Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri

 

II Yazı

 

Ümumiyyətlə, 19-20-ci əsrlərdə yaşamış Azərbaycan türk mütəfəkkirlərinin yaradıcılıqlarında fəlsəfənin hansı şəkildə öz əksini tapması daima mübahisə ya da müzakirə obyekti olmuşdur. Belə ki, xeyli qisim tədqiqatçılara görə bu dövrdə Azərbaycanda sırf fəlsəfəyə aid əsərlər çox az olmuş, dolayısıyla da Azərbaycanda fəlsəfədən və filosoflardan çox az bəhs etmək olar. Bu düşüncələrdə ilk baxışda müəyyən həqiqətləri ifadə etməklə yanaşı, onu da bildirməliyik ki, birincisi, Azərbaycan xalqı ancaq bugünkü Azərbaycan Respublikasından ibarət deyil. Bu anlamda Bakıxanov, Axundzadə, Zərdabi, Rəsulzadə qədər Nəbati, Əfqani, Pişəvəri, C.Heyət də Azərbaycan türk mütəfəkkiridir. İkincisi, yeni dövrdə bütün dünyada mütəfəkkirlərin əsas fəlsəfi yaradıcılıqları ontoloji və qnoseolojidən çox sosial fəlsəfə, sosial psixologiya, sosiologiya, politologiya, antropologiya, demokratiya, liberalizm və buna uyğun məsələlər olmuşdur. Bu anlamda Bakıxanov, Zərdabi, Əfqani, Rəsulzadə və başqa Azərbaycan türk mütəfəkkirləri Şopenhaur, Nitsşe, Marks, Engels, Freyd, Ceyms, Toynbi, Haydeger və başqa Qərb mütəfkkirləri qədər filosof adına layiqdirlər. Demək istədiyimiz odur ki, Azərbaycan türk mütəfəkkirlərini düşüncələrində ümumiləşdirmələr aparıb, sonra da bu fəlsəfə deyil, fəlsəfə yalnız ontoloji və qnoseoloji məsələlərlə bağlıdır, deyib mənasız iddialar irəli sürmək kökündən yanlışdır. Çünki fəlsəfə dediyimiz, ən azı hərfi mənada müdriklik, ya da müdrikliyə sevgidirsə, o zaman insan, cəmiyyət, millət, dövlət, siyasi əqidələr, mənəvi dəyərlər, sosial münasibətlər və s. ümumilikdə onun tərkib hissəsidir.

 

Bizim düşüncəmizə görə də, 19-20-ci əsrlərdə yaşamış Azərbaycan türk mütəfəkkirlərinin yaradıcılığında da ontoloji və qnoseoloji məsələlər nə qədər az olsa da, ancaq insan, cəmiyyət, dövlət, millət, dini inanclar, siyasi əqidələr, mənəvi dəyərlər, sosial münasibətlər və bu kimi fəlsəfi problemlər kifayət qədərdir. Bu isə o deməkdir ki, Azərbaycan türk mütəfəkkirlərini Azərbaycanın şimalında yaşayan xalqla məhdudlaşdırmaq qədər, onların ontoloji və qnoseoloji məsələlərlə məşğul olmadığını iddia edib fəlsəfədən uzaq tutmaq da anlamsızdır. Bu baxımdan Qərb-Avropa mütəfəkkirlərini mənalı ya da mənasız düşüncələrinə görə, göylərə qaldırıb ağızdolusu "filosof” adlandırdığımız halda, öz mütəfəkkirlərimizə həddən artıq yuxarıdan aşağı baxmaq prinsipindən də əl çəkməliyik. Əlbəttə, bu o da demək deyil ki, bütün Azərbaycan türk mütəfəkkirləri də yeri gəldi gəlmədi dağın başına qoyulub "filosof”, "müdrik”, "bilgə” adlandırılmalıdır. Sadəcə, onların hər birini də haqq etdiyi yerə görə obyektiv qiymətini verməliyik.

 

