. Həmin adam bir də görürsən ki, ictimai məsələlərdə heç də böyük prinsipiallıq göstərmir və rahat şəkildə zülmə güzəştə gedir.

Dərinə gedəndə biz görəcəyik ki, bu cür mənfi xüsusiyyətlərin əksəriyyəti orta məktəbdə formalaşır. Orta məktəbdə insanların vərdişlərinə səhv mövzular qoyulur. Uşaqlar bir-birilərinə keçmirlər, amma ümumi problemlər qarşısında prinsipiallıq göstərmirlər. Sonra həmin məktəbli uşaqlar böyüdükdə də, ruhən həmin məktəbli halında qalırlar. Zahirləri böyüyür, amma həmin o uşaqlıqda vərdiş etdikləri kin-küdurət, əvəz çıxma ruhiyyəsi ilə yaşayırlar.

Amma İslam dini insanı daxili bütləri, eqoları kənara qoymağa və Allah bəndəsi olmağa çağırır. Allah bəndəsi -bağışlamağı çox rahat bacaran adamdır. Möminin ən bariz xüsusiyyəti - şəxsi mövzularda bağışlamağı bacarmaqdır. Mömin sanki fürsət axtarar ki, ona pislik etmiş, ona qarşı xətası olmuş birini bağışlasın.

Ailə üzvləri bir-birilərinin eyiblərini örtməlidir

Qeyd etdik ki, Həzrət Əli (ə) buyurur: "İnsanların ən pisi o kəsdir ki, başqalarının büdrəmələrinə güzəşt etmir və onların eyiblərini örtmür”. Ailədə gərək tərəflər bu məsələyə xüsusi önəm versinlər. Ailə üzvləri heç öz yaxınlarının yanında belə, öz həyat yoldaşlarının eyiblərini faş etməməlidirlər. Bir də görürsən ki, ailə üzvlərindən biri öz həyat yoldaşından valideynlərinə gileylənir, onun eyiblərini öz valideynlərinə danışır. Nəticə etibarilə, belə etməklə o, öz valideynlərinin yanında həyat yoldaşını hörmətdən salmış olur.

Ailə üzvləri gərək bir-birilərinin eyiblərini gizlətsin, büdrəyərkən ayağa qalxmağa yardımçı olsunlar. Qurani-Kərimin məntiqinə görə, ailə üzvləri bir-biriləri üçün libasdır. Libasın məntiqi, missiyası - örtməkdir. Ailə üzvləri beləcə bir-birilərinin eyiblərini örtməlidirlər.

Birinin üzr istəməsini dərhal qəbul etməliyik

Həzrət Əli (ə) buyurur: "Üzr istəməni qəbul et, yalandan olsa da belə”. Çox diqqət olunmalı məsələdir. Çox vaxt bizim belə bir məsələmiz yoxdur ki, dərhal üzrü qəbul edək. Dinimiz isə tələb edir ki, biri bizdən üzr istəyərkən, onun səmimi qəlbdən və ya elə-belə üzr istəməsini araşdırmayaq.

Dinimiz deyir ki, səndən hansısa bir səhvinə, xətasına görə üzr istəyən şəxsin üzrünü dərhal qəbul etməlisən, onun nə qədər səmimi olub-olmadığını araşdırmamalısan.

Əgər insan üzr istəyənin səmimi olub-olmadığını araşdırmaq istəsə, mütləq sonadək şəkk-şübhə içərisində olacaq. Hətta inancımız deyir ki, insan gərək üzr istəməni gözləmədən bağışlasın. Allah bəndəsi böyüklük etməyi bacarmalıdır. Bağışlamaq - bəzilərinin düşündüyü kimi, insana kiçiklik deyil, yalnız böyüklük gətirər.

Güzəştin gətirdiyi bərəkətlər

Güzəştlilik ailəyə böyük bərəkət gətirər. Güzəştlilik özü ilə 4 bərəkət gətirər. Birincisi, bağışlama və güzəşt insanlara ruhi aramlıq bəxş edər. Bir ailədə ki, tərəflər bir-biriləri ilə bağışlama əhval-ruhiyyəsində olarlar, bir-birinə keçməyi bacarırlar - o ailədə ruhi aramlıq olar. Bunun əksi - intiqam almaq ruhiyyəsidir. Belə yerdə tərəflər əvəz çıxa bilmək üçün fürsət gəzərlər. Bu da nəticə etibarilə ailənin nuraniyyətini aradan aparar.

İkinci mühüm məsələ - kin və küdurətin aradan getməsidir. Əgər bir ailədə bağışlama, keçmə ruhiyyəsi üstünlük təşkil edərsə, o ailədə kin və küdurət qalmaz. Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə güzəşt edin ki, kin-küdurət aradan getsin”. Güzəştlilik, bağışlama intiqam alma, əvəz çıxma ruhiyyəsini aradan aparır, nəticədə kin-küdurətlər də aradan getmiş olur.

Bağışlama və güzəştin üçüncü mühim bərəkəti - izzəti artırmasıdır. Bağışlama və güzəştlilik ailədə izzətin artmasına gətirib çıxarar. O ailələrdə ki, güzəştlilik hökm sürür - o ailədə, o ailənin üzvlərində izzətlilik olar. O ailələr ki, orada bağışlama yoxdur, bir-birini əzməyə, kiçiltməyə, əvəz çıxmağa çalışırlar - o ailədə izzət olmaz.

Həzrət Peyğəmbər (s) buyurur: "Güzəşt bəndənin izzətini artırır. Buna görə güzəşt edin, Allah sizə izzət əta etsin”. İnsanın daxilində belə bir cahili nigarançılıq ola bilər ki, birini bağışlasa, güzəşt etsə - abrından gedər, o, izzətdən düşər. İnancımız bununla bağlı bizə tam zəmanət verir. Əziz Peyğəmbərimiz (s) bəyan edir ki, bağışlamaq, güzəşt etmək nəinki insanı izzətdən salmaz, əksinə - onun daha da izzətli olmasına səbəb olar. Həzrət İmam Sadiq (ə) əziz Peyğəmbərimizdən (s) nəql edir: "Sizin üzərinizdə güzəşt etmək və bağışlamaq olsun. Çünki, güzəştlilik və əfv insanda izzətdən başqa heç nə artırmır. Belə isə güzəşt ediniz ki, Allah sizi izzətli etsin”.

Ailədə bağışlama ruhiyyəsi ailə üzvlərini izzətə çatdırar

Güzəştin dördüncü bərəkəti isə budur ki, ömrü uzadar. Bağışlama və güzəştlilik ömrün uzanmasına təsir qoyan məsələlərdəndir. Əziz Peyğəmbərimiz (s) buyurur: "Kim çox güzəşt edər - ömrü uzanar”.

Bağışla ki, Allah da səni bağışlasın

Ən mühüm məsələ isə sözsüz budur ki, güzəştlilik, əfv həm də Allahın insanı bağışlamasına gətirib çıxarar. Bir insan ki, ən xırda məsələlərdə, məişət mövzularında, ailədə olan kiçik söz-söhbətlərdə güzəştli davranmır, bağışlamağı bacarmır - Allahdan özünün bağışlanmasını necə istəyə bilər? Allahın bağışlamasını qazanmağın yollarından biri də digərlərini bağışlamaqdır. Biz bağışlayaq ki, Allah da bizi bağışlasın.

Əgər bağışlamağın təsiri olmasını istəyiriksə, gərək bu proses danlaqla, minnət qoymaqla olmasın. Həzrət İmam Rza (ə) buyurur: "Ən gözəl bağışlama - danlamaqla olmayanıdır”. Ailə üzvləri bir-birilərinə keçərkən, güzəşt edərkən gərək bu məsələni nəzərə alsınlar.

Digər hədisdə göz yummaq şəxsiyyətli insanın xüsusiyyəti kimi təqdim edilmişdir. İmam Sadiq (ə) buyurur: "Üç şey şəxsiyyətli insanın nişanələrindəndir: gözəl əxlaq, qəzəbi yatızdırmaq, göz yummaq”.

Dinin yarısını qorumaq

Təbərrük üçün Qurani-Kərimin ailə qurmaqla bağlı bəzi ayələrinə və mübarək hədislərə diqqət edək.

"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. ("Nur” surəsi, 32).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim evlənər, həqiqətən də dininin yarısını qorumuş olar”.

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21).

Həzrət Peyğəmbər (s) buyurur: "İslam dinində heç bir bina Allah yanında evlilik binası kimi ən sevimli şəkildə inşa edilməmişdir”.

Allahım, bütün ailələrdə nuraniyyətin bərqərar olmasını nəsib et!

Allahım, bizlərə ailədə güzəştli davranmağı nəsib et!

Allahım, bizlərə bağışlamaq tofiqatını nəsib et və bizləri bağışla! Amin!

 

 
Hacı İlqar İbrahimoğlu
(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300