Ümumiyyətlə, bu kitabı yazmaqda əsas məqsədimiz ilk növbədə, 19-20-ci əsrlər Azərbaycan fəlsəfəsinin əsas inkişaf yollarını ortaya qoymaq, eyni zamanda fəlsəfi və ictimai fikir tariximizin əsas təmsilçilərinin dünyagörüşlərini təhlil etmək olmuşdur. Bu anlamda kitabda Azərbaycan fəlsəfəsinin əsas inkişaf yolları üç (3) istiqamətdə: 1) Şərq-İslam mədəniyyəti ya da Şərq-İslam fəlsəfəsinin davamı və onun əsasında cəmiyyəti yenidən toparlamaq, 2) Qərb-Avropa mədəniyyəti ya da Qərb-Avropa fəlsəfəsinin üstünlüyünün qəbul olunması və onun əsasında cəmiyyəti yenidən toparlamaq, 3) Şərq-İslam-Türk mədəniyyəti ilə Qərb-Avropa mədəniyyətinin sintezi əsasında cəmiyyəti yenidən toparlamaq, təhlil olunmuşdur. Eyni zamanda hər bir istiqamətin öz daxilində olan fərqliliklər, yəni ümumi oxşarlıqlarla yanaşı, ziddiyyətli məqamlar da göstərilmişdir. Məsələn, Şərq-İslam mədəniyyətini davam etdirməklə cəmiyyəti yenidən toparlamaq yönündə bəzi mütəfəkkirlər (M.M.Nəvvab, Ə.Axundoğlu, Ə.Axundzdə və b.) sırf Qurani-Kərim və Sünnəyə əsaslanmaqla sxolastik-ehkamçı mövqeyin tərəfdarı olduğu halda, digər mütəfəkkirlər (A.A.Bakıxanov, Nəbati və b.) problemə daha açıq gözlü-yenlikçi mövqedən yanaşırdılar. Həmin üç istiqamət əsasında da Azərbaycan türk mütəfəkkirləri arasındakı ən tanınmış simaların (A.A.Bakıxanov, H.Zərdabi, C.Əfqani, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Nərimanov, H.Hüseynov və b.) fəlsəfi və ictimai-siyasi dünyagörüşləri ətraflı şəkildə monoqrafiyada öz əksini tapmışdır.

 

Eyni zamanda bu elmi əsəri yazmaqda əsas məqsədimiz yuxarıda qeyd etdiyimiz istiqamətlər, xüsusilə sonuncu və əsas istiqamət Şərq-İslam mədəniyyəti ilə Qərb-Avropa mədəniyyətinin sintezi kimi meydana çıxan Azərbaycan Cümhuriyyətinin milli fəlsəfi dərkini ortaya qoymaq olmuşdur. Başqa sözlə, Azərbaycan Cümhuriyyətinin varlığının həm qədim və orta əsr Türk dövlətçilik ənənələri üzərində qurulmasının fəlsəfə tarixi anlamda izahları, həm də bu yolda böyük əmək sərf etmiş Azərbaycan türk maarifçilərinin və onların davamçılarının fəlsəfi, ictimai-siyasi dünyagörüşlərinin ifadəsi çox vacibdir. Demək istədiyimiz odur ki, Azərbaycan Cümhuriyyətinin əsas mahiyyətini təşkil edən "Azərbaycan ruhu”nun, "Azərbaycan məsələsi”nin yalnız tarixi deyil, fəlsəfi mahiyyətinə də varılmalıdır. Məhz "Azərbaycan məsələsi”ni doğru idrak edərsək, o zaman istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra ortaya çıxan bir çox tarixi, mədəni, fəlsəfi, siyasi suallara da cavab tapmış olarıq.

Əslində bu monoqrafiyamızda geniş şəkildə izah olunan əsas məsələlərdən biri də "Azərbaycan məsələsi” və onunla bağlı meydana çıxmış müsbət ya da mənfi anlamda, "Azərbaycan tarixi”, "Azərbaycan fəlsəfəsi”, "Azərbaycan dili”, "Azərbaycan mədəniyyəti”, "Azərbaycan ədəbiyyatı” və buna oxşar digər anlayışların mahiyyətinə, mənasına obyektiv şəkildə işıq tutmaqdır. Xüsusilə də bizi burada ən çox maraqlandıran bir məsələ "Azərbaycan fəlsəfəsi” ya da "Azərbaycan fəlsəfə tarixi” anlayışlarıdır ki, 1918-ci ildə yeni bir Türk dövlətinə verilən adın, yəni "Azərbaycan” məfhumunun çox keçmədən bilərəkdən ya da bilməyərəkdən həmin dövlətin qurucusu olan millətin adıyla eyniləşdirilməsinin də elmi-fəlsəfi izahları olmalıdır. Hər halda bu gün millətimizin adından (azərbaycanlı), dilindən (Azərbaycan dili) tutmuş onun fəlsəfəsi (Azərbaycan), tarixi (Azərbaycan tarixi), ədəbiyyatı (Azərbaycan ədəbiyyatı), mədəniyyəti (Azərbaycan mədəniyyəti) və s. artıq Türk milli kimliyindən çox Azərbaycan dövlət kimliyi üzərində oturuşmuşdursa, o zaman bu "Azərbaycan məsələsi”nin hərfi mənadan ya da tarixi aspektdən daha çox, elmi-fəlsəfi şərhinə ethiyac vardır. Əks təqdirdə 1918-ci ilin 28 mayında yeni bir Türk dövlətinə Azərbaycan Cümhuriyyəti adı verilməsindən sonra meydana çıxmış "Azərbaycan milləti”nin ya da "azərbaycanlı” millətinin tarixindən, fəlsəfəsindən, mədəniyyətindən, dilindən, ədəbiyyatından bəhs etmək də məntiqsiz görünə bilər.

Deməli, burada ən incə məsələ yeni bir Türk dövlətinə verilmiş Azərbaycan Cümhuriyyəti adıyla ("Azərbaycan məsələsi” ilə), onun qurucusu olduğu Azərbaycan türk xalqının müstəsna rolunu obyektiv şəkildə dəyərləndirməkdir. Başqa sözlə, yeni bir Türk dövlətinə verilmiş "Azərbaycan” adının həmin dövlətin qurucusu olan Azərbaycan türklərinin milli varlığının, milli kimlik adının üstündən xətt çəkilərək yeni bir "xalq” kimi yozulması bir şey, ancaq "Azərbaycan” anlayışının qədim dövrlərdən günümüzədək keçdiyi yolu izləməklə bərabər bütün Azərbaycan türklərini daima vahid xalq kimi bir arada tutub gələcəkdə də vahid dövlətin çətiri altında yenidən birləşdirilməsini hədəfləmək tamamilə başqa bir şeydir. Ona görə də, bu gün "Azərbaycan fəlsəfəsi”, "Azərbaycan tarixi”, "Azərbaycan dili”, "Azərbaycan ədəbiyyatı” dedikdə, birmənalı şəkildə onu Türk kimliyindən uzaq tutub, mələzləşdirilmiş bir "xalq”a aid etmək kökündən yanlışdır. Çünki birincisi, "Azərbaycan” anlayışı nə çoğrafi, nə də əhali baxımından yalnız Azərbaycan Respublikasından ibarət deyil ki, onun fəlsəfəsini, tarixini, ədəbiyyatını, dilini, milli kimliyini də qismən çar Rusiyası, əsasən də Sovetlər Birliyi dövründə planlı şəkildə müəyyənləşdirilmiş və hələ də həmin siyasəti davam etdirənlərin antitürk, antiazərbaycan siyasəti ilə mələz "xalq” çərçivəsində dəyərləndirək! "Azərbaycan” anlayışı ən azından Dərbənddən Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər uzanan bir coğrafiya olduğu qədər, eyni zamanda bu coğrafiyada yaşayan on milyonlarla Azərbaycan türkünün qədim dövrlərdən günümüzədək ortaya qoyduqları tarixin, fəlsəfənin, ədəbiyyatın, mədəniyyətin bir sözlə, ona məxsus olan hər bir şeyin ifadəsidir. Belə olduğu təqdirdə, bizlər tariximizi, fəlsəfəmizi, ədəbiyyatımızı, mədəniyyətimizi qələmə alarkən rusun, inglisin, amerikanın, fransızın, farsın, ərəbin bizi görmək istədikləri yad metodologiyalarla deyil, özümüzüm özümüzə biçdiyimiz milli bir üsulla hərəkət etməliyik.

 

Çox yazıqlar olsun ki, tarixi-coğrafi Azərbaycanımızın çox az bir hissəsində müstəqilliyimizi bərpa etdikdən (1991) sonra da milli metodologiyaya əsaslanan milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyət yazmaqdan çox mələz, kosmopolit "Azərbaycan” kimliyi çərçivəsində kitablar, dissertasiyalar yazmaqda davam edirik. Ən acınacaqlısı da odur ki, bunu edənlərin xeyli bir qismi də "Azərbaycan məsəsləsi”nin əsil mahiyyətinə varmadan, "Azərbaycan” anlayışını antitürk, antiazərbaycan ideolqlarının planlı şəkildə ortaya atdıqları siyasətlərə uyğun olaraq türklüyə, Azərbaycan türklüyünə zidd olaraq təbliğ edirlər. Bunun da nəticəsində "Azərbaycan tarixi”, "Azərbaycan fəlsəfə tarixi”, "Azərbaycan mədəniyyət tarixi”, "Azərbaycan ədəbiyyatı tarixi” və buna oxşar kitablarda əsasən Azərbaycan Türk xalqının tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı bir çox hallarda naməlum, "mələz” bir xalqın məhsulu kimi ortaya çıxmaqda davam etməkdədir. Biz, buna bariz nümunə kimi, müstəqilliyimizi bərpa etdikdən (1991) sonra nəşr olunmuş 7 cildlik "Azərbaycan tarixi”ni, "Müasir Azərbaycan dilinin tarixi”ni, dörd cildindən hələlik, iki cildi işıq üzü görmüş "Azərbaycan fəlsəfəsi tarixi”ni və digər kitabları göstərə bilərik.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300